Əsas Səhifə > Ölkə, Manşet > Bu yolla Qəbələyə turist cəlb etmək yox, turist qaçırmaq olar...
Bu yolla Qəbələyə turist cəlb etmək yox, turist qaçırmaq olar...16-03-2018, 11:07 |
Qəbələdə özünəməxsusluğu ilə seçilən, yüz illiklərin sınağından çıxmış Nic bazarı fəaliyyət göstərir. Bu bazara ətraf rayonlarla yanaşı, Gürcüstandan, eləcə də Dağıstandan satıcılar gələrək ticarətlə məşğul olurlar. Bazar ancaq həftənin istirahət günləri fəaliyyət göstərir və on minlərlə insana xidmət edir. Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən bazarda olub və məkanın hazırkı vəziyyəti ilə tanış olub. Nic bazarı həm qədim ticarət məkanı olması, həm də qiymətlərin münasibliyi ilə diqqət çəkir. Bununla yanaşı, bazarda antisanitar vəziyyət baş alıb gedir. Bazarın baytarı isə məkandakı bu xoşagəlməz vəziyyəti görməməzlikdən gələrək, vəziyyətin yüksək səviyyədə olmasından ağızdolusu danışır. Halbuki, ət kəsimi və satışı üçün nəzərdə tutulmuş yerlərə daxil olduqda qarşılaşdığımız antisanitar vəziyyət və ət məhsullarının yerdə olması hər şeyi açıq-aşkar ortaya qoyur. Bir neçə il bundan əvvəl məhz antisanitar vəziyyətin baş alıb getməsi səbəbindən bazar bağlanmışdı. Lakin çoxsaylı insanların müraciəti, eləcə də tarixiliyi nəzərə alınaraq bazarın fəaliyyəti bərpa olunmuşdu. Həmçinin aidiyyatı qurumlar tərəfindən bazardakı xoşagəlməz vəziyyətlə bağlı bazar sahibinə son xəbərdarlıq edilmişdi. Bütün bunlara baxmayaraq, kimlərinsə qazanc əldə etmək arzusu, heç bir xərc sərf etmədən bazarı genişləndirmək arzusu ucbatından insanlar hazırda antisanitar şəraitdə bazardan alış-veriş edirlər. Qəbələ Rayon Gigiyena və Epidemiologiya Şöbəsi də bazardakı mövcud xoşagəlməz vəziyyətlə tanışdır. Şöbənin baş həkimi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, 2017-ci ildə həmin sahibkarlıq subyektinə 2 dəfə, 2018-ci ildə isə 1 dəfə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, heç bir tədbir görülməyib. Bundan başqa, bazar ətrafında bir neçə dəfə reyd keçirilib və yoxlama olub. Amma yoxlamaların dayandırılması səbəbindən, hazırda ərazidəki vəziyyəti araşdırmaq mümkün deyil. Qeyd edək ki, 200 illik tarixə malik bazara minlərlə alıcı ilə yanaşı, maraq üçün turistlər də axın edir. Bazarın bu vəziyyətdə fəaliyyət göstərməsi, antisanitar vəziyyətin hökm sürməsi heç bir qonaq və turist tərəfindən xoş qarşılanmır. Ümid edirik ki, bazar sahibi ən azından bu tarixi məkana üz tutan xarici qonaqları nəzərə alıb, bazardakı vəziyyətin yaxşılaşdırılması üçün lazımi tədbirlər görəcək. Geri qayıt |