Əsas Səhifə > Ölkə, Manşet > "Ölkəmizdə dini, milli zəmində heç bir problem yoxdur"
"Ölkəmizdə dini, milli zəmində heç bir problem yoxdur"21-12-2017, 14:43 |
“Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı böyük tədbirlər keçirilir. Ölkəmiz svilizasiyalararası dialoqda həmişə böyük rol oynayır". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Azərbaycanda dini, milli zəmində heç bir problem yoxdur: “Dünyada dinlərarası dialoqun gücləndirilməsi vacibdir. Bununla bağlı Bakıdan dəfələrlə yüksək səviyyədə çağırışlar edilib. 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasəti, eyni zamanda həyat tərzidir”. Prezident İlham Əliyev qeyd edib ki, bu il Bakıda IV İslam Həmrəliyi Oyunları yüksək səviyyədə keçirilib: “Bu Oyunlarda 50-dən çox ölkədən 3 mindən çox idmançı, minlərlə qonaq iştirak etdi. Bu idman yarışı eyni zamanda dostluq və qardaşlıq bayramına çevrildi. Bundan əvvəl Bakı tarixdə ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edib. Bu iki hadisə Azərbaycanın həm Avropa, həm də İslam aləmi ilə münasibətlərini göstərir. Bununla yanaşı, ölkəmiz sivilizasiyalar və mədəniyyətlərarası dialoqda oynadığı önəmli rolu nümayiş etdirir ”. *** “Biz fəxr edirik ki, İslam dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən, bir neçə il əvvəl bərpa edilən Şamaxı Cümə məscididir”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurub, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib: “İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr güclənib. Keçən il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli qətnamə qəbul edilib və kontakt qrupu yaradılıb. Ölkəmizin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası fəaliyyətə başlayıb. Bundan əlavə, İSESCO-nun üzvü olan Azərbaycan təşkilat çərçivəsində uğurlu fəaliyyəti ilə seçilib. Bir neçə il əvvəl İSESCO tərəfindən Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib, gələn il isə bu missiyanı qədim Naxçıvan şəhəri daşıyacaq”. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır: “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir. Bunu gördüyümüz işlər də təsdiq edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”. *** "Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında, islam həmrəyliyinin əldə olunmasında öz rolunu davam etdirəcək". APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Azərbaycanın inkişafı ilə bağlı cəmiyyətdə nikbin fikirlər var. Reallaşdırılan nəhəng layihələr ölkəmizin uzunmüddətli, dayanıqlı və uğurlu inkişafını dəstəkləyir, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilir”. *** Saat 14:10 “2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib və il ərzində bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, Azərbaycan xalqı əsrlərdir milli-mənəvi dəyərlərini qoruyub yaşadır: “İslam dəyərləri də bunun tərkib hissəsidir. Ölkəmizdə din sahəsində hökm sürən əmin-amanlıq ölkəmizi gücləndirir". Geri qayıt |