Əsas Səhifə > Ölkə, Manşet > Nuru Quliyev öz ərizəsiylə açılan məhkəmədən niyə yayınır?
Nuru Quliyev öz ərizəsiylə açılan məhkəmədən niyə yayınır?5-03-2020, 12:43 |
Azərbaycanın Qarsdakı Baş konsulu iki gün öncə Dilucu sərhəd-gömrük keçid məntəqəsinə gəlib. Sərhəddə Baş konsulun üzünə belə baxan olmayıb. Ovqat.com-a bu barədə məlumatı “İğdırın kamyon “şoferləri”” verib. Günlərdir koronavirus səbəbindən qapanan sərhəddə gedib gələnləri izləməkdən başqa onsuz da heç bir iş görə bilməyən “sürücülərin” müşahidəsinə görə, Naxçıvan gömrüyündə olduqca soyuq qarşılanan Baş konsul çox pəjmürdə halda görünüb. Sürücülər eşidiblər ki, Baş konsulu Muxtar Respublikaya hesabat vermək üçün çağırıblar. Onun İğdırdakı fəaliyyətilə bağlı Muxtar Respublikanın hüquq-mühafizə orqanlarına ifadə verdiyi iddia olunur. Məlumata görə, Azərbaycanın media orqanlarında Nuru Quliyevin “diplomatik” fəaliyyəti (ki ibarətdir Naxçıvanın iməclik mədəniyyətini Türkiyəyə daşımaqdan) barədə yazıların dərc olunması Naxçıvan rəhbərliyini ciddi narahat edib və onlar mərkəzi hakimiyyəti gözləmədən Baş konsulu cəzalandırmağa qərar veriblər. Maraqlıdır ki, Baş konsulu qanunən təyin edən şəxs ölkə başçısı İlham Əliyevdir və o, yalnız prezident qarşısında hesabat verə bilər. “İğdırın kamyon “şoferləri”ni” ən çox təəccübləndirən də elə budur: Prezidentin əvəzinə Naxçıvan hüquq mühafizəçiləri niyə Baş konsulu sorğuya çəkirlər? Qeyd edək ki, Baş konsul Nuru Quliyev ASİMDER başqanı Göksel Gülbeyi məhkəməyə verməklə özü öz vəziyyətini xeyli çətinə salıb. Məsələ təkcə onda deyil ki, Göksel Gülbey Azərbaycanın Türkiyədə və beynəlxalq aləmdə əsas sözçülərindən biridir, uzun illərdən bəri fəaliyyətini əsassız erməni iddialarının ifşasına həsr edib və onun Azərbaycan prezidentini təmsil edən şəxs tərəfindən məhkəməyə verilməsi istər-istəməz Qars və İğdır vilayətlərində yaşayan soydaşlarımızda xəyal qırıqlığı yaradıb. Məsələ həm də ondadır ki, Nuru Quliyev Türkiyənin məhkəmə orqanlarına şiklayət ərizəsini Baş konsulluğun rəsmi blankında yazıb, bununla da öz şəxsi probleminə dövləti mənafe fonu verməyə çalışıb. İğdır valiliyi də Azərbaycan dövləti adından verilən şikayət əsasında Göksel Gülbeyi Türkiyənin başqa vilayətinə sürgün edib. Qarsdakı Baş konsulumuzla ASİMDER başqanını düşmən edən isə adi bir foto-şəkildir. İddialara görə, Nuru Quliyevin bir neçə il əvvəl FETÖ lideri Fəthullah Gülənlə çəkilmiş bir fotosu Azərbaycan rəhbərliyinə göndərilib və Baş konsul buna görə ölkəyə çağırılıb sərt şəkildə danlanılıb. Baş konsul foto-şəkilin Azərbaycan hakimiyyətinə göndərilməsində Göksel Gelbeydən şübhələnib və yenidən Qarsa iş başına qayıdanda isə özünün sonunu gətirən məlum səhvə yol verib: Baş konsulluğun rəsmi blankında yazılmış şikayət ərizəsiylə məhkəməyə müraciət edib. Azərbaycan dövləti adından verilən həmin şikayət ərizəsində foto-şəkilin montaj edildiyini irəli sürülür və Göksel Gülbeyin cəzalandırılması tələb olunur. Maraqlıdır ki, İğdır məhkəməsi artıq bir ildir verilən həmin şikayət ərizəsinə baxa bilmir. Səbəb - Baş konsulun məhkəməyə gəlməməsidir. Diplomatik toxunulmazlığı və şikayətçi tərəf olduğundan məhkəmənin onu zorla iclasa gətirilməsi barədə qərar çıxarması da mümkün deyil. Beləcə, oxu atıb yayı gizlədən Baş konsul İğdır məhkəməsinin fəaliyyətini də iflic vəziyyətinə salıb. Ovqat.com böyük diplomatik qalmala səbəb olan həmin foto-şəkili əldə etməyi bacarıb. Sözsüz ki, bunu saytımıza “İğdırın kamyon sürücüləri” göndərməyiblər. Azərbaycan oxucularını və hakimiyyətini məlumatlandırmaq məsuliyyətimizi nəzərə alıb həmin başıbəlalı fotonu təqdim edirik. Ümidvarıq ki, Azərbaycanın müvafiq qurumları fotonun montaj olub olmadığını müəyyənləşdirəcək və İğdır məhkəməsini bir ildir çarəsini tapa bilmədiyi bu əzabdan qurtaracaq. Geri qayıt |