Əsas Səhifə > Ölkə, Manşet > Ədalət Vəliyev niyə nazir müavini ola bilmədi

Ədalət Vəliyev niyə nazir müavini ola bilmədi


29-06-2018, 10:04
Ədalət Vəliyev niyə nazir müavini ola bilmədi
Məlum olduğu kimi, iyunun 27-də prezident mədəniyyət nazirinin müavinlərinin və nazirlik yanında dövlət xidmətinin rəisinin təyin olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Rafiq Yasin oğlu Bayramov, Sevda Yusif qızı Məmmədəliyeva mədəniyyət nazirinin müavinləri, Zakir İmran oğlu Sultanov isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Vaqif Əliyev isə mədəniyyət nazirinin birinci müavini təyin olunub. Lakin bundan əvvəl nazir müavini olmuş Ədalət Vəliyev əvvəlki vəzifəsinə təyinat almayıb.

Qeyd edək ki, Ədalət Vəliyev 2006-cı ildən məlum sərəncam imzalananadək nazir müavini vəzifəsində çalışıb. 12 illik vəzifəsi müddətində o, nazirliyin “Fəxri Mədəniyyət İşçisi” adına və döş nişanına, o cümlədən 2013-cü ildə prezident tərəfindən “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüb.

Bütün bunlara baxmayaraq, Ədalət Vəliyevin təyinatdan kənarda qalması suallar doğurub. Maraqlıdır, Ədalət Vəliyev niyə nazir müavini olmadı?

“Bu, prezidentin səlahiyyətində olan məsələdir. Buna görə nazirlik bu suala cavab vermək iqtidarında deyil”. Nazirlikdən “Yeni Müsavat”ın sorğusuna belə cavab verilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, sabiq nazir müavininin adı dəfələrlə mətbuatda qalmaqallarda hallandığı üçün işdən çıxarılıb. Digər versiyalara görə isə sabiq nazir müavini səbirsizliklə yaxın günlərdə baş tutacaq yeni təyinatını gözləyir.

Məsələ ilə bağlı əməkdaşımız Ədalət Vəliyevin mövqeyini öyrənməyə çalışıb. Lakin sabiq nazir müavini telefon zənglərini cavabsız qoyub.

Mədəniyyət Nazirliyi Aparatının yeni təsdiq edilən strukturunda aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları da həyata keçirilib. Bu barədə modern.az-a nazirilyin mətbuat xidmətindən məlumat verilib. Nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirlik aparatının yeni rəhbəri təyin edilib. Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov təyin edilib. Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.

Geri qayıt