Əsas Səhifə > Ölkə, Manşet > Banka 2,3 milyon borcu olan şirkət BİRLƏŞMƏ YOLU İLƏ «ARADAN ÇIXIB»

Banka 2,3 milyon borcu olan şirkət BİRLƏŞMƏ YOLU İLƏ «ARADAN ÇIXIB»


12-12-2019, 10:37
Banka 2,3 milyon borcu olan şirkət BİRLƏŞMƏ YOLU İLƏ «ARADAN ÇIXIB»
Azərbaycanda ləğv prosesində olan “Bank of Azerbaijan” ASC “Ram-Nur” MMC-ni məhkəməyə verib.

FED.az xəbər verir ki, daha dəqiqi Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu cavabdeh “Crystal Clean” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Bank qeyd edilən şirkətdən 1 milyon 320 min manat əsas borc, 713 min 890 manat faiz borcu, 230 min 643 manat cərimə borcu tələb edir. Bundan başqa başqa bank, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 21 min 449 manat, cəmi borc üzrə 2 milyon 285 min 984 manat borcun və ləğv prosesində olan “Bank of Azerbaijan” ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
İddia tələbi onunla əsaslandırılıb ki, “Bank of Azerbaijan” ASC ilə cavabdeh “Crystal Clean” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən “Crystal Clean” MMC-yə 60 ay müddətinə 12 %-lə 1 milyon 320 min manat məbləğində kredit verilmişdir. Cavabdeh isə qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

Məhkəmə mülki iş materiallarını tədqiq edərək belə qənaətə gəlib ki, iddiaçı tərəflər arasında mübahisəli kredit müqaviləsinin bağlanmasını, eləcə də iddia ərizəsində göstərilmiş pul vəsaitlərinin borc alana kredit olaraq verilməsini, yəni cavabdehin kredit məbləğini, eləcə də həmin məbləğə hesablanmış faizləri ödəmək öhdəliyinin yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməyib. Odur ki, mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilib.

Bəs bu prosesdə «Ram-Nur» MMC-nin adı niyə hallanır? Məsələ bundadır ki, 2016-cı ildə “Crystal Clean” MMC və onun kimi digər 30 MMC «Ram Nur» şirkətinə birləşdirilərək ləğv edilib. Bu şirkətlərin bir hissəsi hazırda müflis vəziyyətdə olan iş adamı Hafiz Məmmədova və onun oğlanlarına məxsusdur. Maraqlıdır ki, bağlanan «Bank of Azerbaijan» da Hafiz Məmmədovun idi. Başqa sözlə, bank vaxtilə bu krediti öz «qohum» şirkətinə ayırmışdı.

Haqqında söhbət gedən şirkətlər bunlardır:

“F.S.P.” MMC, “G-Turbo” MMC, “Caspian PMSS” MMC, “Candy Baku” MMC, “Financial Consulting Group” MMC, “NK-Standart” MMC, “Baku Flames İK” MMC, “Elit Catering Company” MMC, “Az Point” MMC, “R and R Group” MMC, “Raxon-S” MMC, “Solid System” MMC, “Yaşıl Körpü” MMC, “Elit Trade” MMC, “İnci Ada” MMC, “Stimul Servis-R” MMC, “”Renovation” MMC, “P.S.C.” MMC, “Sharp end Enterprices” MMC, “Bakplast” MMC, “N-Style” MMC, “Private Trade” MMC, “Business-Like” MMC, “Practical Advace” MMC, “Dynamic Plus” MMC, “Texnovilla” MMC, “Crystal Clean” MMC, “BG-Tikinti” MMC, “A-Trade” MMC, “A-Trade” MMC, “Railor-K” MMC ləğv olunaraq “Ram-Nur” MMC-yə birləşdirilib. “Ram-Nur” MMC də yenidən təşkil olunub.

Geri qayıt