Əsas Səhifə > Ölkə, Manşet > Mərdəkan Dendrarisindən ekzotik heyvanlar “yoxa çıxır”

Mərdəkan Dendrarisindən ekzotik heyvanlar “yoxa çıxır”


15-10-2016, 12:03
Mərdəkan Dendrarisindən ekzotik heyvanlar “yoxa çıxır”
Redaksiyamıza Mərdəkan Dendrarisinin fəaliyyətində müşahidə olunan neqativ hallar barədə məlumatlar daxil olmaqda davam edir. Aldığımız məlumatlarda müəssisədə son vaxtlar yaranmış arzuolunmaz vəziyyətlə bağlı açıqlamalar təqdim olunur. Müxtəlif mənbələrin iddiasına görə, bir vaxtlar dünyanın ən müxtəlif guşələrindən gətirilmiş bitki nümunələrinin yetişdirilməsi və seleksiyası sahəsində böyük uğurlara imza atmış, eləcə də gözəlliyi və füsunkarlığı ilə bura gələn ziyarətçilərin könlünü öxşayan bu müəssisə hazırda özünün tənəzzül dövrünü yaşamaqdadır. Buna səbəb isə, dendrarinin rəhbəri Tofiq Məmmədovun bu müəssisəni tam olaraq özünün kommersiya maraqları baxımından idarə etməsi olub. Açıqlamalarda vurğulanır ki, son bir neçə ildə Tofiq Məmmədov maksimum qazanc əldə etmək məqsədilə bir sıra aşkar maxinasiyalara əl atıb. İddialara görə, bu gün Mərdəkan Dendrarisinin ştat cədvəli çoxsaylı “ölü canlar”la genişləndirilib. Mənbə bildirir ki, əslində bu müəssisədə real çalışan işçilərin sayı ştat cədvəlində göstərilən saydan 40-50% aşağıdır. Mövcud olmayan işçilərin əmək haqları isə, müəssisənin rəhbərliyi, yəni Tofiq Məmmədov tərəfindən mənimsənilir. Təəssüflər olsun ki, bu gün Mərdəkan Dendrarisində baş verənləri nə bu müəssisənin illərdən bəri formalaşmış nüfuzuna, nə də Milli Elmlər Akademiyasının struktur bölməsi olaraq bir elmi tədqiqat mərkəzinə yaraşdırmaq olmur. Artıq qeyd olunduğu kimi, dendrarinin fəaliyyətində belə bir məqam da xüsusilə diqqəti çəkir ki, buraya giriş pulludur. Əlbəttə, əgər yığılan pullar müəssisənin inkişafına, məsələn elə yeni bitki növlərinin alınmasına və yetişdirilməsinə yönəldilsə idi, bu halı başa düşmək, hətta alqışlamaq da olardı. Lakin bu da var ki, hər giriş üçün alınan 2 manatın müqabilində ziyarətçilərə nə bilet təqdim olunur, nə də qəbz yazılır. Başqa sözlə desək, burada yığılan pulların heç bir hesabatı aparılmır. Başqa sözlə bu pulların da böyük bir hissəsinin mənimsənilməsi ehtimalı olduqca yüksəkdir.

Bundan başqa, dendrarinin ərazisində fəaliyyət göstərən iki kafe ilə bağlı bir çox suallar da indiyədək öz cavabını tapmayıb. Yəqin ki, bu iaşə obyektlərində kef məclisləri düzənləyənlər özlərini müəyyən müddətə planetin ən ekzotik guşələrində hiss etməkdən böyük zövq alırlar. Digər tərəfdən isə, dendrariyə mənəvi qida arxasınca gələn başqa vətəndaşların, əsil təbiət vurğunlarının bu mənzərədən razı qaldıqlarını düşünmək ən azından sadəlövhlük olardı. Həmçinin bu iaşə obyektlərindən əldə olunan gəlirlərin də dendraninin ehtiyaclarının ödənilməsinə yönəldilmədiyi birmənalıdır. Belə olduğu halda, bu kafelərin məhz bu ərazidə fəaliyyətini nə ilə izah etmək lazımdır?

Digər tərəfdən də, hələ bir müddət əvvəl aldığımız məlumatlarda bildirilirdi ki, Tofiq Məmmədov bu müəssisənin ərazisində Ağdam rayonundan gəlmiş bir məcburi köçkün ailəsinə məskunlaşmaq üçün yer də ayırmışdır. Soltan Qəmbərov və onun həyat yoldaşı Şəlalə Rəhimova isə, Tofiq müəllimin bu “səxavətindən” maksimum yararlanaraq özləri üçün bu cənnətməkan guşədə xudmani bir kottec inşa ediblər. Yeri gəlmişkən bu yaxınlarda aldığımız başqa bir açıqlamada qeyd olunmuşdu ki, son vaxtlar Mərdəkan Dendrarisində saxlanılan bəzi ekzotik heyvan növləri də müəmmalı şəkildə yoxa çıxırlar. Bu barədə açıqlama verən mənbə iddia edir ki, həmin heyvanları Abşeronun dəbdəbəli villalarının həyətlərində tapmaq olar. Başqa sözlə desək, mənbə bu ekzotik heyvanların qanunsuz olaraq, həm də baha qiymətə kənara satıldığını iddia edir. Belə olan halda, ehtimal etmək olar ki, bu əməllərin bilavasitə törədilməsində də məhz elə dendrarinin ərazisində daimi yaşayan şəxslərin əli var...

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.

Geri qayıt