Əsas Səhifə > Ölkə, Manşet > "Mən vəzifə borcumu yerinə yetirmişəm... "

"Mən vəzifə borcumu yerinə yetirmişəm... "


22-06-2020, 10:45
"Mən vəzifə borcumu yerinə yetirmişəm... "
Prezidentin keçmiş köməkçisi Əli Həsənov hüquq müdafiəçisi Taleh Xasməmmədovun ittihamlarına cavab verib.

Yenisabah.az xəbər verir ki, hüquq müdafiəçisi Əli Həsənovu “otkat”da ittiham edib. "14 oktyabr 2019-cu il tarixdə keçirilən "Bakı Beynəlxalq Media Konfransı" na gələn 200 nəfərdən çox Türkiyə və digər ölkə nümayəndələrinin hər birinin gündəlik otel xərcləri 340 manat olduğu halda, Əli Həsənov bu məbləği 2800 manat olaraq "otkat" edib. Baxın, bir günlük otel xərcləri üçün 560 000 manat! İndi görün, bizim ölkənin taleyi kimlərin ümidinə qalıbmış”, - deyə o bildirib.

Əli Həsənov isə bu ittihamların əsassız olduğunu bildirib. “Bir müddət əvvəl Taleh Xasməmmədov adlı birisi öz FB səhifəsində bəsit təxəyyülü və təfəkkürünə uyğun formada tamamilə yalan və böhtan xarakterli bir status paylaşıb.

Statusda iddia olunur ki, guya mən Prezident Administrasiyasında işlədiyim zaman ölkəmizdə keçirilən beynəlxalq jurnalist forumlarından birində dövlətin ayırdığı bir milyon manatdan artıq vəsaiti aldatma yolu ilə “otkat” kimi mənimsəmişəm. Daha sonra yalan və böhtan xarakterli materialları yoxlamadan yaymaqda ixtisaslaşan bir neçə saytlar “xüsusi sensasiyalı xəbər kimi” həmin materialı paylaşaraq, neçə müddətdir ki, medianın gündəminə çevirməyə çalışırlar”, - deyə keçmiş köməkçi vurğulayıb.

O daha sonra bu məsələ ilə bağlı Prezident Administrasiyasının keçmiş əməkdaşı Bəhruz Həsənovun bu barədə yazdıqlarını təqdim edib:

“Bəhs olunan həmin tədbirin təşkilatçısı olmuş PA-nın keçmiş məsul işçisi Bəhruz Həsənovun bu mövzuya həsr etdiyi xüsusi yazını diqqətinizə çatdırıram. Düşünürəm ki, içtimai rəylə spekulyasiya edən belə “jurnalistlərə” qarşı bu metod daha effektli olar, nəinki məhkəməyə müraciət etmək.

Bəhruz Həsənovun statusu: “14 oktyabr 2019-cu ildə keçirilən "Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransının təşkilati işləri ilə bilavasitə mən məşğul olmuşam. Yəni bütün proses mənim rəhbərliyim ilə həyata keçirilib.

Tədbirdə Türkiyədən və digər ölkələrdən olan 70-ə yaxın jurnalist iştirak edirdi. Qeyd etməliyəm ki, konfrans yüksək səviyyədə baş tutdu, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi kimi Əli Həsənov, qardaş Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu iştirak və çıxış etdilər. Qısaca deyə bilərəm ki, "Kürəsəl Gazeteçiler Cemiyyeti"nin başqanı Mehmet Ali Dim və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı ilə bərabər olduqca məhsuldar və səmərəli bir işə imza atdıq.

Bu barədə daha artıq danışmağım özümü, özümüzü tərifləmək olar ki, fikrim – məqsədim o deyil. Mən vəzifə borcumu yerinə yetirmişəm...

Tədbir üçün gələn qonaqların nəqliyyat (ölkəyə gəliş-gediş) xərclərini Türkiyə tərəfi, otel və yemək xərclərini isə sponsor şirkət - otel qarşılayıb (oteli müəyyənləşdirib açıqlama almaq və onu yayımlayaraq üzr istəmək kimi bir alicənab davranış gözləyirəm). Bütün danışıqları hörmətli Əli Həsənovun tapşırığı ilə mən aparmışam. Heç kim üçün, heç nə üçün ödəniş olmayıb. Yəni buradan sizə çörək çıxmaz, başqa yerdə xosunlaşın!”

Geri qayıt