Əsas Səhifə > Ölkə, Manşet > Baş həkimdən şikayət etdilər, o da bu üsula əl atdı...
Baş həkimdən şikayət etdilər, o da bu üsula əl atdı...1-09-2016, 09:52 |
Gəncədən yeni aldığımız ən son məlumatlara görə, 3 saylı şəhər poliklinikasının baş həkimi Rasim Hüseynov xəstələrdən “küsüb”. Ən azından son bir-iki ay ərzində poliklinikadan arayış almaq istəyən vətəndaşlar bu qənaətə gəliblər. Aldığımız açıqlamalarda bildirilir ki, poliklinikaya arayış almaq üçün müraciət edən vətəndaşlara personal tərəfindən baş həkimin məzuniyyətdə olduğu, möhürü isə, özündə saxladığı deyilir. Bu səbəbdən də, artıq iki aya yaxın bir müddətdir ki, Gəncə 3 saylı şəhər poliklinikasından heç kim arayış ala bilmir. Bəzi mənbələr isə, Rasim Hüseynovun bu yolla, məbuata ondan şikayət edən pasientləri “cəzalandırdığını” iddia edirlər. Qeyd edək ki, qəzetimizin ötən saylarında biz də Rasim Hüseynovun rəhbərlik etdiyi poliklinikada yer almış çeşidli qanun pozuntularından bəhs edən bir neçə tənqidi yazı ilə çıxış etmişdik. Həmin materiallarda biz göstərmişdik ki, bu gün Gəncə şəhərində yarıtmaz fəaliyyəti ilə xəstələrin narazılıqlarına, yerli ictimaiyyətin isə ciddi narahatlığına səbəb olan tibb müəssisələrinin sırasında ilk yerlərdən birini 3 saylı poliklinika tutur. Belə ki, məhz bu tibb müəssisəsində mütəmadi olaraq müşahidə olunan çeşidli korrupsiya halları, müxtəlif qanun pozuntuları barədə açıqlamalara aldığımız məlumatlarda daha çox rast gəlirik. Açıqlamalarda vurğulanır ki, xəstələr 3 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Bundan başqa isə, məlumatlarda iddia olunur ki, bu tibb müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi artıq çoxdan əsil kommersiya fəaliyyətinə çevrilib. Elə son aldığımız açıqlamada da məhz bu kimi məlumatları təqdim edən şikayətçilərin “acığına” Rasim Hüseynovun müvəqqəti olaraq, ümumiyyətlə arayışların verilməsinə qadağa qoyduğu bildirilir. Qeyd edək ki, dərc etdiyimiz yazılarda biz 3 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından da bəhs etmişdik. Göstərmişdik ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər. Belə ki, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 70-80 manat pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar. Amma nədənsə, baş həkimin bu fəaliyyətini də heç olmasa müvəqqəti “dondurmasına” dair hələlik heç bir məlumat almamışıq. Görünür Rasim Hüseynovun məhz bu maxinasiyalardan əldə etdiyi gəlirlər onun şəxsi büdcəsinin formalaşmasında daha önəmli yer tutur. Maraqlıdır ki, 3 saylı Gəncə şəhər poliklinikasının dövlətin balansında olmasına rəğmən, burada çalışan tibbi personal müəssisənin dərman preparatları və digər tibbi ləvazimatlarla təmin olunmadığını və bütün bunları öz vəsaitləri hesabına aldıqlarını iddia edirlər. Daxil olan məlumatlarda vurğulanan məqamlardan biri də budur ki, Rasim Hüseynov rəhbərlik etdiyi poliklinikada çalışan bütün həkimlərdən aylıq haqq yığır. Amma bu zaman o, digər baş həkimlər kimi xəstələrin “cibini güdmür”. Sadəcə olaraq poliklinikanın həkimləri hər ay aldıqları maaşdan və ya qazandıqlarından Rasim Hüseynova müəyyən edilmiş məbləğdə “haqq” ödəyirlər. Təəssüflər olsun ki, bütün bu qanun pozuntuları və özbaşınalıqların müqabilində Rasim Hüseynovun fəaliyyəti indiyədək nə Gəncə şəhəri Səhiyyə İdarəsinin, nə də Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən tam ciddiliyi ilə hələ də təftiş olunmayıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |