Əsas Səhifə > Ölkə, Manşet > Goranboyda başçı ilə görüşmək MÜŞKÜLƏ ÇEVRİLİB...
Goranboyda başçı ilə görüşmək MÜŞKÜLƏ ÇEVRİLİB...26-08-2021, 09:50 |
“Bizim o çaydan başqa su mənbəyimiz yoxdur. Çayınsa qarşısını qəsdən kəsirlər. Getdik deputatımızın köməkçisinə şikayət etdik, dedi, həll olunacaq, sabahı gün çay gəldi, elə bir gün istifadə edə bildik, növbəti gün yenə qarşısı alındı”. Goranboyun Nizami kəndinin sakinləri Meydan TV-yə danışırlar ki, ikinci ildir əkdiklərini suvara bilmirlər, səbəbsə əkin sahələrinə istifadə etdikləri çay suyunun kəndə gəlib çatmamasıdır. Onlar hesab edirlər ki, çayın qarşısı qəsdən alınır. Əhali susuzluqdan əziyyət çəkir Kənd sakinlərinin sözlərinə görə, 50 ildən çoxdur ki, Kürəkçaydan axıb gələn çay kəndin içindən keçir. Kəndin əhalisi məişətdə də, əkinçilikdə də bu çayın suyundan istifadə edir. Ancaq çayın qarşısının alınması əhalinin susuzluqdan əziyyət çəkməsinə, əkin sahələrinin yanmasına səbəb olur. Kürəkçay Kürün sağ qoludur. Goranboy, Göygöl, Yevlax rayonları ərazisindən axır. Yaşayış məntəqələrinin su ilə təmin edilməsində, kənd təsərrüfatı sahələrinin suvarılmasında və energetikada Kürəkçaydan geniş istifadə olunur. Goranboyun bir çox kəndi suyu Kürəkçaydan axıb gələn çaylardan götürür. “Bir artezian quyusu kəndin su tələbatını ödəmir” Kənd sakinlərinin deməsinə görə, ötən il çayın qarşısı alındığına görə Prezidentə müraciət ediblər. Bu müraciətləri çayın qarşısındakı “əjdahanı” yerindən tərpədə bilməsə də, kəndin bir hissəsində artezian quyusu qazılıb. Bu quyusa kəndin su tələbatını tam ödəmir: “Quyu kəndin aşağı tərəfində vurulub, kəndin yuxarı hissəsi yenə susuz qalıb. Buradakı insanlar paltar, qab yumağa, yuyunmağa su tapmır. Kürəkçaydan axıb gələn çay Yolqular kəndi ərazisində bir neçə qola ayrılır, hər qolu ayrı-ayrı kəndlərə axıb gedir, bir qolu bizim kəndə gəlir. Bizim kəndə gələn qolun suyunun qarşısı oradan alınır. Yayın cırhacırında suyu qonşu kəndlərdən daşıyıb istifadə edirik. Əkin sahələrimizsə dediyimiz kimi, yanıb”. Bu yaxınlarda kəndin 30-dan çox sakini su probleminin həlli üçün növbəti dəfə Goranboy Rayon İcra Hakimiyyətinə üz tutub. Ancaq bu dəfə də icra başçısı ilə görüşə bilməyiblər. Əvəzində onları Goranboydan seçilmiş deputat Anar Məmmədovun köməkçisi qarşılayıb: “Bizi Elçin müəllim qəbul etdi, dedi, narahat olmayın, çayın məsələsi qısa müddətdə həll olunacaq. Doğurdan da, sabahı gün çayı açıb buraxdılar. Kəndlilər əkin sahələrini suvardılar, başqa problemləri həll etməyə çalışdılar. Ancaq sudan doyunca istifadə edə bilmədik, çünki növbəti gün çayın qarşısı yenə alındı. Bax, beləcə, bütün kəndlə sanki oynayırlar”. Goranboy Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Nizami kəndindən axan çayın qurumasına səbəb havaların quraq keçməsidir: “Çayda suyun səviyyəsi aşağı düşür, çay yalnız yaxın ərazilərdəki kəndlərə axır, hətta həmin kəndlərdə də çayda suyun səviyyəsi çox aşağıdır”. Nizami kəndinin 2 mindən çox əhalisi var. Kəndlilər əsasən əkinçilik və heyvandarlıqla məşğul olurlar. Susuzluq onların kənd təsərrüfatıyla məşğul olmasını da əngəlləyir. Geri qayıt |