Əsas Səhifə > Ölkə, Manşet > Rektorun məmur oğlu barədə iddialar

Rektorun məmur oğlu barədə iddialar


29-06-2017, 11:44
Rektorun məmur oğlu barədə iddialar
2014-cü ildə təhsil naziri Mikayıl Cabbarov Samir Vəliyevi özünə müşavir təyin edəndə media belə yazmışdı: “Samir Vəliyevi yaxşı tanıyanlar bilir ki, o nazirə başucalığı gətirməyəcək”.

“Biznes sirlərinin” öyrənilməsi

Samir Vəliyev vaxtilə Odlar Yurdu Universitetində prorektor vəzifəsində çalışırdı. Bu universitet Vəliyevlər ailəsinə məxsus təhsil ocağıdır. Universitetin rektoru iki dönəm Milli Məclisin üzvü olan Əhməd Vəliyev idi. 2015-ci il parlament seçkilərində isə Vəliyev qanunverici orqana seçilmədi. Vəliyevlərin təhsil üzərində qurduqları biznes şəbəkəsi məşhurdur. Misal üçün, vaxtilə adı it dəftərində belə olmayan “San Marino”, “Diplomatiya Universiteti” kimi təhsil müəssisələri yaradaraq, TQDK-nın (indiki Dövlət İmtahan Mərkəzi-red) qəbul imtahanlarından keçə bilməyən abutiriyentlərə pul qarşılığında “diplom” verirdi. Hansı ki, bu diplomlar nəinki Təhsil Nazirliyi tərəfindən, ümumiyyətlə heç bir yerdə qəbul edilmirdi. “Odlar Yurdu” Universiteti bu şəbəkənin sonuncu və ən “uğurlu” layihəsi hesab oluna bilər. Bu xatırlatmanı verməyimizdə məqsədimi məhz Samir Vəliyevin “diplom biznesi”ni necə mənimsəməsini aydınlaşdırmaqdır.

Ailə universitetindən Təhsil Nazirliyinə – MÜƏMALI YÜKSƏLİŞ

Əhməd Vəliyev oğlunu “Odlar Yurdu” Universitetində prorektor, hətta rektor əvəzi vəzifəsinə qədər yüksəltdi. Daha sonra qısa müddət ərzində S.Vəliyev doktorluq işini müdafiə edərək, professor oldu. Hətta bələdiyyə seçkilərində Nərimanov dairəsindən namizədliyini də irəli sürmüşdü. Ən böyük vəzifəsi atasının universitetində prorektor olan Samir Vəliyev günlərin birində Təhsil Nazirliyində məsul vəzifəyə təyin olunur. O, əvvəlcə təhsil nazirinin müşaviri vəzifəsini icra etdi, bir müddət sonra “peşə və orta ixtisas təhsili məktəbləri” üzrə sektor müdiri vəzifəsinə təyin olundu. Lakin bir müddət də keçdi və nazir onu özünə yenidən müşavir təyin etdi. Daha sonra Samir Vəliyev Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olundu. Hazırda o, bu idarədə rəis əvəzidir. Mediada yayılmış məlumatlara görə, Əhməd Vəliyev oğlunun yüksəlişi üçün bir çox adama minnətçi düşüb. Samir Vəliyevin Təhsil Nazirliyində hazırda tutduğu vəzifəsi fonunda “diplom biznesi” avtomatik olaraq yenidən ön plana çıxır.

2014-cü ildə medianın yazdığı kimi, Samir Vəliyevin təhsil naziri Mikayıl Cabbarova başucalığı gətirmədiyini təsdiq edir.
“Diplom biznesi”

