Əsas Səhifə > Ölkə, Manşet > Müstəqil xarici siyasətin növbəti təsdiqi
Müstəqil xarici siyasətin növbəti təsdiqi26-12-2017, 11:40 |
Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara xidmət edən münasibətlər qurur, müstəqil xarici siyasət yeridir. Bu münasibətlərdə milli-dövlətçilik maraqları üstün tutulur, beynəlxalq aləmdə haqq-ədalətin qorunması üçün əməli tədbirlər görülür. Məhz bu amillərə görə Cənubi Qafqazın lider dövləti sayılan müstəqil Azərbaycan dünya ölkələrinin rəğbətini, etibarını, etimadını qazanıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə də beynəlxalq siyasətdə obyektivliyin müdafiəçisi rolunda çıxış edib, müstəqil mövqe nümayiş etdirib. Misal üçün, bu günlərdə BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Bundan əvvəl də BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilib və 14 üzv ölkə qətnaməni təsdiq edib. O zaman ABŞ qətnaməyə veto qoyub. ABŞ prezidenti Donald Tramp isə bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan eləyib. Buna baxmayaraq, 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib, 9 ölkə əleyhinə, 35 ölkə bitərəf mövqe nümayiş etdirib. Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüququn norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı bu yoldan, öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz. Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov mövzu ilə bağlı bildirib ki, hazırkı mürəkkəb tarixi mərhələdə beynəlxalq problemlərin həlli yolu yalnız beynəlxalq hüquqa əsaslanmalı və ədalətli olmalıdır. Onun sözlərinə görə, hər nə qədər bu gün ikili standartlara söykənən hegemon aktorlar öz mənafelərinə uyğun gəldikdə əvvəl sülh, sonra ədalət prinsipi ilə məsələləri həll etməyə çalışsalar da həqiqət budur ki, ədalət olmadan sülh yaratmaq mümkün deyil. Millət vəkili deyib ki, ədalətli olmayan və beynəlxalq hüquqa əsaslanmayan sülh əslində məcburetmədir və daimi ola bilməz. O qeyd edib ki, Qüds probleminin həllində də Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır. H.Məmmədov bildirib ki, Azərbaycan hələ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirib. Politoloqun sözlərinə görə, bu mövqeyini BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı təkrar edən Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib: "Bununla da Azərbaycan bir daha özünün xarici siyasət prinsiplərinə və beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirib. Eyni zamanda, hər kəsə aydın olub ki, Azərbaycan İslam həmrəyliyi çağırışının müəllifi kimi mənəvi-siyasi baxımdan buna layiqdir və İslam həmrəyliyini, eyni zamanda, həm də mədəniyyətlərarası dialoq vasitəsi kimi görür. Bəzi müsəlman, yaxud türk-müsəlman ölkələrinin çəkingən yaxud qeyri-müəyyən mövqeyi kontekstində ölkəmizin belə prinsipial mövqe nümayiş etdirməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına və güclü dövlət kimi onunla hesablaşmağın zəruri olduğuna gətirib çıxaracaq. Bu, həm də onun göstəricisidir ki, hər hansı bir problemin həllində, onun mövcud olduğu coğrafiyadan yaxud dini, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan bütün hallarda beynəlxalq hüququn təntənəsinin tərəfdarıdır. Heç şübhəsiz ki, ilk növbədə Dağlıq Qarabağ probleminin həllində də Azərbaycan beynəlxalq hüququn başlıca prinsipi olan dövlətlərin ərazi bütövlüyünün təmin olunmasını istəyir və tərəfdaş ölkələrdən də belə mövqe nümayiş etdirmələrini gözləyir”. Millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan dövlət olduğu üçün Qüds məsələsində də eyni yanaşma tərzini ortaya qoyub. Onun fikrincə, yaranmış böhranla bağlı İstanbulda keçirilən İƏT-in zirvə görüşündə də bu məsələyə dair Prezident İlham Əliyev qəti və konkret mövqeyini ortaya qoyub: "Prezident İlham Əliyev vurğuladı ki, Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması qərarı Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Bu xətt BMT Baş Assambleyasındakı səsvermə zamanı da nümayiş etdirildi. Hesab edirəm ki, Azərbaycanın bu mövqeyi dövlətimizin beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hörmət siyasətindən qaynaqlanır. Azərbaycanın Qüdslə bağlı mövqeyi ölkəmizin müstəqil xarici siyasətinin birbaşa ifadəsi və növbəti dəfə təsdiqidir”. Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli də hesab edir ki, Azərbaycanın Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verməsi Prezident İlham Əliyevin müstəqil siyasət yürütdüyünü növbəti dəfə nümayiş etdirir. O bildirib ki, bu məsələdə Azərbaycan dövlətinin konkret fikir yürütməsi çox vacibdir: "Prezident İlham Əliyev İstanbuldakı zirvə toplantısında çox cəsarətli çıxış etdi. Bu onu göstərir ki, Azərbaycan öz üzərinə düşən məsuliyyəti başa düşür. Bu proses bəzi ölkələrin xoşuna gəlməsə belə, Prezident İlham Əliyev haqq-ədaləti müdafiə etdi. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Bu, beynəlxalq aləmdə çox yüksək qiymətləndirilməlidir. Düşünürəm ki, Azərbaycanın bu mövqeyi ölkəmizin nüfuzunu artırdı”. \\kaspi/az\\ Geri qayıt |