Əsas Səhifə > Ölkə, Manşet > Mənzillərin icbari sığortası ilə bağlı ŞOK İDDİA
Mənzillərin icbari sığortası ilə bağlı ŞOK İDDİA25-12-2019, 11:05 |
Daşınmaz əmlakın icbari sığortasından yayınanların cərimələnəcəyi xəbəri cəmiyyətdə narahatlıq yaratsa da, cərimələrin hansı formada tətbiq olunacağı barədə dəqiq məlumat yoxdur. Çünki bu, vətəndaşların daha əvvəllər rastlaşmadıqları yenilikdir. Mövzu ilə bağlı AYNA-ya şərh verən iqtisadçı-ekspert Samir Əliyev, icbari sığortanı kommunal ödənişlərlə müqayisə edib: “Məsələn, vətəndaş kommunal xidmətlər üçün pul ödəmirsə, məsələ sadə yolla həll olunur - abunəçinin işıq, qaz və su təchizatı kəsilir. Yaxud dövlətə vergi ödəmədiyi təqdirdə sahibkarın bank hesabına sanksiya tətbiq olunur. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası vəziyyətində, sığorta vəsiqəsi olmadıqda sahibi nəqliyyat vasitəsindən istifadə edə bilməz və s. Bütün bu hallarda, dövlətin bir vasitəsi var, ancaq daşınmaz əmlakın icbari sığortası olmadığı halda necə olacağı aydın deyil”. “Ola bilərmi ki, sığortadan yayınan vətəndaşların mənzilləri əllərindən alınsın” sualını cavablandıran ekspert, vəziyyətin o dərəcədə kəskinləşəcəyini güman etmir: “Dərin sosial məzmunu nəzərə alsaq, dövlətin ağır cəzalar tətbiq etmək məsələsində sona qədər gedəcəyini düşünmürəm. Buna görə də hesab edirəm ki, könüllü sığorta sisteminə keçilməli və mövcud qanun ləğv edilməlidir. Mənzil sığortası sistemi ictimai etimad və sığorta savadı əsasında qurulmalıdır. Əks təqdirdə, bu təşəbbüs uğursuz olacaq, sadəcə işləməyəcək, ən pis halda, sosial gərginliyin artmasına səbəb olacaq”. “Dünyanın əksər ölkəsində daşınmaz əmlak sığortası könüllüdür. Bundan əlavə, belə vəziyyətdə icbari sığorta Azərbaycan Konstitusiyasının 29.3-cü maddəsinin "Mülkiyyət" maddəsinə ziddir”, - S.Əliyev vurğulayıb. Qeyd edək ki, gələn ilin əvvəlindən tətbiq olunacağı gözlənilən daşınmaz əmlakın icbari sığortası üzrə paytaxt sakinləri illik 50 manat ödəməli olacaqlar. Bu, Gəncə, Sumqayıt və Naxçıvan sakinlərinə, orta hesabla 40 manata başa gələcək. Ölkənin digər bölgələrində daşınmaz əmlak sığortası üçün 30 manat ödəniləcək. İcbari sığortadan yayınanlar üçün inzibati cəza nəzərdə tutulur: Fiziki şəxslər üçün cərimə 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün 200 manat. Sığorta vəsiqəsi almaq üçün şəxsiyyət vəsiqəsi və Dövlət Reyestrindən Çıxarış (“kupça”) təqdim etməklə, hər hansı sığorta şirkəti ilə əlaqə saxlaya bilərsiniz. Geri qayıt |