Əsas Səhifə > Ölkə, Manşet > Sahil Babayev korrupsiya yuvalarını dağıda bilmir?
Sahil Babayev korrupsiya yuvalarını dağıda bilmir?7-06-2018, 09:13 |
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində rəhbər dəyişikliyi oldu və yeni nazir Sahil Babayev təyin olundu. Hər kəs Səlim Müslümovun zamanında qalma rüşvət sisteminin aradan qalxacağına ümid edir. Ümid edir, lakin mövcud vəziyyət deyəsən vətəndaşların ümidinin özlərinə qalacağını göstərir. Çünki Səlim Müslümovun kadrları hələ də nazirlikdə fəaliyyət göstərir və köhnə sistemi davam etdirirlər. Onlardan ən qəddarı və "keçmiş sistemə” sadiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərovdur. Miq.az-a daxil olan şikayət məktubu rayon şöbəsində vətəndaşlara necə divan tutulduğunu gün üzünə çıxarır. Əsgərovun kabinetindən keçən sosial müavinət Məktubda deyilir ki, Əsgər Əsgərov dövlət idarəsində əməlli başlı "bazar” açıb. Bu il sosial yardım almaq üçün təqdim olunan arayışların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sərtləşdirilməsi əslində Əsgər Əsgərov tərəfindən daha çox rüşvət yolu ilə qazanc əldə etməsinə səbəb olub. Belə ki, redaksiyamıza daxil olan məlumata əsasən hazırda sosial müavinət almaq istəyən vətəndaşlar öz işlərini yoluna qoymaq və nazirliyin ümumi sisteminə göndərdikləri sənədlərin qəbul olunması üçün öncə Əsgər Əsgərovun qəbuluna düşməlidirlər. Əsgər müəllimin qəbulunda isə məsələ çox sadədir. Sənədlərin ümumi sistem tərəfindən qəbul olunmasını istəyirsənsə, o zaman nağd şəkildə 600 manat ver və bu halda heç bir problem olmadan vətəndaş dövlətdən sosial müavinət alacaq, yox əgər Əsgər Əsgərova 600 manat vermək imkanın yoxdursa, demək ki, ümumi sisemində həmin vətəndaşın ərizəsini qəbul etmək imkanı sıfırdan aşağıdır. Vətəndaşları qapıdan qovur Şikayət məktubunda Nəsimi rayon sakinləri qeyd edirlər ki, hazırda Əsgər Əsgərov onlara zülm edir. Çünki işıq, su, qaz, telefon, torpaq pullarının çeklərini istəyən mərkəz işçiləri vətəndaşlara böyük əziyyətlər verməklə onları yorurlar. Məsələnin ən pis tərəfi isə bütün sənədləri toplayan vətəndaşın sənədlərinin ƏSMM-də sistem tərəfindən qəbul olunmamasıdır. Yəni o qədər əziyyətdən və xərcdən sonra kasıb adamlar yenə Allahın ümidinə qalırlar və bu vəziyyət qətiyyən Əsgər Əsgərov vicdanını sızlatmır. Əksinə, daha çox qazanmaq həvəsi ilə cənab Əsgər Əsgərov zülmünü artırır. Rayon sakinləri iddia edirlər ki, əslində nazirliyin ümumi balansına göndərilən sənədlər formal xarakter daşıyır. Yəni bütün sənədlər qəbul olunur və "Bəli” cavabı verilsə də, Əsgər Əsgərovun idarəsi rüşvət verməyənlərə yox cavabı verir. Şikayətdə qeyd olunur ki, Əsgər Əsgərov özünə o qədər arxayındır ki, vətəndaşları qəbul etməli olduğu halda, onları qapıdan belə qovur. Əsgərov kimdir və niyə "padşahlıq” edir? Təbii ki, Əsgərovun qılıncının dalının da, qabağının da kəsməsi səbəbsiz deyil. Miq.az-ın araşdırmalarından məlum olub ki, Əsgər Əsgərov keçmiş nazir Səlim Müslümovun bacısının həyat toldaşıdır. O, Müslümovla eyni rayondandır. Belə ki, Əsgərov da Müslümov kimi Ağsunun Pirhəsənli kəndində anadan olub. Əsgərovun sosial müdafiə sisteminə gəlişi də məhz keçmiş nazir Səlim Müslümov tərəfindən həyata keçirilib. Belə ki, Ağsu rayon xəstəxanasının kassiri olan Əsgər Əsgərov ali təhsil barədə diplomu təxminən 50 yaşında alıb. Bir müddət nəqliyyat sahəsində işləyib. 2014-cü ilin əvvəllərində DSMF aparatına şöbə müdirinin müavini, 2 ay sonra isə Nəsimi şöbəsinə müdir təyin olunub. Halbuki iqtisadiyyat sahəsindən anlayışı yoxdur. Hərçənd, Pirhəsənli kəndində anadan olmaq o demək deyil ki, "Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyəsən və yaxud da Səlim Müslümovla eyni kənddə anadan olmaq, nazirlə qohum olmaq ona əsas vermir ki, nəinki sadə vətəndaşlara, hətta tabeçiliyindəkilərə "haqq” qoyasan... Məlumata görə, Əsgərov vətəndaşlarla yanaşı, tabeçiliyindəki əməkdaşlardan da "haqq” toplayır. Məhkəmə işi: Əsgərovun fırıldağı ortaya çıxdı Əgər xatırlayırsınızsa, 2015-ci ilin oktyabr ayında "Azərbaycanda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib” başlıqlı xəbər bütün ölkə mətbuatında tirajlandı. Həmin xəbərə görə, Nəsimi Rayon Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərovu 1000 manat məbləğində cərimələmişdi. O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 313-1.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə cəzalandırılıb. Bu qərarla razılaşmayan Əsgər müəllim Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi. Qeyd edək ki, keçmiş prokurorluq işçisi olan Ramiz Cəfərov pensiyasının düzgün hesablanmaması üçün Nəsimi rayon DSMF-nin şöbə müdiri Əsgər Əsgərovu məhkəməyə vermişdi. Məlumdur ki, Əsgərov Səlim Müslümovun vaxtında bu vəzifəyə təyin edilib və hazırda davam etdirdiyi "rüşvət sistemi”ni də o vaxt yaradıb. Hərçənd, artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində rəhbər dəyişikliyi baş veriv. Hazırda bu nazirliyə Sahil Babayev rəhbərlik edir. Yeni nazir Əsgərovu cəzalandıracaqmı? Əsgər Əsgərov haqqında Miq.az-ın oxuculara təqdim etdiyi bu yazı bir şikayət yazısıdır. Ümid edirik ki, nazir Sahil Babayev vətəndaşların üzləşdiyi haqsızlığı aradan qaldıracaq. Qeyd edək ki, Nəsimi ƏSMM-dəki rüşvət yuvası ilə bağlı araşdırmamız davam edir və Əsgər Əsgərovun obyektlərinin fotolarını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |