Əsas Səhifə > Ölkə, Manşet > Hansı məmurlar yolun sonuna yaxınlaşır?..

Hansı məmurlar yolun sonuna yaxınlaşır?..


14-01-2019, 10:20
Hansı məmurlar yolun sonuna yaxınlaşır?..
“Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib.”

Prezidentin Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirəsində çıxışı zamanı dediyi bu sözlər yenicə başlanan ildə baş tutacaq islahatların anonsu hesab oluna bilər. Ölkə başçısının çıxışından da göründüyü kimi 2019-cu ildə atılacaq əsas addımlar kadr və institutiv islahatlar olacaq. Bu da səbəbsiz deyil. Çünki ölkədəki idarəetmə strukturu artıq köhnəlib və müasir tələblərə cavab vermir. Hazırda bir-birinə alternativ olan qurumlar var. Eyni sektorun ayrı-ayrı istiqamətləri üzrə fəaliyyət göstərsələr də nəticə etibarilə tamın bir hissəsi kimi, əksər hallarda isə ayrı-ayrı nazirlik və komitələrin tərkibində fəaliyyət göstərirlər. Bu halda onların fəaliyyətinin əlaqələndirilməsi prosesi ayrı-ayrı nazirlik və komitələrin fəaliyyətinin əlaqələndirilməsi müstəvisində həll olunur. Bu isə vaxt və maliyyə itkisi deməkdir. Onlar bir qurumda birləşsələr, fəaliyyətlərini koordinasiya etməyə ehtiyac qalmayacaq, çünki bir yerdə və daha çevik fəaliyyət göstərəcəklər. Bu səbəbdən də artıq öz işini müasir tələblər səviyyəsində qura bilməyən dövlət qurumlarının ləğv olunması, daha çevik, operativ strukturlarla əvəz edilməsi zərurətə çevrilib.

Aparılacaq islahatlar nəticəsində yığcam, daha az vəsaitlə daha böyük göstəricilərə nail olan idarəetmə sistemi yaradılacağı şübhəsizdir. Eyni zamanda bir sıra məmurların yerdəyişməsi və yaxud da istefaya göndərilməsinin bu fonda labüd olacağı qaçılmazdır.

Dövlət başçısının çıxışında ötən illər ərzində müxtəlif sahələrdə baş verən çatışmazlıqlar-konkret olaraq vergi, kənd təsərrüfatı sahəsində hökm sürən korrupsioner idarəetmə sərt şəkildə tənqid edildi. Prezidentin bir sıra strukturlarda hökm sürmüş neqativ hallar barəsindəki sərt mesajları digərlərinə xəbərdarlıq kimi qəbul edilməlidir.

2019-cu ildə struktur islahatları həyata keçirilməklə daha çevik mexanizm formalaşdırılacaq ki, bu da Azərbaycanda iqtisadi islahatları aparmaq üçün normal şərait yaratmağa yönəldilib. Struktur islahatları bu gün Azərbaycan Hökumətinin apardığı iqtisadi islahatların mühüm tərkib hissəsidir. Bu səbəbdən də ölkədə aparılan struktur islahatlarının davamlı olacağı heç bir şübhə döğurmur. Əslində indiki sürətli islahatlar dönəmində bu islahatlarsız keçinmək mümkün deyil. Struktur islahatları idarəetmədə paralleliyin ləğvini, çevikliyin təmin edilməsini, inkişafın qarşısında əngələ çevrilən məqamların tam aradan qaldırılmasını hədəfləyən islahatlardır.

Ötən illər ərzində bu istiqamətdə çox işlər görülüb. İdarəetmədə maksimum çevikliyin təmin edilməsi üçün bir çox dövlət strukturları ləğv edilərək başqa müvafiq qurumlarla birləşdirilib, məmur - vətəndaş münasibətlərindəki neqativ halların aradan qaldırılması məqsədilə bir çox dövlət orqanlarının funksiyaları ASAN Xidmətə verilib. Bu istiqamətdə atılan addımlar bəzi strukturların ləğvini və onların yenidən təşkilini zəruri edib.

İslahatlar həmçinin idarəetmədə paralelliyin aradan qaldırılması və çevikliyin təmin edilməsi ilə yanaşı həm də dövlət büdcəsinin vəsaitlərinə qənaət etməyə və lüzumsuz xərcləri aradan qaldırmağa imkan verəcəkdir..Aparılan isalahatlar döllət qulluğunda çalışan şəxslərin əmək haqlarının - qanuni gəlirlərinin artmasına da yol acacaq. Bu, eyni zamanda korrupsiyaya qarşı mübarizənin effektivliyini də artıracaq.

Yeni ilin ilk günlərində cənab Prezidentin çıxışı bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti islahatların davamlı şəkildə aparılmasında qərarlıdır və 2019-cu ilə bu istiqamətdə daha mühüm addımlar atılacaq. Bu isə hələ də korrupsioner fəaliyyətindən əl çəkmək istəməyən bir çox vəzifə sahiblərinin labüd sonunu gətirəcək. Prezidentin son çıxışı yəqin ki, çoxlarının yuxusunu ərşə çəkib. Bu həm də onlar üçün sonun başlanğıcıdır!
Rubrika.Az

Geri qayıt