Əsas Səhifə > Ölkə, Manşet > Məcburi köçkünlər “Qaçqınkom”dan kömək gözləyir:
Məcburi köçkünlər “Qaçqınkom”dan kömək gözləyir:9-06-2017, 11:49 |
2012-ci ildə Müşfiqabad qəsəbəsində məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. 1500-ə yaxın ailənin məskunlaşdığı qəsəbədə bu gün yaşıllıqlar məhv olur, çünki bu yaşıllıqların suvarılması üçün su yoxdur. Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəs İctimai Birliyinin sədri İlqar Əlinin sözlərinə görə, bu ilin yanvar ayından evlə təmin olunan məcburi köçkünlərə kommunal xidmətlərlə bağlı edilən imtiyazlar dəyişdirildikdən, nağd ödəniş edildikdən sonra qəsəbədə bir çox çətinliklər yaşanır: “Kommunal xidmətlərlə bağlı qurumlar bizimlə eyni kateqoriyada olan vətəndaşları bir qədər sıxmağa başlayıblar. Necə olurdu ki, indiyədək məcburi köçkünlərin adından istifadə olunurdu, kommunal qurumlar israfçılığa göz yumurdular, amma indi güzəştlər ləğv olunub, limit tətbiq olunur deyə, israfçılıq yada düşür”. İlqar Əli deyir ki, köçkünlər qəsəbədə vaxtilə əkilən ağacların qayğısına qalırdılar, vaxtlı-vaxtında suvarılma aparılıb: “Çünki “Azərsu” həyətdə su krantları qoymuşdu. Amma hazırda “Azərsu” həmin su krantlarını bağlayıb, su gəlmir. Palıd, Xan çinarı, küknar ağacları qəsəbənin yaşllıqlarını tam əhatə edirdi. İndi bu ağaclar qurumaq təhlükəsindədir, yağış ümidinə qalıblar. Sakinlər “Qaçqınkom”un “JEK”inə müraciət edib. “JEK”-dən deyiblər ki, bu məsələnin bizə aidiyyatı yoxdur. Məcburi köçkünlər də bu məsələdən narazıdırlar. Bəziləri şikayət edir ki, bizi gətirib ucqar bir yerə atıblar, yaşllıqlarımız da məhv olur. Görünür, “Azərsu” da ümumi istifadədə olan su təminatını fərdi şəxsin sayğacının üzərinə yükləmək istəyir. Hesab edirik ki, bu məsələnin həlli ilə bağlı vətəndaşlar fərdi qaydada müraciət etsə, hərc-mərclik olacaq. Biz çox istərdik ki, bu məsələyə “Qaçqınkom” müdaxilə etsin və bir şəkildə yaşıllıqların taleyilə bağlı problemin həllinə kömək olunsun. Axı ölkə başçısı da yaşıllıqlar mövzusuna çox həssas yanaşır. Ayrı-ayrı şəxslərin kiçik bostanları var, bunun ümumi istifadədə olan suya aidiyyəti yoxdur. Hər kəs özünə aid olan bostanını, gülünü özü qayğısına qalmağa qərarlıdı. Amma qəsəbinin ümumi yaşıllığına, bu dilsiz-ağızsız, faydalı canlılara biganə qalmağı biz yolverilməz hesab eləyirik.”. Məsələ ilə bağlı Dövlət “Qaçqınkom”un mətbuat əlaqələndiricisi Elçin Qədimovla əlaqə saxladıq. Elçin Qədimov bildirdi ki, məsələ araşdırılıb müvafiq tədbir görüləcək. Bakıda 2 mindən çox su israf edən krant kəsilib “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı isə bildirdi ki, çoxmənzilli binaların qarşısında sahibsiz qalan bütün su krantları kəsilir. Artıq 2 mindən çox belə su krantları bağlanıb: “Ümumi həyətlərdə içməli suyumuzu gecə-gündüz axıdıb israfçılıq edənlərə qarşı başqa mübarizə tədbirimiz yox idi. Məsələn, 9 mərtəbə 5 bloklu binanın hər blokunun qarşısında bir bulaq var. Bu krantlar da açıq qalır, kim istəyir həyət sulayır, kim istəyir paltar yuyur, kim istəyir ağac suvarır, bəzən də lap boş-boşuna axır. Su pulu da ödənmir. Neçə illərdir biz buna qarşı müabrizə aparırıq. Bu su israfçılığına görə, heç kim məsuliyyət daşımır. Üstəlik, bəzi kommersiya obyektləri həmin binaların qabağındakı krantlardan su oğurlayırlar ki, bu da “Azərsu”ya ikiqat problem yaradır”. ““Qaçqınkom”un “JEK”i su sayğacını öz adına rəsmiləşdirsə, problem həllini tapar” Müşfiqabadda məskunlaşan məcburi köçkünlərin probleminə gəlincə, Anar Cəbrayıllı dedi ki, həmin şəhərcikdə ümumi istifadədə olan su krantları ya sakinlərdən birinin adına, ya yerli bələdiyyənin, yaxud da Dövlət “Qaçqınkom”un ərazidə yerləşən Mənzil İstismar Sahəsinin adına sayğac quraşdırmaqla məsələni həll eləmək olar: “Məsələni “Qaçqınkom”un “JEK”i üzərinə götürsə, “Azərsu” su krantlarını bərpa edə bilər”. “Bəs məcburi köçkünlərə tətbiq olunan güzəştlər ləğv olunana qədər bu məsələ necə tənzimlənirdi” – sualımıza cavabda Anar Cəbrayıllı dedi ki, məsələnin güzəştin ləğviylə əlaqəsi yoxdur, “Azərsu”ya məhz bununla bağlı heç vaxt bu ödəniş edilməyib. Geri qayıt |