Əsas Səhifə > Ölkə, Manşet > Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər


18-01-2018, 11:27
Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər
Fazil Məmmədov imperiyasının çöküşü sabiq bələdiyyə sədrini qorxuya salıb
Sabiq vergilər naziri Fazil Məmmədovdan sonra onunla yaxın-uzaq qohumluq əlaqəsinə malik olan şəxslərin işdən azad ediləcəyi ilə bağlı ölkə mediasında yer alan yazılar Məmmədovlar imperiyasının çətiri altına sığınan məmurların ciddi təşvişinə səbəb olub. Bununla bağlı cumhuriyyet.az bildirir ki, səbəb F.Məmmədovla yaxından-uzaqda təması olan hər kəsin fəaliyyətinin köklü şəkildə təfriş edilməsi ehtimalının kifayət qədər böyük olmasıdır. F.Məmmədovla bağlı baş verənlər fonunda hədəfə alınacağı ehtimal edilən bir nömrəli fiqur isə heç şübhəsiz ki, sabiq nazirin yaxın qohumu, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdur.
Məmmədovlar imperiyasının çat verən sütunu…
F.Məmmədovun işdən azad edilməsi ilə X.İsgəndərovun kürsüsünün əhəmiyyətli dərəcədə laxladığı şübhəsizdir. Bunu mediada X.İsgəndərovla bağlı yer alan onlarla informasiyanın təhlilindən də aydın şəkildə görmək mümkündür. Hətta bəzi ehtimallara görə X.İsgəndərovun vəzifədən gedişi F.Məmmədovla müqayisədə daha ağır şərtlər daxilində reallaşa bilər. Belə ki, icra başçısından Binəqədi rayonundakı saysız-hesabsız mülklərindən tutmuş rayonun çoxsaylı əyər-əskiyinə qədər yüzlərlə məsələnin haqq-hesabının aparılması nəinki mümkün, göründüyü qədər qaçılmazdır. Bu isə X.İsgəndərovla yanaşı, onun qanunsuzluqlarına şərik olan məmurların da hüquq müstəvisində çarmıxa çəkilməsi anlamına gəlir.
Fəzail Babayev yeni qaçış planı hazırlayacaqmı?
X.İsgəndərovla bağlı tətiklənəcək proseslər zamanı “xərclənməsi” an məsələsi olan bir sıra məmurlar var ki, bunlardan da biri Binəqədi rayonunun sabiq bələdiyyə sədri Fəzail Babayevdir. Cumhuriyyet.az olaraq xatırladaq ki, bu, həmin F.Babayevdir ki, məşhur “MTN işi” meydana çıxan zaman onun hazırda həbsdə olan general Akif Çovdarovla qohumluq əlaqəsinə malik olduğu ilə bağlı çoxsaylı informasiyalar yer almış, hətta sabiq bələdiyyə sədrinin mümkün həbs təhlükəsindən yayınmaq üçün xaricə qaçmaq kimi planlar cızdığı iddia olunmuşdur. Lakin məlum olduğu kimi, F.Babayev bu təhlükəni sovuşdura bilir. Ancaq bu dəfə təhlükə “MTN işi” ilə müqayisədə daha real görünür. Belə ki, F.Babayevin sədrlik dövrü X.İsgəndərovun icra başçısı olduğu dövrə təsadüf edir ki, bu dövr ərzində onun icra başçısı ilə birlikdə “qaz vurub qazan doldurduğu” hər kəsə bəllidir. Bu isə o deməkdir ki, X.İsgəndərovla yanaşı, hesab sorulacaq şəxslərdən biri də sabiq bələdiyyə sədri olacaq.
Maraqlıdır, Çovdarov məsələsində olduğu kimi, F.Babayev bu kəs də yeni qaçış planı hazırlayacaqmı? Bəs bu planın uğurla nəticələnəcəyinə necə, təminat varmı? Gələn yazılarımızda məhz bu məsələlərə aydınlıq gətirməyə, F.Babayevlə bağlı ictimaiyyətə bəlli olmayan bir sıra məqamlara işıq salmağa çalışacayıq.

Geri qayıt