Əsas Səhifə > Ölkə, Manşet > Millətin mövsümi QƏNİMİ: “Azəristiliktəchizat”

Millətin mövsümi QƏNİMİ: “Azəristiliktəchizat”


13-10-2016, 09:38
Millətin mövsümi QƏNİMİ: “Azəristiliktəchizat”
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənovun həyata keçirdiyi növbəti maxinasiyalardan bəhs olunur. Mənbə bildirir ki, bu maxinasiyalar istilik təchizatı borularının qanunsuz yerdəyişdirilmələri ilə bağlıdır. Bu xüsusda aldığımız açıqlamada deyilir: “Tutaq ki, siz hansısa ərazini alıb, orada müəyyən bir obyekt tikmək istəyirsiniz. Amma tərslikdən də, həmin ərazidən binaları istiliklə təmin edən (daha doğrusu, təmin etməli olan) boru xətləri keçir. Aydındır ki, bu boruların yaxın ətrafında hər hansı tikinti işi aparmaq qanunla qadağandır. Amma bu qanuna əməl olunmasına nəzarət etmək Yaşar Həsənova həvalə olunubsa, bu zaman işləri “yoluna qoymaq” mümkündür. Belə ki, Yaşar müəllimdən yaxşı-yaxşı xahiş etsəniz, həmin boruların yerini müəyyən qədər dəyişmək olar. Elə bir müddət əvvəl Xətai rayonunda da belə bir yerdəyişmə əməliyyatı həyata keçirilib. İstilik boruları xeyli kənara çəkilib və nəticədə bir kafenin inşası üçün “boş” ərazi əldə olunub. Amma düşünməyin ki, belə əməliyyatlar sadəcə xahiş müqabilində həyata keçirilə bilər. Əsla. Əgər sizin bu xahişiniz külli-miqdarda pul vəsaiti ilə dəstəklənməsə, Yaşar müəllim nəinki boruların yerini dəyişməz, heç üzünüzə öz kabinetinin qapısını da açmaz. Elə Xətai rayonundakı kafenin sahibi də bu məqsədlə Yaşar Həsənova nə az-nə çox, düz iyirmi min manat pul ödəməli olub. Hərçənd deyilənə görə, bu məbləğin düz yarısına da Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi şərik olub...”

Qeyd edək ki, Yaşar Həsənovun fəaliyyətində müşahidə olunan ən müxtəlif nöqsanlar barədə məlumatlara ölkə mətbuatının səhifələrində kifayət qədər rast gəlmək mümkündür. Belə açıqlamalardan birinə nəzər salaq: “Yaşadığım binada keçən ilki kimi, mövsüm açılışı “şərəfinə” iki gün istilik verildi. Əslində istilik də demək olmaz, isitmə sistemləri bir az ilıq oldu, vəssalam. Bir də inşallah həmişəki kimi mövsümün axırında, havalar istiləşəndə bağlanışını edib, borulara iki gün ilıq su ötürərlər. Mövsüm başlamadan bir qrup sakin tərəfindən “Azəristiliktəchizat” ASC-nin idarə heyətinin sədri Yaşar Həsənova müraciət də olunmuşdu. Sakinlər onlara istilik verilişində problemin olduğu barədə məlumat vermiş, köhnə xətlərin təmiri ilə bağlı sədrdən xahiş etmişdilər. Bir də acizanə yalvarırdılar ki, qazanxanalarda suyu mənzillərə göndərmədən əvvəl bir az da qızdırsınlar. Lakin sonradan onlara ASC-dən xəbər yolladılar ki, “cəmiyyətin heç kimin atasına borcu yoxdur, hər kəs öz problemini özü həll eləsin, xətləri də bazardan alıb təzələsinlər”. Bizə də sədrin adından belə bir ismarıc gəldi. İstilik sistemini təzələməyin sakinlərin öhdəliyi olduğunu ilk dəfədir eşidirdim...” Həqiqətən də, qazanxanaların təmir və tikintisinə, istilik xətlərinin yenilənməsinə hər il milyon manatlarla dövlət vəsaitləri ayrılmasına rəğmən, ASC sədrinin “heç kimə borcu olmaması” barədə verdiyi bəyanatlar hiddət doğurur. Necə olur ki, Yaşar Həsənov rəhbərliyi ona həvalə olunmuş müəssisənin qazanxanası ərazisində, elə həmin müəssisədən talan etdiyi pullar hesabına özünə “Troya” adlı restoran tikir, amma özünü nə bu dövlətə, nə də bu xalqa borclu bilmir?

Qeyd edək ki, bir çox mənbələrin iddiasına görə, insanlarla belə kobud rəftar etmək vərdişi Yaşar Həsənovda çoxdan formalaşıb. Bu xüsusda məlumatlardan birində deyilir: “ASC-nin iclaslarında hər rayondan qazanxana rəhbərləri, mühəndislər, ustalar iştirak edirlər. Sədr isə, işçilərinə hər kəsin yanında “xiyar”, “eşşək” kimi ifadələrlə müraciət edir. Təhqir olunan əməkdaşlar isə işdən çıxarılmağın qorxusundan etiraz edə bilmirlər...”

Ola bilsin ki, Yaşar müəllim öz restoranına daxil olarkən özünü qədim Troyanın şahzadəsi Hektora da bənzədir. Amma bu zaman o, gərək ki, öz qəhrəmanına əfsanəvi Axillesin yaşatdığı aqibətdən də xəbərdar olmalıdır.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Geri qayıt