Əsas Səhifə > Ölkə, Manşet > Mikayıl Cabbarov oliqarx məmurlarla savaşa başlayır
Mikayıl Cabbarov oliqarx məmurlarla savaşa başlayır16-01-2018, 09:22 |
Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra bu sahədə ciddi dəyişikliklərə başlayıb. Yeni nazirin öncə kadr dəyişikliklərindən başlaması onun digər sahələr üzrə də ciddi islahatlara gedəcəyindən xəbər verir. Artıq vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına start verilib. Yeni nazirin sahibkarlara “yaşıl işıq” yandıracağı, onların yükünün azaldılması istiqamətində addımlar atacağı da qeyd olunur. Nəzərə çatdıraq ki, artıq ölkənin iri ticarət obyektlərində narahatlıqlar yaranıb. Mətbuatda yer alan məlumata görə, hətta bu tədbirlər çərçivəsində illərdir Kəbirə Məmmədovanın sahibi olduğu “Binə”, eləcə də “Sədərək” ticarət mərkəzlərində yaşanan kassa aparatları problemi də həll edilə bilər. Qeyd edək ki, Vergilər Nazirliyi “Binə” və “Sədərək” ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildən sahibkarlar və Vergilər Nazirliyi rəsmilərinin iştirakı ilə müşavirə keçirilib, onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək “Binə” və “Sədərək”dəki sahibkarlar qeydiyyata alınmalı, mağazalarda kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi. Lakin problem bugünədək həllini tapmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərinə. İddia olunur ki, ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən “Binə” və “Sədərək”in rəhbərləri onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirlər. Qanunvericiliyə görə isə, sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini dövlətə özü ödəməlidir. Onu da diqqətə çatdıraq ki, 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma “Binə” və “Sədərək” ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl, dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər sahibkarları çıxılmaz vəziyyətdə qoydu. Məlumatlara görə, “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin “Binə” və “Sədərək”lə əlaqədar başladığı bu iş sözügedən obyektlərin rəhbərlərinin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacağı bildirilir. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri “Binə” və “Sədərək”in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəkləri, bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir. Bundan əlavə, yeni nazir Mikayıl Cabbarov Vergilər Nazirliyinin rəhbər şəxslərini toplayaraq əvvəlki “sistem”ə son qoyulması barədə tapşırıq verib. Reyting.az-ın əldə etdiyi məlumata görə, Cabbarov təkcə “Binə”, “Sədərək” deyil, ölkədə fəaliyyət gösətərən digər ticarət mərkəzlərində də vergitoplama sisteminin dəyişdirilməsini tapşırıb: “İndiyə kimi əksər iri ticarət mərkəzlərinin rəhbərləri nazirliklə anlaşıb “illik hesab” verərək məsələni həll edirdilər. Yəni, ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar aylıq yerhaqqı adı altında pul ödəyirdilər. Amma Mikayıl Cabbarov artıq buna son qoymağı tapşırıb. Bildirib ki, hər bir sahibkar vergisini və hesabatını özü ödəsin. Yəni, ortada hansısa ticarət mərkəzinin sahibi onların qazanclarına şərik çıxmasın. Bu cür iri ticarət mərkəzləri Bakı, Sumqayıt, Gəncə və digər şəhər və rayonlarda da var. Köhnə sistemin dağılması, yeni sistemin formalaşdırılması isə asan olmasa da, müsbət nəticəyə gətirib çıxara bilər”. Amma onu da unutmayaq ki, sözügedən ticarət mərkəzlərinin əksəriyyəti birbaşa, yaxud dolayısı ilə oliqarx məmurlara bağlıdır. Yəni, Cabbarovun köhnə sistemə qarşı başladığı savaş həm də, həmin oliqarx məmurlara qarşı açılan cəbhədir. Bu savaşdan Cabbarovun necə çıxacağı isə onun iradəsindən asılı olacaq. Geri qayıt |