Əsas Səhifə > Ölkə, Manşet > Kardiologiya İnstitutunda ürək ağrıdıcı məqamlar

Kardiologiya İnstitutunda ürək ağrıdıcı məqamlar


22-07-2016, 09:59
Kardiologiya İnstitutunda ürək ağrıdıcı məqamlar
Bu gün ölkəmizdə bütün sahələrdə davamlı şəkildə müşahidə olunan dinamik inkişaf ayrı-ayrılıqda götürülmüş hər hansı sahədə neqativ halları qətiyyən istisna etmir. O cümlədən, respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirilməsinə və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına rəğmən, bu gün bəzi səhiyyə ocaqlarının durumu hələ də son dərəcə acınacaqlı vəziyyətdədir. Bu baxımdan dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti barədə müxtəlif mülahizələr müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğu müvafiq qanunlarla nəzərdə tutulub. Amma bu yazılmış qanunlara görə belədir. Hər bir poliklinika və ya xəstəxananın isə bundan başqa özünün yazılmamış qanunları da mövcuddur. Həm də bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur.

Redaksiyamıza yeni daxil olmuş məlumatlarda C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun fəaliyyətində müşahidə olunan ciddi nöqsanlardan bəhs olunur. Bu xüsusda mənbənin bizimdovr.az-a verdiyi açıqlamalarda müəssisənin rəhbərliyi və personalı tərəfindən yol verilən qanun pozuntuları diqqət mərkəzinə gətirilir. Son illər ölkəmizdə ürək-damar sistemi xəstəliklərinin daha çox yayıldığını və bu tip xəstəliklərin cavanlaşdığını nəzərə alsaq, Kardiologiya İnstitutunun fəaliyyətinə maraq və diqqətin getdikcə artmasının səbəbləri də aydın olar. Qeyd edək ki, bu tibb müəssisəsinin direktoru Adil Baxşəliyev, baş həkimi isə tibb elmləri doktoru Əhməd Babayevdir.

Təəssüflər olsun ki, aldığımız məlumatlara görə, bu gün Kardiologiya İnstitutunda yaranmış vəziyyət heç də qənaətbəxş deyildir. İlk növbədə təqdim olunan açıqlamalarda vurğulanır ki, Adil Baxşəliyev rəhbərlik etdiyi müəssisəyə işə qəbul məsələlərində ciddi pozuntulara yol verir. Başqa sözlə desək, ölkənin aparıcı ürək-damar xəstəlikləri mərkəzinə həkimlər bilik və bacarıqlarına görə deyil, daha çox maddi imkanlarına və yaxud da, qohumluq əlaqələrinə görə qəbul edilirlər. Bu səbəbdən də, son vaxtlar Kardiologiya İnstitutunda təcrübəli və savadlı həkimlərin sayı xeyli azalıb. Ola bilsin ki, məhz elə buna görə də bu gün Kardiologiya İnstitutunda xəstə insanların ürəklərinə əməliyyat vasitəsilə stend qoyulması proseduru heç bir zəmanət verilmədən həyata keçirilir. Digər tərəfdən isə, verilən açıqlamalara görə, dövlətin balansında olan bu tibb müəssisəsində ümumiyyətlə heç bir müayinə və müalicə proseduru pulsuz həyata keçirilmir. Mənbələr iddia edirlər ki, Adil Baxşəliyev və Əhməd Babayev xəstəxananı tam olaraq özlərinin şəxsi klinikaları kimi idarə edirlər. Bundan başqa, dövlət tərəfindən ayrılan vəsaitlər də, xəstəxanaya xərclənmir, müxtəlif maxinasiyalar vasitəsilə mənimsəmələrə yol verilir. Bu xüsusda aldığımız məlumatlardan birində deyilir:

C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda demək olar ki, heç bir müasir tibbi avadanlıq yoxdur. Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən və elə də imkanı olmayan vətəndaşlar sözügedən səhiyyə ocağına pənah gətirsələr də, burada qarşılaşdıqları mənzərə heç də ürəkaçan olmur. Çünki pulu olmayan xəstə burada heç bir müayinədən keçə bilmir. Halbuki bu institut dövlət xəstəxanasıdır və orada vətəndaşlara göstərilən xidmət pulsuz olmalıdır. Lakin çox təəssüflər olsun ki, bu hal yalnız sözdə deyilir. Göstərilən tibbi xidmətlər və sadəcə həkimlərin insanlara olan münasibətləri isə, qətiyyən xəstələrin şəfa tapmalarına xidmət etmir. Adil Baxşəliyev bəzi savadlı həkimlərin hesabına müştəri toplasa da, sonradan burada baş verənlərin ucbatından pasientlər onlardan üz döndərməli olublar. Elə bu səbəbdəndir ki, hazırda insanların çoxu nicat axtarışı üçün İrana üz tuturlar...”

Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.

Geri qayıt