Əsas Səhifə > Ölkə, Manşet > Azərbaycan şəhərlərində gizli təxribat…
Azərbaycan şəhərlərində gizli təxribat…10-05-2017, 10:57 |
İranın tanınmış azərbaycanlı ziyalıları Həsən Dəmirçi, Əkbər Azad, Abbas Lisani və Həsən Raşidi Sulduz Urmiyada keçiriləcək seçkilərlə bağlı Azərbaycan-türk milləti və milli-mədəni fəallara müraciət ünvanlayıblar. Axar.az xəbər verir ki, müraciətdə soydaşlarımız seçkilərdə eyni mövqedən çıxış etməyə və birliyə çağırılır. Urmiya və Sulduz şəhərlərinin əhalisinə və milli-mədəni fəallara xitabən yazılan müraciətdə Qərbi Azərbaycan şəhərlərində keçiriləcək şura seçkilərinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. “Qarşıdakı günlərdə ölkədə prezident və şura seçkiləri keçiriləcək. Azərbaycan və azərbaycanlılar üçün ən önəmlisi Qərbi Azərbaycanda Sulduz və Urmu şəhərlərinin şura seçkiləridir. Bu şəhərlərdə özəl bir durum mövcuddur. Bəzi gizli qüvvələr bizim əzəli Qərbi Azərbaycan, xüsusi ilə də strateji əhəmiyyətə malik olan adını çəkdiyimiz şəhərlərə göz tikib və buralar üçün gizli planlar hazırlayıblar. Onlar seçkilərlə bağlı milli-mədəni fəallarımızın birgə fəaliyyət göstərməsini istəmir və bu vəziyyətdən istifadə edərək öz çirkin məqsədlərinə çatmaq istəyirlər. Dünənədək çalışmaq adı ilə bölgəmizə gələn bəzi kürd qruplar bu gün torpaq iddiasına düşüblər. Onlar qaynağı bəlli olmayan pulların gücü ilə digər şəhərlərin səslərini bizim şəhərlərə gətirmək və digər vasitələrlə Urmu və Sulduz şəhərlərində öz namizədlərini qalib etdirmək istəyirlər. Onlar bununla bu şəhərlərin etnik tərkibini istədikləri kimi göstərməyə çalışırlar. Ona görə də bu gün hər bir urmiyəli və sulduzlu soydaşımıza, özəlliklə milli-mədəni fəallara bu gizli cərəyanları məğlub etmək üçün tarixi bir birlik görəvi düşür, biz bunu etməliyik”, - deyə müraciətin bir hissəsində qeyd olunub. Tanınmış azərbaycanlı fəallar bu həssas dönəmdə hər kəsi birliyə çağıraraq müəyyən məsələləri xatırladıblar. “Sulduz və Urmiya şəhərinin dəyərli milli-mədəni fəallarına müraciət edərək onların hamısını birliyə çağırırıq. Bu gün bütün fərqli fikirləri və istənilən ixtilafı bir kənara qoyub, birləşmək vaxtıdır. Unutmamalıyıq ki, biz vicdanımız və Azərbaycanın gələcək nəslinin qarşısında məsuliyyət daşıyırıq. Ona görə də dəyərli milli-mədəni fəallarımızı ən qısa zamanda məsləhətə uyğun olaraq bacarıqlı namizədlərdən ibarət vahid siyahı hazırlamağa, onu Urmu və Sulduz şəhərlərinin əhalisinə tanıtdırmağa çağırırıq. Sayğıdəyər namizədlərimizdən də xahiş edirik ki, ümumi məsləhət naminə bu işdə milli-mədəni fəallarımıza yardım etsinlər. Həmçinin dərin hörmətlə bəyan etməliyik ki, sözügedən vahid siyahı hər hansı səbəbə görə hazırılanmasa, o zaman biz strateji əhəmiyyətə malik olan şəhərlərimizi qorumaq üçün müəyyən namizədlərdən ibarət olan birgə hazırlayacağımız bir siyahını dəstəkləyəcəyik”, - deyə müraciətdə vurğulanıb. Geri qayıt |