Əsas Səhifə > Ölkə, Manşet > "Ağsaqqal"ın QÜRUBU...
"Ağsaqqal"ın QÜRUBU...24-07-2020, 10:07 |
Xəbər verdiyimiz kimi, iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə əlaqədar qurumların ünvanına kəskin iradlar səsləndirib. Cebhe.info xəbər verir ki ölkədə su qıtlığı probleminin ciddi müşahidə olunduğunu deyən dövlət başçısı aidiyyəti qurumların problemin həllində üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini bildirib: “Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır”. Prezidentin ciddi tənqid və iradına tuş gələn qurumlardan biri də “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti olub. Prezident “Sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan. İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər”,- deyərək qurumun işindən razı qalmadığını vurğulayıb. Dövlət baçısı qeyd edib ki, yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib:“Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir”. Göründüyü kimi, Prezident dövət büdcəsindən lazımı qədər vəsait ayrıldığı halda, görülən işlərin həcmi və effektivliyinin adekvat olmadığını bildirib. Prezident bundan əvvəl də dəfələrlə çıxışlarında dövlət qurumlarının xərcləri şişirtdiyini bildirib ki, bu da büdcə üçün əlavə yükdür. Budəfəki müşavirədən də aydın oldu ki, sözügedən qurum dövlət vəsaitinin xərclənməsinə baxmayaraq, yaranmış vəziyyətdən çıxış yolu üçün üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməyib, xüsusilə suvarma suyu ilə təminatda ciddi problemlər, narazılıqlar yaranıb. Yaranmış vəziyyət və müşavirədə səslənən iradlar “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin fəaliyyətinin yenidən gözdən keçirilməsinə səbəb ola bilər. Xüsusilə 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadənin vəzifəsi ilə vidalaşacağını söyləmək olar. Dövlət başçısı çıxışında aidiyyəti qurumların ayrı-ayrılıqda fəaliyyətindən narazı qaldığını bildirərək onun tapşırığı ilə yaradılmış və Şahmar Mövsümovun rəhbəri olduğu komissiyanın qısa müddət ərzində bu qurumların gördüyü işdən daha çox iş gördüyünü diqqətə çatdırması Ə.Əhmədzadənin uzun illərdən bəri tutduğu vəzifə ilə vidalaşacağını söyləməyə imkan yaradır. Geri qayıt |