Əsas Səhifə > Ölkə, Manşet > Tovuz sakinləri çətin durumda
Tovuz sakinləri çətin durumda22-06-2017, 10:45 |
Qərb bölgəsinə yağan güclü yağıntı ciddi fəsadlara səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yağıntıdan ən çox zərəri Tovuz rayonunun Əlimərdanlı kəndinin sakinləri görüblər. Belə ki, 10 gün əvvəl yağan güclü dolu zamanı dam örtükləri sıradan çıxan evlər, indi yağış sularının altında qalıb. Vəziyyət hətta o həddə çatıb ki, sakinlər evlərindən çıxıb bayırda gecələməli olublar. Mənzillərdəki əşyaların demək olar ki, hamısı islanıb. Acınacaqlı vəziyyət kəndin əksər evlərində yaşanıb. Sakinlər bir neçə gün əvvəl yağan dolunun fəsadlarını aradan qaldırmaq üçün, rəsmi qurumlara dəfələrlə müraciət etdiklərini bildirirlər. Onlardan çoxu evlərinin damlarını öz vəsaitləri hesabına təmir etmək iqtidarında olmadıqlarını deyirlər. Bu da demək olar ki, hər gün yağan yağışın evlərinin içinə tökülməsinə səbəb olur. Kənd sakini Aybəniz Sadıxovanın sözlərinə görə, kənddə yerləşən 16 ailəlik binanın sakinləri daha çox ziyana düşüblər: "Binada yaşayan 16 nəfərlik ailə çətin vəziyyətə düşüb. 10 gün əvvəl dolu binanın damını deşik-deşik etdi. Üst-üstə neçə qat sellofan örtük çəksək də, külək başlayan kimi damın üstündən atdı. Yağan yağış evin içindədir. Körpələrimiz rütubətdə yaşayırlar. Burada yaşayanların hamısı çətin vəziyyətə düşüblər. Dövlətimizdən kömək istəyirik, bizə yardım etsin". Digər sakin Svet Məhərrəmova isə bildirib ki, çətinliklə təmir etdikləri evlərini təbii fəlakət yararsız hala salıb: "Burada yaşayanların hamısı imkansız adamlardır. Bir həftədir yağan yağış evlərimizə dolur. Hər yerə demişik, baxan yoxdur. Qaçmağa yerimiz də yoxdur. Qalmışıq zülmdə". Başqa bir sakin Həbib Həsənovun evində də fəsadlar meydana çıxıb: "İkimərtəbəli evimin dayaqlarını yağış yuyub. Yağış suları plitələri birləşdirən sementi yuduğundan, aşma təhlükəsi yaranıb. Bu səbəbdən qorxudan evə girə bilmirik". Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təbii fəlakətdən ziyan görən bütün evlər qeydiyyata alınıb və hazırda bu istiqamətdə işlər aparılır. Geri qayıt |