Əsas Səhifə > Ölkə, Manşet > "Bravo" nədən enişə doğru gedir?

"Bravo" nədən enişə doğru gedir?


17-06-2017, 09:57
"Bravo" nədən enişə doğru gedir?
Bu gün bir müddət əvvəl möhtəşəm açılışı ilə yadda qalan Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə getmişdim. Bəzi müşahidələrimi sizinlə bölüşmək istərdim. Qeyd edim ki, bu mənim həmin məkana reallaşan ikinci ziyarətim idi. Birinci dəfə məlum hipermarketin açılışı günü orda olmuşdum. Aparılan güclü reklam siyasətinin effektini onda gördüm, çox böyük dayanacaq sahəsi olan marketdə adam və maşın əlindən tərpənmək olmurdu. Bu gün sözügedən hipermarket suyu sovrulmuş dəyirmana oxşayırdı. Yaradılan möhtəşəmliklə alıcıların sayı arasında ciddi dizbalans nəzərə çarpırdı. Bunun niyə belə olması ilə bağlı gəldiyim qənaətləri yazmaq istərdim:
1.Alıcılar “Bravo yüksək qiymətlərə qarşıdı” devizilə yayılan reklam çarxlarının təsirinə düşərək mağazaya gedir, lakin orda fərqli mənzərənin şahidi olur. Yəni qiymətlər demək olar ki, şəhərin digər iri market şəbəkələrilə eynilik təşkil edir. Bunu alıcıların ifadə etdikləri narazılıqlardan aydın sezmək olurdu. Hiss edilirdi ki, alıcılar şəhərin müxtəlif yerlərindən çox aşağı qiymətlərə məhsul alacağı həvəsilə ora gedib, lakin fərqli mənzərə ilə rastlaşıblar.
2. Əhmədlidəki hipermarketin yerləşdiyi coğrafi ərazi, metroya uzaqlığı da özünü mənfi mənada biruzə verir. Çünki elə həmin gün mən “Gənclik Mall”da olan “Bravo” da tam fərqli mənzərənin şahidi oldum. Hər iki marketdə qiymətlərin eyni olmasına baxmayaraq, Gənclikdəki mağazada alıcı əlindən tərpənmək olmurdu. Təbiidir ki, bunun səbəbini yalnız mağazaların yerləşdiyi fərqli məkanlarla əlaqələndirmək olar.
3. Hətta metronun Əhmədli stansiyasından “Bravo”ya müştəriləri pulsuz aparmaq üçün təşkil edilən yüksək komfortlu avtobusların da müştəri qıtlığı səbəbindən boş dayandığının şahidi oldum.
4. Təsdiq olunur ki, gözəl yerlərdə olan böyük ticarət mərkəzlərinin daxilindəki marketlər özünə daha çox alıcı kütləsi toplaya bilir. Anoloji vəziyyəti “28 mall” ticarət mərkəzinin birinci mərtəbəsində olan “Bazar store”la da bağlı deyə bilərik. Onların da alveri digər “Bazar store”lardan daha yaxşı gedir.
5. Sübut olunur ki, reallığa söykənməyən reklam siyasətinə nə qədər böyük pullar xərclənsə də, o sabun köpüyünə bənzəyəcək və yalnız bir müddət effektiv olacaq. Gəldiyim nəticə budur ki, Əhmədlidə açılan möhtəşəm hipermarket məhz düzgün müəyyən edilməyən məkan səbəbindən qeyri rentabelli olmağa doğru gedir. Bu, sadəcə mənim gələcək üçün verdiyim proqnozdur. Müşahidəlrinizlə doğru olub-olmayacağını yoxlaya bilərsiniz. Təbiidir ki, bu bizim gəldiyimiz şəxsi qənaətimizdi və ola bilər ki, “Bravo” rəhbərliyinin mövzuya aid başqa arqumentləri var. Onları da dinləməyə hazırıq.
Məhəmmədəli QƏRİBLİ
Azinforum.az

Geri qayıt