Əsas Səhifə > Ölkə, Manşet > Müəllim şikayət etdi, nazirlik məktəbə yoxlama göndərdi:

Müəllim şikayət etdi, nazirlik məktəbə yoxlama göndərdi:


29-08-2017, 09:49
Müəllim şikayət etdi, nazirlik məktəbə yoxlama göndərdi:
Artıq 3-cü dəfədir ki, Tovuz rayonu, Qovlar şəhərində yerləşən internat məktəbinin müəllimi Ramidə Hüseynova müəssisənin direktoru Eldar Səlimoğludan Cebhe.info-ya şikayət məktubunu ünvanlayır. Şikayət məktublarının sayı göstərir ki, məktəbdə ciddi problem var. Ancaq təəssüf ki, problem həllini tapmır. Yəni, nə məktəb direktoru problemi həll edir, nə də cavabdeh qurum müvafiq tədbirlər görür. Redaksiyamıza ünvanlanan növbəti məktubda isə bir neçə informasiya daha detallı əksini tapıb.

R.Hüseynova bildirib ki, internat məktəbi haqda səsləndirdiyi fikirlər qalmaqal xarakteri daşımır: “İnternat məktəbinin direktoru Eldar müəllimin fikri başqa mövzulara yayınmasın. Heç bir tərifə ehtiyacım yoxdur, hər şey göz qabağındadır. Onun həyat yoldaşı Şölə xanım 15 ildir ki, xəstəliklə əlaqədar olaraq təhsildən uzaqlaşıb. Lakin Eldar müəllim üçün bu 15 il “bir müddət” olaraq dəyərləndirilir. Görünür, təhsildə kadr problemi var. Niyə nazirlik bu müəssisəyə heç bir yoxlama göndərməyib? İnternat məktəbinə cadu-əməlmi olunub?”

Şikayətçi direktor haqda digər məlumatları da məktubuna əlavə edib: “Təhsilin üzərindən qara buludun çəkilməsini və açıq səma altında işləmək istəyirəm. Aidiyyatı orqanlardan xahiş edirəm ki, tezliklə bu internat müəssəsinə baş çəksinlər. Əks halda, təhsil müəssisəsi “qığılcımdan alova doğru” gedəcək”.

Qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyi məəsələylə bağlı bildirilmişdi ki, internat məktəbində araşdırma aparılacaq. Artıq bir aya yaxın vaxt keçsə də, nazirlik hələ də bu məsələ ilə bağlı məlumat yaymayıb. Şikayətçi müəllimin təkidini nəzərə alaraq, yenidən məktəbin direktoru Eldar Səlimoğlu ilə əlaqə saxladıq.

O, Cebhe.info-ya açıqlamasında bildirdi ki, artıq yoxlama qrupu məktəbdədir: “Bir müddətdir ki, məktəbdə yoxlama aparılır. Yoxlamanın nəticələri haqda heç nə demirlər. Nə aşkarlaya bilərlər ki? Məgər işimi bilmirəm ki?”

Geri qayıt