Əsas Səhifə > Ölkə, Manşet > "Yazdığımız biznes planı bəh-bəhlə qəbul edildi, mükafatı da 20 xəstə qoyun oldu..."

"Yazdığımız biznes planı bəh-bəhlə qəbul edildi, mükafatı da 20 xəstə qoyun oldu..."


12-06-2019, 10:02
"Yazdığımız biznes planı bəh-bəhlə qəbul edildi, mükafatı da 20 xəstə qoyun oldu..."
“1 ay təpik döydük, 40 saat dərslərdə oturduq. Yazdığımız biznes planı bəh-bəhlə qəbul edildi. Mükafatı da 20 xəstə qoyun oldu”.

DİA.AZ bildirir ki, Ucarın Məlikballı kəndinin sakini Ruslan Namazov belə deyir. Bildirir ki, əvvəllər də heyvandarlıqla məşğul olublar. Sonra müflis olub, bütün heyvanlarını satıblar. Ailənin vəziyyəti o qədər ağırlaşıb ki, sonda ünvanlı sosial yardıma müraciət etməli olublar. 2 il yardımla dolanıblar. Sonra Ucar Rayon Məşğulluq Mərkəzi ailəyə “yardımdan imtina et, sizə mal-heyvan verək” – təklifi edib.

R.Namazov deyir ki, heyvandarlığın nə qədər gəlirli sahə olduğunu bildiyi üçün elə həmin günü yardımdan imtina edib, dərslərə yazılıb.

“Daha haradan bilərdm ki, yardımdan imtina etməyimə min peşman olacağımı? Gecənin yarısı gətirib həyətə 20 qoyun atıb getdilər. Ancaq imzaladığımız müqavilədə deyilir ki, bizə 20 ədəd yanıbalalı qoyun və 1 qoç verilməli imiş. Bunlar isə 20 qoyun verdilər. Qoçu soruşanda da əlavə bir qoyun da verdilər qucağıma ki, satıb, qoç alarsan. Həmin qoyun da xəstəlikdən güclə ayaq üstə dururdu. Səhərisi bazara apardım, birtəhər 60 manata sata bildim. Üstünə də əlimdə-ovcumda qalan 140 manatı qoyub bir qoç aldım”.

Kəndli deyir ki, bu da işə yaramayıb. İndiyə qədər həmin qoyunlardan cəmi 5-nin balası olub. Üstəlik, 9 qoyun xəstəlikdən ölüb:

“Düzdür, yerinə gətirib başqasını verdilər. Ancaq o gətirdiklərinin içində də ölənlər oldu. Sonra yenə başqasını gətirdilər. Hamısı xəstə qoyunlardır. Məsələ də burasındadır ki, mən xərc çəkib onları müalicə etdirirəm, ölürlər, sonra yenidən başqa xəstə qoyun gətirirlər. Bu dəfə həmin qoyuna xərc çəkirəm, sonra o da ölür. Mən artıq başıma haranın daşını tökəcəyimi bilmirəm”.

Ruslan Namazov bildirir ki, gətirilən qoyunlar həm xəstə, həm də qısırdır. Özünüməşğulluq proqramının isə şərtləri var. Verilən heyvanları yox, balasını, südünü, qatığını satmaq olar:

“Balalayır ki, satım? Gərək balalasın ki, südü, qatığı da oldun. Bu heyvanlar gəldikləri gündən bizdən alıblar ancaq. Hələ mən bu heyvanlardan bir xeyir görməmişəm. Belə getsə, nəsə xeyir görəcəyimə də inanmıram. Ünvanlı sosial yardım da əldən çıxdı. 4 qızım var, hamısı da oxumaq istəyir. Mən daha bilmirəm ailəmi necə dolandırım, o qızları necə oxudum. Heç nə bilmirəm”.

R.Namazov anlaya bilmir ki, niyə məşğulluq mərkəzinin əməkdaşları ailələrə verilən heyvanları gecəyarı, tələsik gətirirlər:

“İnanın, gətirənlərin üzünü də görmürük. Əgər bir gizlin işləri yoxdursa, niyə gecəynən gəlirlər, niyə üzlərini bizdən gizlədirlər, anlamıram. Elə sənədləri də gecəynən, sevincək imzalamışıq, görməmişik bizi aldatdıqlarını. Sonradan oxuyuram ki, sənəddəki şərtlər tamamilə fərqlidir. Çoxunda bruselyoz xəstəliyi var. Özüm 3 il bruselyoz xəstəliyindən əziyyət çəkmişəm, illərlə müalicə alıb, güclə xilas olmuşam. İndi qorxuram ki, yenə tutam. O xəstəliyi yaxşı bilirəm. Səhər tövləyə girəndə hamısının nəfəsindən çox pis qoxu gəldiyini hiss edirəm”.

