Əsas Səhifə > Ölkə, Manşet > Döyüşçü ailəsindən “Medical Plaza”ya qarşı İTTİHAM

Döyüşçü ailəsindən “Medical Plaza”ya qarşı İTTİHAM


12-11-2020, 17:08
Döyüşçü ailəsindən “Medical Plaza”ya qarşı İTTİHAM
““Baku Medical Plaza” cəbhəyə döyüşçü kimi yollanan hərbçi Müslüm Rəhimlinin iki aylıq övladını dünən ödənişə görə 4 saata yaxın girov saxladı. Nə qədər xahiş-minnət etsək də, ödənişi tam etmədən uşağı xəstəxanadan buraxmadılar”.

Bu iddia ilə döyüşçünün qardaşı Adil Rəhimli müraciət edib. O deyir ki, noyabrın 6-da yaşadıqları İmişli rayonundan iki aylıq körpə Rəhmanı ağır vəziyyətdə “Baku Medical Plaza”nın Babək prospektində yerləşən filialına çatdırıblar:

"Bağırsaq kanalı qapalı olduğuna görə körpə təcili əməliyyat edilməli olub. Xəstəxanaya gətirəndə dedim ki, əmanətdir, atası müharibədədir, Vətən uğrunda döyüşür. Mənə dedilər ki, “atasının müharibədə olmasının bizə dəxli yoxdur, xəstəxanaya gəlibsə depozit ödəməlisən”.

400 manat depozit, 70 manat koronavirus testinə görə ödəniş etdim. İki gün bu məbləğdə depozit, 1800 manat əməliyyat haqqı ödədim. Dünən uşağı çıxarmağa getdik. Baxmayaraq ki, bu ödənişləri etmişdik, uşağı xəstəxanadan buraxmadılar. Bir neçə saat gözlədəndən sonra dedilər ki, əlavə 1400 manat da ödəniş eləməlisiniz. Halbuki əməliyyatı edən cərrah demişdi ki, hərbçi uşağı olduğuna görə, özünə çatacaq məbləğdən imtina edir. Bunu keçmədikləri bir yana, əməliyyatdan çıxan uşağı anası ilə birlikdə otaqdan çıxarıb 4 saat ayaqüstə koridorda saxlayıblar...”

A.Rəhimlinin iddiasına görə, ödənişi sabahkı gün etməsi üçün xahiş etsə də, nəzərə alan olmayıb:

“Dedim, yazığınız gəlsin, gecə ilə pulu haradan tapım?! Sabah gətirib ödəyərəm. Dedilər bizə dəxli yoxdur, ödənişi etməlisiniz. Gecə ilə pul tapıb ödədikdən sonra uşağı buraxdılar”.

Şikayətçi ödənişlərinin təsvir edildiyi qəbzlərin sürətini də redaksiyamıza göndərib.

“Baku Medical Plaza”nın PR meneceri Aysel Rzayeva isə şikayətlə bağlı “Qafqazinfo”ya bildirib ki, heç kim, xüsusən, indiki məqamda hərbçi ailəsinə qarşı belə ifadə işlədə bilməz:

“Əslində məsələ başqa cür olub, xəstənin əməliyyatı üçün ailə sponsor tapıb. Həmin sponsor əməliyyatın məsrəfini boynuna götürüb. Belə olan halda həkim də özünə çatan məbləğdən imtina edib. Ödəniş olmadan xəstə əməliyyat olunub, amma son anda sponsor ödənişdən imtina edib. Belə olan halda klinika sırf məsrəflər üçün ödəniş istəyib, həkim isə özünə çatan məbləği almayıb. Ona görə belə bir anlaşılmazlıq yaranıb”.

Xəstənin girov saxlanılması iddiasına gəlincə, A. Rzayeva bu ittihamı da inkar edib:

“İndiyə qədər klinika tərəfindən bir çox hərbçi ailəsi ödənişsiz əməliyyat olunub, belə hal ola bilməz”.Qafqazinfo

Geri qayıt