Əsas Səhifə > Ölkə, Manşet > "İcra Hakimiyyətindən maraqlanmırlar, gərək biz müraciət edək?"
"İcra Hakimiyyətindən maraqlanmırlar, gərək biz müraciət edək?"5-06-2021, 11:17 |
Daha bir Vətən müharibəsi qazisi, Hacıqabul rayonu Kolanı kənd sakini, 21 yaşlı Məmmədzadə Adəmin köməyə ehtiyacı var. “Qafqazinfo”ya müraciət edən A. Məmmədzadə bildirib ki, oktyabrın 15-də Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən ağır döyüşlərdə ayaqları, qolu və qarnından yaralanıb: “Qolum və qarnım sağalıb. Ancaq 11 dəfə əməliyyat olunmağıma baxmayaraq ayaqlarım 8 aydır ki, sağalmır. Oktyabrdan fevral ayına qədər hərbi hospitalda yatmışam. Apreldə isə Travmatologiya İnstitutunda əməliyyat olunmuşam. Neçə aydır ki, həkimlər mənim dərdimi tapa bilmir. YAŞAT Fonduna iki dəfə müraciət etmişik. Onlar iki dəfə məni xəstəxanada yatırıblar. Amma buradakı həkimlər də çarə tapmadığına görə istəyirəm ki, məni Türkiyəyə müalicəyə göndərsinlər. “Papanin” hospitalı bizə kağız vermir ki, əlillik üçün müraciət edək. Elə deyirlər ki, sağalacaq, ancaq heç bir irəliləyiş yoxdur. Evdə tək işləyən anamdır. Atam karantinə görə Rusiyada qalıb, işləri də dayanıb. Bacım universitetdə oxuyur, təhsil haqqının da vaxtı gəlib çatıb, ödəyə bilmirik. Pul olanda dərman alırıq, olmayanda isə yox. Anam da bu günlərdə əməliyyat olunmalıdır”. Qazinin anası İradə Məmmədovanın saytımıza bildirdiyinə görə, bu müddət ərzində Hacıqabul Rayon İcra Hakimiyyətindən onlarla maraqlanan olmayıb: “Balaca bir rayondur. Bu rayonun icra başçısı bilmir ki, nə qədər şəhid, nə qədər qazi var?! Bircə dəfə niyə maraqlanmırlar? Gərək biz müraciət edək? Halbuki bu qədər əməliyyat keçirmiş bir qaziyə baş çəkmək, ona mənəvi də olsa dəstək göstərmək olar. Oğlumuz “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Medalı da hələ verilməyib. Oğlum könüllü şəkildə müharibəyə getmişdi. O, bu dövlətin əsgəridir. Valideyn olaraq mən bu gün varam, sabah yoxam. Bu uşaq belə halda özünə necə gələcək qura bilər?!” Hacıqabul Rayon İcra Hakimiyyətindən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Gülmirzə Süleymanov “Qafqazinfo”ya bildirib ki, Adəm Məmmədzadə iki dəfə Bakı Sağlamlıq Mərkəzində, bir dəfə “Medera” klinikasında və Hərbi Hospitalda müalicə olunub: “Onunla bağlı yenidən YAŞAT Fonduna müraciət etmişik. Qısa müddət ərzində həmin qaziylə yenidən əlaqə saxlanılaraq kömək ediləcək. Biz Vətən müharibəsi iştirakçılarının hamısına baş çəkirik, problemləri ilə maraqlanırıq. Adəm Məmmədzadəyə də keçən il baş çəkmişik, bu gün də gedib vəziyyəti ilə maraqlanacağam”. YAŞAT Fondundan saytımıza deyilib ki, sözügedən qazinin vəziyyətindən məlumatlıdırlar: “Bu barədə həkimlərə müraciət olunub. Onların rəyini gözləyirik. Həkimlər həmin qazinin ölkə daxilində müalicəsinin mümkün olmadığı barədə rəy verdiyi halda, YAŞAT Fondu onun xaricdə müalicə olunması üçün xərclərini qarşılamağa hazırdır”. Geri qayıt |