Əsas Səhifə > Ölkə, Manşet > “Sahil - S İnşaat”dan MİSİLSİZ FIRILDAQ...

“Sahil - S İnşaat”dan MİSİLSİZ FIRILDAQ...


25-08-2021, 10:13
“Sahil - S İnşaat”dan MİSİLSİZ FIRILDAQ...
Azərbaycanda mənzil fırıldağı qədim və köhnə “peşə”lərdən biridir. Bu nalayiq hərəkətə görə isə heç kəsi bağışlamırlar. Çünki ev bizim xalq üçün müqəddəs dəyərdir. Ona əl uzadanın qolunu kəsir, dəmirbarmaqlıqlar içinə salırlar. Bizdə kiməsə ziyan salmağa, aldığın borcu qaytarmamağa, rüşvətə görə bəlkə də göz yumub keçərlər, amma insanlar evinin əlindən alınmasını, ocağına toxunulmasını əsla əfv etmir.
Elə bu minvalla ötən illər ərzində neçə-neçə tikinti firmalarının sahiblərinə dələduzluq ittihamı ilə dörd hücrəli “ev” bağışlanıb ki, kifayət qədər “istirahət” etsinlər. Amma deyəsən, yenə “gözü çıxmış qardaş”dan ibrət götürməyənlər var. Onlara dərs olmur ki, nə dövlət, nə vətəndaşlar sənin bu qanunsuz hərəkətlərinə sona qədər səbr edəcək.
Məsələn, onlardan biri Bakının Yeni Günəşli ərazisində yerləşən “Sahil - S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) və rəhbəri Allahverdiyev Taley Şamil oğludur. Şirkət payçılara satdığı mənzilləri geri almağa, ya da müqaviləyə əsası olmadan düzəliş edərək qiymətləri dəyişməyə çalışır.
Halbuki belə absurd və özbaşına qərar dünyanın heç bir yerində ola bilməz. Şirkət vətəndaşla müqavilə bağlayıb mənzili satırsa, şərtlərə hər iki tərəf əməl etməlidir. Amma “Sahil - S İnşaat” MTK və sahibi T.Allahverdiyev müqavilənin şərtlərini pozaraq cəngəllik qanunlarına istinad edir. Hazırda MTK-nın Yeni Günəşlinin A-B massivində inşa etdiyi binada tikinti tam dayandırılıb və vətəndaşlara hərbə-zorba gəlirlər, ya mənzillərdən imtina etməlidirlər, ya da firmanın təklif etdiyi yeni tariflərlə razılaşmalıdırlar. Belə ki, bir kvadrat metrini 900 manatdan alan sakinlərə deyilir ki, müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Bir sözlə, tam qanunsuzluq, dərəbəylik, anarxiya...
Bununla bağlı şirkətdən mənzil alan sakinlər, o cümlədən onlardan biri olan Anaxeber.info-nun baş redaktoru Azər Talıbov artıq Baş Prokuror Kamran Əliyevə media vasitəsilə müraciət ünvanlayıblar.
Sakinlərin üzləşdiyi problemlə bağlı danışan A.Talıbov Baş Prokurorluqdan xahiş edir ki, təcili şəkildə araşdırma aparılsın və “Sahil - S İnşaat” MTK-nin bu fəaliyyəti təftiş olunsun.
Baş redaktor inanır ki, bundan öncəki illərdə olduğu kimi, Baş Prokurorluq yenə də mənzil fırıldağını obyektiv araşdıracaq. Onun bildirdiyinə görə, şirkət onun çağırışına məhəl qoymayan mənzil sahiblərini məhkəmə ilə hədələyir.
Sakinlər K.Əliyevə müraciətdə qeyd edirlər ki, T.Allahverdiyevin sahibi olduğu firma mənzil alanları bir-bir çağırır, onlardan ya mövcud müqaviləyə xitam verilməsini, ya da yeni qiymətlərlə müqavilənin təzələnməsini tələb edir.
“Cənab Baş Prokuror, biz alnımızın təri, zəhməti ilə pul yığıb ev-eşik sahibi olmaq istəmişik. Bu şirkətlə müqavilə bağlayıb ev sahibi olanda sevinmişdik ki, nəhayət, kirayələrdən canımız qurtarır. Amma çox çəkmədi ki, sevincimizi ürəyimizdə qoydular.
Bir müddət sonra şirkət tikintini dayandırdı, sonuncu mərtəbəni indiyə qədər inşa edib təhvil verməyiblər. Biz dəfələrlə müraciət etdik, tikintinin davam etdirilməsini tələb elədik, amma maliyyə problemi ilə əlaqələndirib iş görmədilər.
