Əsas Səhifə > Ölkə, Manşet > Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...

Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...


27-05-2021, 10:00
Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...
Bir şəhid düşünün, evinin qarşısında dəfn edilib. Onun ana-atasını düşünün, hər dəfə evindən çıxmaq üçün qapısını açanda yeganə övladının şəhid məzarı ilə, o qəbir üzərindəki başdaşıdan boylanan gözlərlə üz-üzə gəlir.

Evində oturarkən pəncərədən şəhid oğlunun məzarı başında dalğalanan bayrağı izləyir. Bunlar hər gün, hər saat, hər dəqiqə Lerikin ucqar Mistan kəndində Vətən Müharibəsi şəhidi Çingiz Babayevin boya-başa çatdığı evdə baş verir.

“Qafqazinfo”nun əməkdaşları Ç.Babayevin valideynləri – Sevinc və Sulduz Babayevlərin yaşadığı evə baş çəkiblər.

Ailə ilə söhbət edərkən öyrənirik ki, onlar yeganə övladları Çingizi çətinliklə böyüdüblər. Qəhrəmanımız əziyyətlə təhsil alıb, 8-9 kilometr yolu piyada gedərək qonşu kənddə tam orta məktəbi bitirib. Bakıda kolleclərdən birinə daxil olsa da, bir il oxuyandan sonra təhsilini donduraraq hərbi xidmətə yollanıb. Vətən Müharibəsi başlayarkən ilk gündən Talış-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Çingiz döyüş zamanı yaralanan hərbçi yoldaşını xilas etmək üçün öz bronjiletini çıxararaq ona geyindirib və onun yarasını sarıyarkən yaxınlığa düşən qəlpə zərbəsindən şəhid olub. Onun canı bahasına xilas etdiyi hərbçi indi qazidir...



Döyüşdə olarkən anasından iki istəyi olur: Şəhid olduqdan sonra başdaşına şeir yazılması, bir də tələbə yoldaşına Çingizin onu sevdiyi xəbərini çatdırmaları. Şəhidlik zirvəsinə ucalandan sonra anası bu xəbəri həmin qıza çatdırır və Çingiz ölümündən sonra sevgi etirafı etmiş olur.

Çingiz Babayevin şəhidliyindən sonra Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən əmisi oğlu da könüllü olaraq döyüşlərə yollanır. İlk gündən Çingizin qisasını alacağına söz verən hərbçi Şuşanın işğaldan azad edilməsi əməliyyatında da iştirak edir (“Şuşanın azad edilməsi” və “Rəşadət” ordenləri ilə təltif edilib) və şəhərdə binalardan birinin üzərinə “Çingiz Mistan” sözlərini yazır.

Çingiz Babayev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad edilməsinə görə” medalları ilə mükafatlandırılıb.

Çingizin anası Sevinc xanım epilepsiya xəstəsidir, atası Sulduzun isə anadangəlmə psixoloji problemləri var. Yeganə oğullarını itirəndən sonra ailənin çətinlikləri lap artıb. S Babayeva deyir ki, hər dəfə övladlarının məzarını gördükcə yaşamaq onun üçün daha da çətinləşir: “Xəstəyəm, daha da ağırlaşıram. Özümdən gedirəm, yoldaşım da xəstədir, mənə kömək edə bilmir. Çingiz artıq təkcə bizim yox, elindir, Vətənindir. Əgər bizə başqa bir yerdə yaşamağa ev verilsə, bəlkə də bizim üçün, Çingizin xəstə atası üçün daha yaxşı olar”.

Sulduz Babayev də hər gün oğlunun məzarı ilə üzbəüz qalmaqlarının onların səhhətinə ağır təsir etdiyini deyir.

Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...
Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...
Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...
Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...

Geri qayıt