Samir Vəliyev köhnə biznesini Təhsil Nazirliyində tutduğu vəzifə sayəsində daha da genişləndirib. Redaksiyamıza danışan mənbə bildirir ki, onun “diplom biznesinin” əsas mərkəzini nüfuzlu “Baku Oxford Shcool” təhsil ocağı təşkil edir. Belə ki, əsasən nazir və oliqarx nəvələrinin təhsil aldığı bu məktəbə hər il Dövlət İmtahan Mərkəzinin xətti ilə yalnız 5 faiz qəbul həyata keçirilir. Yerdə qalan 95 faiz yer isə qeyd etdiyimiz kimi nazir və varlı şəxslərin övladları, nəvələri üçündür. Məlumata görə, Samir Vəliyev bu məktəbdə təhsil alan varlı övladlarının böyük əksəriyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomlarını tanımadığı xarici universitetlərə yerləşdirir. Bu universitetlər nazirliyin rəsmi saytında adı olmayan təhsil ocaqlarıdır. (Bax:www.nostrifikasiya.edu.az/frontend/az/content/item/36-universitetl%C9%99rin-siyah%C4%B1s%C4%B1) .
30 günə baxılan məsələ 5 gün içində həll edlir

Mənbə qeyd edir ki, diplomların tanınması ilə bağlı bir çox hallarda problemlər meydana çıxır. Etiraz edənlərə isə Samir Vəliyev “onu elə mən özüm təsdiq etdirəcəm” deyə bildirir.

Ən maraqlı məqam isə diplomların tanınması üçün müraciətlərə rəsmi qaydada 30 iş günü ərzində baxılsa da, Samir Vəliyev özünün yerləşdirdiyi universitetlərin diplomalarını cəmi 5 iş günü müddətinə təsdiq etdirir. (Bax:www.nostrifikasiya.edu.az/frontend/) . Və bütün bunların qarşılığında külli miqdarda pul əldə edir.

Redaksiyamıza daxil olan başqa bir məlumatda isə Samir Vəliyevin Heydər Əliyev Fondunun Rusiya filialı ilə əməkdaşlıq etmiş bir xanım əməkdaşının diplomunu hansı “şərtlərlə” tanıyacağı, nə qədər pul istənilməsi barədə də xəbər yer alıb. (Bu barədə növbəti yazımızda)
Hazırda onlarla şəxs Samir Vəliyevdən mənimsədiyi pullarını tələb edir. Məlumatlara görə, onun yolu dəfələrlə Korrupsiya ilə Mübarizə İdarəsinə düşüb. Lakin öz əməllərini davam etdirməkdədir.

London zərgüzəştləri

Azərbaycan təhsili üzərindən qazanılan pullar hesabına Samir Vəliyevin ciddi maliyyə imkanları mövcuddur. Məlumatlara görə, o “Muğanbank”da böyük səhmə sahibdir. Həmçinin, tikinti biznesi yaradıb. Bütün bunlarla yanaşı, mənbə Samir Vəliyevin təhsil üzərindən qazandığı pulları ölkədən xaricə çıxartdığını, xüsusilə Londonda mülklər aldığını deyir.

“Azərbaycanın gələcəyi yoxdur” deyən Vəliyev

Bir müddət öncə Samir Vəliyevin oğluna Londonda iş tapmaq istiqamətində hərəkətə keçdiyi deyilir. Hətta ondan “Azərbaycanda bu qədər imkanın var, nə üçün oğluna burada iş qurmursan” deyə soruşanlara cavabı belə olur: “Bu ölkənin gələcəyi yoxdur”.

Dəbdəbəli həyat: “Roys Royce” avtomobili və “Rolex” saatı

Samir Vəliyev gələcəyinin olmadığını hesab etdiyi Azərbaycanda əldə etdiyi pullarla intensiv şəkildə xarici səfərlər edir. Ən çox baş çəkdiyi şəhər isə Londondur. Əldə etdiyimiz məlumata görə, o, Londonda icarə haqqı 1000-1500 dollar olan “Roys Royce” avtomobilini kirayələyir. Bu avtomobil dünyanın ən lüks və bahalı minik vasitələrindən biri hesab olunur. Samir Vəliyevin qolundakı saat isə onun dəbdəbəli həyatının nişanəsidir: “Rolex”. Məşhur İsveç markası olan bu saatın ən ucuzu 50 min dollardan bahadır.

Mövzuya dair araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.

Geri qayıt