İndisə yeni problemlə üzləşmişik, şirkət nəinki tikinti aparmır, mənzilləri təhvil vermir, üstəlik, müqavilələrə xitam verir, yeni qiymətlər irəli sürür. Bununla kim razı olmursa, məhkəməyə verilir və mənzilinin əlindən alınacağı ilə təhdid olunur.
Bu nə özbaşınalıqdır? Hansı əsasla məhkəməyə müraciət edə bilərlər? Bizim mənzilləri təhvil verməməyi az deyil, hələ məhkəmə ilə qorxudurlar.
Cənab Baş Prokuror, biz inanırıq ki, müraciətimizə qısa zamanda reaksiya verəcəksiniz və iş araşdırılacaq. Şirkətin bizə qarşı etdiyi bu haqsızlıq və dələduzluqla bağlı təcili tədbir görülməlidir. Şirkət vəd etdiyi vaxtda mənzillərin açarlarını sahiblərinə verməliydi. Amma müqavilədə göstərilən şərtlərin heç birinə əməl etmirlər”, - deyə şikayətçilər Baş Prokurora müraciətdə bildirirlər.
Sakinlərdən biri olan A.Talıbov isə deyir ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi “Sahil-S İnşaat” MTK barəsində ilkin istintaq hərəkətlərinə başlamalıdır: “Çünki ortada konkret fırıldaq əməli var və yüzlərlə insanı aldadırlar. Bir binanın bütün sakinləri əsir-yesir qalıb, heç kəs evinə daxil olub təmirə başlaya bilmir.
İndisə yeni tələb irəli sürülməsi tam qanunsuz addımdır. Heç bir şirkət müqaviləni pozub yeni qiymətlər müəyyən edə bilməz. Nə qanun buna icazə verir, nə də ölkənin həm mənzil bazarında, həm valyuta bazarında hər hansı ciddi dəyişiklik olmayıb ki, şirkət böyük zərər etsin, qiymətləri artırsın. Hətta devalvasiya olsa, firma ciddi böhranla üzləşsə belə, yenə də müqaviləyə xitam vermək səlahiyyəti yoxdur.
Mən yüzlərlə sakinin adından cənab Kamran Əliyevdən xahiş edirəm ki, bu işə tez bir zamanda baxılsın. Şirkət rəhbərliyi öz aləmində hesab edir ki, mənzilləri ucuz qiymətə satıb. İndi mənzil alanlara yeni qiymətlər təklif edilir. Amma bunun sakinlərə heç bir aidiyyatı yoxdur.
Əgər ucuz satdıqları qənaətinə gəliblərsə, bunu zamanında ölçüb-biçməli, layihənin smetasına baxıb qərar verməliydilər. Üstündən xeyli vaxt keçib, müqavilə bağlanıb, binanın sonuncu mərtəbəsi istisna olmaqla, qalan mərtəbələr tikilib, şirkətin yadına düşüb ki, qiymətləri artırsın. Həmin vaxt mənzilin bir kvadrat metrinin qiyməti 900 manat idi.
İndi şirkətin rəhbərliyi bizi çağırıb 1050 manatdan müqavilə tələb edir. Sakinlər neçə ildir ki, bu mənzilləri alıb. Nağd alan da var, kreditlə alan da. Bu, açıq-aydın dələduzluqdur. Ona görə Baş Prokurorluqdan bu özbaşınalıqla bağlı araşdırma aparılmasını gözləyirik”.
Sakinlər K.Əliyevə müraciətdə həm də onu xatırladırlar ki, şirkətin sahibi Allahverdiyev Taley Şamil oğlu 2016-cı ildə məsuliyyətə cəlb olunub. O, sərxoş halda avtomobil idarə etdiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzalandırılıb. Sakinlər deyirlər ki, içkili vəziyyətdə maşın sürüb özünün və insanların həyatını təhlükəyə atan, məsuliyyətsizlik edən birindən elə bunu da gözləmək olar. Odur ki, sakinlər Baş Prokurorun mənzil fırıldağına son qoymasını xahiş edirlər. Dediyimiz kimi, mənzil fırıldağı köhnə “peşə”lərdən biridir. Bu nalayiq hərəkətə görə isə heç kəsi bağışlamırlar. Çünki ev bizim xalq üçün müqəddəs dəyərdir...

Anaxeber.info



Geri qayıt