Əsas Səhifə > Ölkə, Manşet > Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT İŞİ
Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT İŞİ18-03-2021, 10:30 |
Ötən gün Baş Prokurorluğun Mətbuat xidməti bir məlumat yaydı. Məlumatda deyilirdi ki, “Xızı rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Cənnət bağı” Altıağac istirahət mərkəzinin istifadəsinə verilən torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılan istintaq zamanı Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru Cahangir Ramiz oğlu Əliyevin Azərbaycan Respublikasının Altıağac Milli Parkı arasında bağlanmış müqaviləyə əsasən istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsini mühafizəsiz qoymaqla ağacların və ot örtüyünün zədələnməsinə səbəb olmasına, 2 039 ədəd müxtəlif növdə ağacları, kolları və digər yaşıllıqları qanunsuz olaraq kəsməsinə, habelə müxtəlif tikinti və qazıntı işləri aparmaqla torpağın münbit qatını qəsdən korlayaraq, bununla da təbiətə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə ümumilikdə 63 min manat məbləğində mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib”. Və qeyd edilən hərəkətlərə görə Cinayət Məcəlləsinin 4 maddəsi ilə çinayət işi açılıb. Təhqiqat işləri yekunlaşdırılaraq cinayət işi aidiyyatı üzrə məhkəməyə göndərilib. İlk baxışdan burda təəccüblü heç nə yoxdur. Normal hüquqi prosedurdur. Amma mənim diqqətimi çəkən başqa məsələdir. Bu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin radikal mövqeyidir. Hamının bildiyi kimi, uzun illərdir ki, ölkəmizin meşə örtüyü vəhşicəsinə məhv edilir. Bu gün ölkəmizin hansı güşəsinə üz tutsan, meşələrdə iri otellərə, istirahət komplekslərinə rast gələrsən. Hələ villaları demirəm. Harda mənzərəli bir meşə örtüyü varsa, orda hökmən hansısa məmurun imarətinə rast gəlmək mümkündür. Halbuki qanunvericiliyə görə, meşə örtüyü sahələrində, xüsusilə də Milli Parklarda və Dövlət Qoruqlarında əsaslı tikinti aparmaq qadağandır. Qanunla meşə sahələri istisna hallarda ayrı-ayrı hüquqi və fiziki şəxslərə icarəyə verilə bilər. İcarəyə verilən sahədə isə bir mərtəbədən artıq tikili inşa etmək olmaz. Çünki bu, əsaslı tikinti sayılır. Di gəl ki, Astaradan tutmuş Cəlilabada qədər, Mərəzədən tutmuş Balakanə qədər, Xızıdan tutmuş Qusara qədər və Tərtərdən tutmuş Qazaxa qədər bütün meşə zolaqlarında son illərdə N qədər istirahət kompleksləri, restoranlar və fərdi yaşayış evləri tikilib və bu gün də tikilməkdə davam edir. Axtarsan çoxunun da Dövlət Reyestr Xidmətindən çıxarışı da var. Son illərdə meşələrə qənim kəsilən şirkətlərdən də biri “Cənnət bağı” istirahət kompleksləri şəbəkəsidir. Ölkəmizin bir çox gözəl guşələrində bu şəbəkənin ayrı-ayrı istirahət kompleksləri var. Onlardan biri də Altıağac Milli Parkında yerləşir. On hektarlarla ərazidə inşa edilmiş nəhəng istirahət kompleksində iki-üç mərtəbəli binalar və 5 mərtəbəli nəhəng otel inşa edilib. Özü də indi yox, neçə illər öncə. Bu isə icarə müqaviləsinə tamamilə ziddir. Quba rayonundakı “Cənnət bağı” istirahət kompleksi də meşənin ənginliklərində salınıb. Və burda da 4 mərtəbəli mehmanxana inşa edilib. Necə, hansı əsasla? Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi bilir. Bilinənsə odur ki, Altıağacdakı “Cənnət bağı”ndakı özbaşınalığa görə cinayət işi açılıb. Amma nəyə görəsə Nazirlik qarşı tərəflə olan müqavilənin ləğvi barədə heç bir iddia qaldırmayıb. Bunun özü də onu göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemi kompleks həll etməkdə maraqlı deyil. Sadəcə, kimlərəsə gözdağı vermək istəyir. Yada salaq ki, “Cənnət bağı” istirahət mərkəzləri kompleksi “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəyliyə aiddir. Və o Ramiz Mehdiyevin yaxın adamı kimi tanınır. Bir çağırış da deputat oldu. İndi isə işlərinin heç də yaxşı getmədiyi deyilir. Hətta bir müddət əvvəl “Sədərək” ticarət mərkəzinin onun əlindən alındığı söylənilirdi. Amma sonradan bu, təkzib olundu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son təşəbbüsü isə onu göztərir ki, arxasız qalan Yusif Qədimbəyliyə hücumlar davam etməkdədir. Altıağacdakı obyektdəki son olay da bunun təsdiqidir. Baxmayaraq ki, cinayət işi “xozeynə” deyil, direktora qarşı açılıb. Bu da Azərbaycan reallığıdır. Hamı bilir ki, o direktor quru maaşa oturub. Amma neyləməli… Hər bir məmur, hər bir iş adamı hər zaman yanında bir neçə “qurbanlıq quzu” saxlayır. Və lazım gələndə bu “quzu”lar boyunlarına qırmızı lent bağlayıb gedib dururlar qurban istəyən tərəfin qapısında. Eynən mafiya kinolarında olduğu kimi. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu təşəbbüsü bir qədər qəribə təsir bağışlayır. Bilmək olmur ki, Nazirlik haqq-ədalət axtarışındadır, yoxsa yağlı tikə peşindədir. Bunu yaxın vaxtlarda biləcəyik. Əgər Nazirlik prinsipiallıq göstərib meşələrin qəniminə çevrilən məmurlar və iş adamları ilə mübarizə aparsa, onda hamı kimi məndə Nazirlik əməkdaşlarına və şəxsən nazir Muxtar Babayevə “halal olsun” deyəcəm. Yox, tək Yusif Qədimbəyli ilə haqq hesab çəkmək istəyəcəksə, onda ancaq əlimi yellədim keçəcəm. Ona görə də hələlik bizə gözləmək düşür… Surxay Atakişiyev, KONKRET.az Geri qayıt |