Əsas Səhifə > Ölkə, Manşet > “Nə var köhnələrdə var, gənc nə bilir məclis nədir?”

“Nə var köhnələrdə var, gənc nə bilir məclis nədir?”


4-02-2020, 11:27
“Nə var köhnələrdə var, gənc nə bilir məclis nədir?”
Hakim partiyanın 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən irəli sürdüyü namizəd dövlət siyasətinin əleyhinə çıxır.

Secki.net xəbər verir ki, Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edən namizədlər sırasında kifayət qədər yeni simalar var. O cümlədən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 123 nəfərlik namizədlər siyahısı da xeyli yenilənib və oraya ictimaiyyətin o qədər də tanımadığı müəyyən sayda şəxslər daxil edilib.

YAP-ın yeni namizədlərinin bir qismi müasir düşüncəli, dövrün çağırışlarına cavab verən gənclər olsa da, təəssüf ki, müəyyən istisnalar da var. Hakim partiyanın bu kriteriyalara cavab verməyən deputatlığa namizədlərindən biri də 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən irəli sürülmüş Sadiq Qurbanovdur.

Sadiq Qurbanov Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitısinin sədr müavini vəzifəsini tutur. Deputatlığa namizədliyinin irəli sürülməsi onun öz təkidi, yoxsa YAP rəhbərliyinin təşəbbüsüdür – bu, məlum deyil. Fakt faktlığında qalır ki, Qurbanov artıq deputatlığa namizəddir və Milli Məclisdə Şabran-Siyəzən seçicilərini təmsil etmək iddiasındadır.

Xatırladaq ki, 9 fevral seçkiləri çərçivəsində yanvarın 17-də başlayan təşviqat kampaniyası fevralın 7-də başa çatacaq. Yəni namizədlərin seçici etimadını qazanmaları üçün cəmi bir neçə gün vaxtları qalıb. O baxımdan, mandat uğrunda mübarizə aparan iddialılar təşviqatyönlü fəaliyyətlərini genişləndirirlər.

Amma nə qədər qəribə olsa da, bu fəaliyyət sanki Sadiq Qurbanova aid deyil. Onu nə Şabran və Siyəzən əhalisinin problemi, nə də seçkidəki rəqiblərinin fəaliyyyəti maraqlandırmır. YAP-ın namizədi statusuna güvənən Qurbanov özünə əziyyət verib seçicilərin görüşünə getmir. Əslində, burada gözlənilməz heç nə yoxdur. Çünki əsas işi Azərbaycanda ən geniş sektor olan neft-qaz işçilərinin hüquqlarını qorumaq olan Qurbanov bu məsələdə indiyə kimi əlini ağdan-qaraya vurmayıbsa, bir nəfərə faydası dəyməsibsə, Şabran-Siyəzən əhalisi üçün nə edəsidir ki?

Bu azmış kimi, Qurbanov dar çevrəli söhbətlərində dövlətin siyasətinə zidd fikirlərini də çəkinmədən dilə gətirir. Məsələn, Qurbanov o söhbətlərində ölkə rəhbərliyinin köklü islahat və gənclərə meydan vermək siyasətinin əleyhinə çıxmaqdadır. Onun məntiqi də olduqca ziyanlı və hakimiyyətin, YAP-ın siyasətinə meydan oxumaqdır. Təsəvvür edin ki, Qurbanov gənclərin etimad göstərilərək, yüksək vəzifələrə təyin olunmalarını həzm edə bilmir və narazılığını ucadan bildirmək qədər irəli gedir: “Gənclər nə bilirlər, işləmək nədir, ağızları söz, əlləri isə iş tutmur. Onları vəzifəyə təyin etmək olar? Nə var köhnələrdə var, gənc nə bilir məclis nədir?” Bu, hələ hamısı deyil. Qurbanov yaxın adamları ilə söhbətlərində ölkədə aparılan yeniləşmə siyasətinə qarşı çıxaraq, bu dövləti az qala özünün qurduğunu iddia etməkdədir.

Şübhə yoxdur ki, Sadiq Qurbanovun seçki kampaniyası dövründə dilə gətirdiyi bu düşüncələri hakimiyyətdəki yüksək dairələrə və YAP rəhbərliyinə də artıq məlumdur. O baxımdan, Qurbanovun timsalında bu başabəla “hüquq müdafiəçisi”nin layiq olduğu yerə otuzdurulacağının zaman məsələsi olduğu dəqiqdir.

Mənbə: Secki.net

Geri qayıt