Əsas Səhifə > Ölkə, Manşet > Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı?
Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı?18-12-2019, 09:27 |
"Aradabir Bakıdan gəlirlər, məktəbi, yolları sağdan-soldan çəkirlər, sonra da gedib icra hakimiyyətindən, təhsil şöbəsindən dilənçi kimi pullarını alıb, çəkdikləri videoları da silib, qayıdırlar Bakıya...” DİA.AZ bildirir ki, Cəlilabadın Musalı kənd sakinləri problemlərindən danışırlar. Onların əsas şikayətləri kənd orta məktəbinin binası, kənd yolları, mavi yanacağın, kənddə tibb məntəqəsinin, aptekin olmamasıdır. Sakinlərin sözlərinə görə, 200-ə yaxın şagirdin təhsil aldığı 11 illik kənd orta məktəbinin binası 1958-ci ildə istifadəyə verilib. 61 ildir ki, fəaliyyət göstərən məktəb ara-sıra elə sovet vaxtı təmir olunurmuş: “O vaxtlar aradabir dam örtüyü təzələnirdi, şüşəsi, qapısı dəyişdirilirdi, sinif otaqlarının, dəhlizlərin divarları rənglənirdi, avadanlıqlar yenilənirdi... 30 ilə yaxındır ki, məktəbdə bu işlər görülmür. Döşəmələr çürüyüb, dam örtüyü dağılıb, sinif otaqlarında dərs vaxtı uşaqların ayağının altından siçovullar qaçır. Partalar, stullar sınıq-salxaqdır. Heç bir dərs ləvazimatı yoxdur. Bu şəraitdə hansı təhsildən söhbət gedə bilər? Hamı məktəbə sadəcə vaxt keçirmək üçün gedir – müəllimlər də, şagirdlər də... Gərək müəllimin əlinin altında avadanlıq, dərs vəsaiti, normal, müasir standarta cavab verən dərs ləvazimatı olsun ki, şagirdə dərs keçsin. Müəllim də, şagird də sinifdə zəng vurulanadək özünü siçovullardan qorumaqla məşğuldur”. Sakinlər deyir, ötən qış məktəb şagirdlərin gətirdikləri odunla isinirmiş. “Uşaqlar məktəbə növbəylə odun aparırdılar. Ötən qış uşaqlara növbəti dəfə məktəbə odun gətirmələri tapşırılanda etiraz etdik, məktəb bir neçə gün isinmədi, uşaqları məktəbə buraxmadıq, icra hakimiyyəti görəndə ki, valideynlər dirənib, özləri odun problemini həll etdilər. Bu il isə hələlik məktəbdə odun problemi yoxdur. Qarşıdakı daha soyuq, sərt aylarda vəziyyət necə olacaq, bilmirik”, - valideynlərdən biri deyir. Sakinləri narahat edən məsələlərdən biri də kəndiçi yollardır. Onların deməsinə görə, əsasən qış aylarında yolların keçilməzliyidir: “Ağır xəstəmiz olanda Yardımlı yoluna qədər zorla aparıb çatdırırıq. Bəzən dizə qədər palçıq olur. Uşaqları məktəbə göndərəndə ayaqqabılarının üstündən sellofan bağlayırıq. İmkan versələr, heç olmasa özümüz meşədən torpaq gətirib, çınqılla qarışdırıb kəndiçi yollara tökərik. Meşədən torpaq daşımağa da icazə yoxdur”. Hələ Sovet vaxtından kənddə qaz xətti olmayıb. Sakinlər deyir, odunun da ilbəil bahalaşması vəziyyəti ağırlaşdırır: “Bunun bir çıxış yolu olmalıdır. Ya hər ailə üçün limit ayırsınlar, meşədən özləri odun payı versinlər, ya qaz məsələsini həll etsinlər. Bizi meşəyə yaxın buraxmırlar, özləri meşəni kəsib, gətirib odunu bizə beşqat qiymətə satırlar. Meşəni qırmaq olmazdısa, bu odunu hardan əldə edib, gətirib bizə satırlar?” Kəndlilər deyir, evlərdə elektrik cihazları qoşmaq da mümkün deyil, çünki elektrik naqilləri yüklənir və qısaqapanmalar baş verir. Kəndin daha bir problemi isə aptek və tibb məntəqəsinin olmamasıdır: “Başağrı dərmanına görə də rayon mərkəzinə getməli oluruq. Kənddə bir tibb məntəqəsi olsa, xəstələr sistem köçürməsinə, iynə vurdurmağa görə rayon mərkəzinə getməz. Bir aptek olsa, lazım olan anda dərman üçün məəttəl qalmarıq”. Kənddə işsizlik hökm sürür. Dağ kəndi olduğuna görə, kəndlilər əkinlə geniş məşğul ola bilmirlər. Əsas məşğuliyyətləri heyvandarlıqdır. Ancaq qeyd edildiyi kimi, yolların bərbad olması heyvandarlığa da mane olur. Geri qayıt |