Əsas Səhifə > Ölkə, Manşet > "“Kamaz” sürücüsünün direktor təyin olunması..."

"“Kamaz” sürücüsünün direktor təyin olunması..."


4-11-2016, 09:42
"“Kamaz” sürücüsünün direktor təyin olunması..."
Saatlı rayonundakı yeganə peşə liseyinin son illər direktor sarıdan bəxti heç gətirmir. Axırıncı dəfə bu təhsil ocağına ixtisasca “Kamaz” sürücüsünün direktor təyin olunması təhsilin və peşə öyrədilməsinin səviyyəsini heçə endirdi. Direktor təyin olunarkən özünün dediyi kimi, verdiyi pulu çıxarmaq üçün liseyin bütün avadanlıqlarını satan, dəzgahları metalloma verən direktor məktəb binasını da sökməyə hazırlaşarkən, onu işdən azad etdilər. Gördülər ki, həm ağını çıxarıb, həm də “sirri” dağıdır.

Son iki ildir ki, liseyin taleyi yaşı 70-i keçmiş, Teyyub Babayevə həvalə olunub. Teyyub müəllim direktor əvəzi olandan sonra sanki bu adamda ikinci iştah açıldı. Düz deyirlərmiş ki, iştah diş altındadır. T.Babayev liseyin təcrübə sahəsi olan 50 hektar əkinə yaкarlı torpağı 4 min manata icarəyə verib. İcarə haqqı qoca direktor əvəzinin şəxsi vəsaitinə çevrilib. İki ildir ki, aldığı icarə haqqından- 4 min manatdan liseyə 1 manat da olsun xərcləməyib.

Liseyin maliyyə fırıldaqlarına rəhbərlik edən, gah diplom satan, gah da qeyri-ixtisas sahiblərini liseyə işə qəbul edən T.Babayevin bütün bunlardan gözü doymur. Son günlər o, liseyin həyətində olan uzunömürlü dekorativ ağaclara da qənim kəsilib. Teyyub müəllim son bir həftədə 15-ə yaxın ağac kəsdirib. Deyir ki, guya o, bu yolla sinif otaqlarını qızdırır. Əslində isə, kəsdirdiyi ağacları evinə aparır, bir hissəsini isə satdırır. Halbu ki, sinif otaqlarının qızıdırılması üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Həmin vəsait isə mənimsənilir.

Teyyub Babayev sinif otaqlarının qızdırılması üçün rayondan 20-25 kilometr kənarda yerləşən meşə zolağından qurumuş ağacları kəsdirib gətizdirə bilər. Ancaq deyir ki, bunu gətirmək üçün yanacaq lazımdır. Yanacaq isə yoxdur. Ondan soruşan yoxdur ki, hər ay məktəbdə sürücülük kursuna, nəqliyyatın idarə edilməsinin öyrədilməsinə xeyli yanacaq ayrılır! Bəs bu yanacaq nəyə sərf olunur? Teyyub müəllim özünü müdafiə etmək və qeyri-qanuni əməllərinə haqq qazandırmaq üçün deyir ki, bu yanacağı satdirıb pulunu rayon rəhbərliyinə verirəm. Onun deməsin görə, guya bu pullar rayonun abadlığına sərf olunur.

Saatlı peşə liseyinə yolu düşən hər bir kəs bu təhsil ocağının nə vəziyyətə düşdüyünün şahidi olar. Bura peşə liseyindən çox kimlərinsə yem bazasına bənzəyir. Bəs Tahsil Nazirliyi hara baxır? Bu rüsvayçılığı görmürmü? Yəni doğrudanmı Təhsil Nazirliyinin bu təhsil ocağından xəbəri yoxdur? Görəsən biz kimi aldadırıq və nə vaxta qədər? Axı 72 yaşlı bir şəxsin pedaqoji sahədə işləməsi nə dərəcədə doğrudur? Axı, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Dövlət qulluğu haqqında” Qanun var. Cənab Təhsil naziri və Saatlı Rayon İcra Hakimiyyətinin başçıs! Unutmayın ki, bu Qanun Azərbaycanın daxilində tətbiq olunur!

Görəsən Saatlı peşə liseyində “yaşıl soyqırımı” nə vaxta qədər davam edəcək? Bunun qarşısının alınması üçün hansı ölkənin Təhsil Nazirliyinə mürciət olunmalıdır? Saatlı Rayon Icra Hakimiyyətinin başçısının və Təhsil Nazirliyinin 72 yaşlı bir şəxsin peşə liseyində direktor əvəzi olmasından xəbərləri varmı? Əgər xəbərləri varsa, onlara xatırlatmaq istərdik ki, pul əl çirkidir. Adam hər şeyi pula satmamalıdır. Azərbaycanda yaşı 65-ə çatmış hər bir şəxsin işini davam etdirməsi barədə Qanun qəbul olunub.

Akif Mehdiyev,
Saatlı rayonu

Geri qayıt