Əsas Səhifə > Ölkə, Manşet > “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”
“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”25-11-2017, 11:33 |
“Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışı zamanı deyib. “BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”, - deyə, dövlət başçısı vurğulayıb. *** “Enerji siyasəti bizim Avropa təsisatları ilə yaxından əməkdaşlıq etdiyimiz məsələlər arasındadır. Genişmiqyaslı enerji layihəsi olan Cənub Qaz Dəhlizi uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq: “Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürdü və biz layihəyə verdiyi davamlı dəstəyə görə Avropa Komissiyasına minnətdarıq. Bu dəstək və layihənin Avropa maliyyə institutları tərəfindən maliyyələşdirilməsi onun uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın qonşuları ilə birgə həyata keçirdiyi daha bir əhəmiyyətli təşəbbüs ötən ay açılışı olmuş Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, bununla da Asiya ilə Avropa arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və bir çox ölkələrə bu layihəyə qoşulmağa imkan verəcək ən qısa nəqliyyat marşrutu olacaq. Beləliklə, Azərbaycan Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf - bütün bunlar bizim üçün vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir. Eyni zamanda, Azərbaycan insan kapitalına böyük sərmayə yatırıb. Savadlılıq səviyyəsi 100 faizə yaxındır və təhsilli insanlar bizim islahatlarımız üçün əsas aparıcı qüvvə, radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır. Azərbaycan dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”. Geri qayıt |