R.Namazov deyir ki, gecə ilə heyvanları gətirənlərdən 2 nəfəri tanıya bilib. Hər ikisi məşğulluq mərkəzinin əməkdaşları olub:

“Biri Elgün adlı şəxs, digəri də Qasım müəllim idi. Mən dedim ki, gündüz gətirsinlər, baxım, seçim götürüm heyvanı. Dedilər, götürmürsənsə, imtina ərizəsi yazacağıq. Ondan sonra müraciət etsən də, verməzlər. Məcbur olub, götürdüm. İnanın, az qala arpamın hamısını yeyib bitiriblər. Heç əmələ də gəlməyiblər”.

R.Namazov problemi ilə bağlı Bakıya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də gedib. Oradan da bildiriblər ki, vətəndaşa istəmədiyi heyvanı zorla verə bilməzlər:

“Ancaq biz bölgələrdəki məmurlara dərdimizi deyə bilmirik. Heyvanı üstümüzə atıb qaçırlar. Bəlkə də tamah imkan vermir. Dövlətin gül kimi layihəsini bölgədəki məmurlar məhv etdi. Milləti çox yaxşı ələ saldılar”.

Bölgələrdəki insanlar proqramı sırf bölgə məmurlarının məhv etdiyini düşünürlər. Daha bilmirlər ki, Dövlət Məşğulluq Xidməti 2018-ci ilin avqustunda respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün “Aqri Kon” MMC və “Bis Co” MMC ilə müqavilələr bağlayıb. Konsorsiumun aparıcı təşkilatı olan “Aqri Kon” MMC ilə bağlanan bu müqavilənin 19 milyon 225 min 246 manatlıq dəyəri var. Ancaq həmin şirkətlər layihəni heç bir tenderdə udmayıblar. Dövlət Satınalmaları Reyestrinin saytında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu işlərlə bağlı elan etdiyi hər hansı tender elanına rast gəlinmir.

Nazirliyin layihəni birgə həyata keçirdiyi “Aqri Kon” MMC-nin rəhbəri Elman Umudov da etiraf edibki, daha özünüməşğulluq proqramı onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq etdikləri ilk layihə deyil. Daha öncə də müxtəlif şirkətlərlə nazirliyin bir neçə layihəsində qalib olublar:

“Mən nazirliyin tenderlərində əvvəllər də qalib gəlmişəm. Sadəcə başqa şirkət adı ilə. Özünüşəşğulluq proqramını həyata keçirən Bis Co” MMC Fariz Hüseynlinindir, “Aqri Kon” MMC də mənim. Birgə işləyirik. Yeni şirkətlə tender udmağa gəlincə, sadəcə əvvəlki şirkətlərdə problem yaratdılar. Gah dedilər, vergidən azadsız, gah dedilər, 8 faiz ödəməlisiniz. Bir sözlə, o sənədləri hazırlamaq 4-5 ay çəkdi. Axırda yeni şirkət açmaq qərarına gəldik. Açdıq və yeni şirkətlə müraciət edib, tenderi udduq”.

Bölgələrdə insanlara xəstə heyvanların verilməsi şikayətlərinə gəlincə, Elman Umudov deyib ki, vətəndaşların şikayətləri yersizdir. Kimsəyə xəstə, çıxdaş heyvan verilməyib:

“Elə insanlar şikayət verib ki, heç onlara nazirlik yardım da göstərməyib, o adamların çoxu heç heyvan da almayıb. Yazıblar də, şikayətdi, ediblər. Guya onlara xəstə heyvan vermişik. Gedib araşdırıblar, məlum olub ki, heç kəndlərdə belə insanlar yoxdur. Yalandır, böhtandır”.

Ucar Rayon Məşğulluq Mərkəzinin direktoru Qasım Kamilov da vətəndaşların yalan söylədiyini bildirib. O, deyib ki, vətəndaşlar onlara verilən heyvanları saxlaya bilmirlər, bəhanə edirlər:

“Düzdür, layihədə əvvəlcə bir-iki xırda problem olub. Ancaq indi hamısı həll edilib,, bitib. Gül kimi heyvanlar verilib camaata, xəstə deyillər. Görünür yaxşı baxa bilmirlər deyə günahlandırmağa yer axtarırlar”.

Rəsmi məlumatlara görə, 2017-ci ildə Özünüməşğulluq Proqramından 1232 ailə faydalanıb. 2018-ci ildə isə proqrama 35 milyon manat vəsait ayrılıb .

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ildə proqramın 7737 nəfəri əhatə etdiyini deyib:

“Onlardan 1029 nəfəri gənc, 1255 nəfəri məcburi köçkün, 816 nəfəri ünvanlı sosial yardım alan, 298 nəfəri müharibə veteranıdır. Bundan başqa, Özünüməşğulluq Proqramı ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub”.

2019-cu ildə bu proqrama daha 8000 nəfərin cəlb olunması və yenə 30 milyondan artıq vəsait ayrılması planlaşdırılır.

Geri qayıt