Əsas Səhifə > Ölkə, Manşet > Nazirin bank əməliyyatları nəyə hesablanıb?

Nazirin bank əməliyyatları nəyə hesablanıb?


26-01-2017, 09:24
Nazirin bank əməliyyatları nəyə hesablanıb?
Son vaxtlar respublikamızda yaşanan acınacaqlı durumun varlığından biri də, Vergilər Nazirliyi tərəfindən kiçik və yaxud da böyük istehsal müəssislərinə yaradılmış süni əngəllərin varlığıdır. Məsələn, adicə bir faktı qeyd edək. “Gündəm Xəbər” qəzetinin redaksiyası olaraq hər ay satışdan əldə olunan gəlirə görə dövlətə 4%-lik vergi ödəyib, aidiyyəti üzrə rüblük hesabatlar da təqdim edirik. Yəni, istehsalçı tərəf olaraq qanunvericiliyin tələblərinə əməl edib fəaliyyətimizi davam etdiririk və lazımi vergi faizini də ödəyirik. Faciə odur ki, əgər əvvəllər qəzetimizin satışı ilə məşğul olan müəssisələrlə, kassa mədaxil ordeninin qəbzi və yaxud da vəkalətnamələr, yəni ciddi sənədlər vasitəsilə nəğd hesablaşmalar aparırdıqsa, bu gün fərqli tələb-şərt mövcuddur. Yəni, hal-hazırda həmin müəssisələr “Gündəm Xəbər”in satışından əldə olunan pulları bank hesabına köçürməyə vadar edilirlər və belə bir əməliyyatı həyata keçirərkən, banka xidmət haqqı olaraq 0,06% pul da ödəyirlər. Elə ki, hesaba köçürülmüş pulları hesabdan götürmək lazım gəlir, o halda da istehsalçı tərəf olaraq yenidən 0,06 %-lik bank xidməti ödəməyə məcbur oluruq. Deməli, istehsalçı tərəf olaraq “Gündəm Xəbər” qəzetinin satışı və satışından əldə olunan gəliri əldə etmək üçün, bir neçə dəfə xərcə düşməli oluruq. Hətta elə hallar da olur ki, satışdan əldə olunan gəlirlərin banka köçürülməsi, yaxud da pul vəsaitlərinin bankdan çıxarılması olduqca problemə çevrilir. Belə bir halın varlığı, bir MMC olaraq ümumi iş prosesimizin ləngiməsinə, bəzən iflic olmasına da gətirib çıxarır. Bu cür addımların atılması Vergilər Nazirliyi rəhbərliyinin yazıb-pozduğu maxinasiyalardan biridir ki, bu da çoxsaylı sahibkarların, o cümlədən “Gündəm Xəbər” qəzeti redaksiyasının da fəaliyyətini əngəlləməyə hesablanmış addımlardır. Əlavə olaraq onu da vurğulayaq ki, hal-hazırda qiymət artımının daha çox müşahidə olunduğu siqaret biznesinə də, Vergilər Nazirliyi “əl qoyub”. Yəni, bu məhsulun alqı-satqısı ilə ilə məşğul olan iş adamlarına da, hesablaşmaların banklar vasitəsilə həyata keçirilməsi qaydası tətbiq olunub. Belə bir səbəb üzündəndir ki, hal-hazırda qiymət bazarında dəyəri 2 manata qədər olan siqaretlər 10 qəpik, dəyəri 2 manatdan yuxarı olan siqaretlərin qiyməti isə 20 qəpik bahalaşıb. Bu da hər şeydən öncə, sadə, olduqca imkansız olan hər kəsə ciddi təsirini göstərməkdədir. Belə olan halda hər kəs o qənaətə gələ bilər ki, Vergilər Nazirliyinin sahibkarlara qarşı bu cür tələb-şərt qoyması, boşaldılmış büdcənin doldurulmasına hesablanmış addımıdır. Amma onu da unutmaq olmaz ki, bu gün Azərbaycanda fəaliyyət göstərən hər bir bank, hansısa iri ranqlı oliqarx məmurun, yaxud da yüksək çinli vəzifə sahibinindir.
Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt