Əsas Səhifə > Ölkə, Manşet > "Qırmızı Körpü"də başına oyun açılan sahibkar məhkəmələrdə qalıb

"Qırmızı Körpü"də başına oyun açılan sahibkar məhkəmələrdə qalıb


20-09-2016, 10:24
"Qırmızı Körpü"də başına oyun açılan sahibkar məhkəmələrdə qalıb
«Başqa ölkədən gətirdiyim 150 ədəd mobil telefona görə elə bir rüsum istənildi ki… Ödəməyə imkanım olmadığından gətirdiyim malların geri – aldığım ölkəyə qaytarılmasını istədim».

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Emin Hüseynovla gömrük əməkdaşları arasında məhkəmə çəkişməsi gedir.

Uzun illərdir ki, başqa ölkələrdən Azərbaycana texniki avadanlıq gətirib satan Emin Hüseynov Azərbaycan gömrüyündəki özbaşınalıqlardan, süründürməçiliklərdən danışır.

Sahibkar ölkəyə indiyədək, əsasən, kompüter gətirirmiş. Bu dəfə sifarişlə mobil telefon gətirməli olub. Ancaq «Qırmızı körpü» gömrük sərhəd buraxılış məntəqəsində sahibkardan gətirdiyi mallara görə elə bir məbləğdə rüsum istənilib ki, donub qaldığını deyir:

«Mən həmişə kompüter gətirmişəm. İlk dəfəydi ki, telefon gətirirdim. Rüsumlardan düzü, xəbərsiz idim. Baxdım ki, ödəmək imkanım yoxdur, dedim, «götürmürəm, malları öz ölkəsinə qaytarın». Gömrükçülər məni çox süründürdülər. Gah dedilər, «apar yığ anbara», gah dedilər, «müsadirə edəcəyik». Mən onlara bütün malların rəsmi sənədlərini təqdim etdim. Bir az da qanunları xatırlatdım. Bəlkə də ona görə idi ki, istədiklərinə çatmadılar, mallarımı əlimdən ala bilmədilər. Danışıqları, davranışları o qədər kobud idi ki…»

Sahibkar gömrükdə ilişib qalan malları geri – gətirdiyi ölkəyə qaytarmaqdan ötrü gömrükçülərə xeyli ağız açandan sonra məhkəməyə müraciət etməli olub. Məhkəmə sahibkarın iddiasını təmin edib və gətirdiyi mobil telefonların aldığı ölkəyə qaytarılması barədə qərar çıxarıb.

Ancaq gömrükçülər məhkəmə qərarından apelyasiya şikayəti veriblər:

«Məqsədləri sadəcə, vətəndaşı süründürməkdir. Rəislə bir az qanunla danışmışam deyə, daş atıb başını tutub ki, «səni süründürəcəm». Mən də iş adamıyam. Tez-tez xarici ölkələrə gedib-gəlirəm, süründürməçiliklərə vaxtım yoxdur. Gəncə Apelyasiya Məhkəməsinə əvvəlki məhkəmənin qərarından şikayət veriblər. Guya mən özümü gömrük işçilərinə təqdim etməmişəm. Məhkəmə də şikayətlərini təmin edib».

Amma gömrükçülər məhkəmədə sahibkarın iddiaları ilə razılaşmayıblar. Əksinə, onun özünü günahkar çıxarıblar. Apelyasiya şikayətlərində sahibkarın onlarla kobud davrandığını vurğulayıblar.

Geri qayıt