Əsas Səhifə > Ölkə, Manşet > "Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir"

"Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir"


22-10-2020, 14:22
"Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir"
"Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir".

DİA.AZ bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibəsində deyib.

"Prezident Putin Sizi də Moskvaya dəvət edib?" sualına cavab verən İlham Əliyev "xeyr" cavabını verərək "dəvət olunsaydınız, getməyə hazırsınızmı" məsələsinə də aydınlıq gətirib:

"Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam və Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli təmasların tərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib".

Daha sonra ölkə Prezidenti yaponiyalı jurnalistin "əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi" sualını da aşağıdakı kimi cavablandırıb:

"Bəli, əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik".

Geri qayıt