Əsas Səhifə > Ölkə, Manşet > Tutaq ki məktəblər açıldı... şagirdlər məktəb deyib, HARA GETSİNLƏR?

Tutaq ki məktəblər açıldı... şagirdlər məktəb deyib, HARA GETSİNLƏR?


1-09-2021, 09:35
Tutaq ki məktəblər açıldı... şagirdlər məktəb deyib, HARA GETSİNLƏR?
Saatlı rayonunun Azadkənd kəndində orta məktəb qəzalı vəziyyətdədir. 1972-ci ildə istifadəyə verilən məktəb, demək olar, heç vaxt əsaslı təmir edilməyib. Bir neçə il öncə məktəbin damını dəyişiblər, daha doğrusu, yağış siniflərə yağdığından məcbur olub dəyişdiriblər. Son illərdəsə divarlarda çatlar yaranıb. 2019-cu ildən bəzi valideynlər uşaqlarını qəzalı vəziyyətdə, hər an uçmaq təhlükəsi altında olan məktəbə buraxmırlar (bəzi valideynlərsə uşaqlarının təhsiliylə, ümumiyyətlə, maraqlanmır, onlar üçün məktəbin olmaması daha sərfəlidir). Uşaqlarının təhsili qayğısına qalan valideynlərinsə dövlət qurumlarına şikayətlərinə baxan yoxdur.

Düzdür, müxtəlif vaxtlarda Saatlı Rayon İcra Hakimiyyətindən, rayon Təhsil Şöbəsindən, hətta Təhsil Nazirliyindən gəlib məktəbə baxış keçiriblər, uçuq-sökük sinif otaqlarını gəziblər. Aşmaması üçün binanın qabağına vurulan dirəyi də gözləri ilə görüblər, ancaq bütün bunlar yuxarılar qarşısında məktəbin yenidən tikilməsi məsələsini qaldırmağa yetməyib. Bu ilin başlanğıcında Fövqəladə Hallar Nazirliyinin rayondakı nümayəndələri də məktəbə baxıb və qəzalı olması barədə rəy verib. Buna baxmayaraq, təhsilə sorumlu olanlar yenə də dərslərin qəzalı binada keçirilməsində israrlıdır.

Dərs ili yaxınlaşdıqca valideynlərin narahatlığı daha da artır, uşaqları ya təhsilsiz qalacaq, ya da qəzalı binada dərs keçməli olacaq.

Kənd sakini Xalid Cabbarov:

“Uşaqlarımızın təhsildən kənar qalması mənim kimi, bir çox valideyni də narahat edir. Onlayn dərs təhsil deyil. Kənddə hamının internetə çıxışı yoxdur. O üzdən ötən il uşaqlarımız təhsil ala bilmədilər. Əsas tələbimiz kənddə yeni məktəbin tikintisidir. Ancaq neçə ildir söz versələr də, bu istəyimiz reallaşmır. Bir neçə gün qabaq yenə gəlmişdilər. Onlar gələndə artıq məktəbin dirək vurulan hissəsi də uçmuşdu. İndi qərar veriblər ki, uçulan hissəni ayırsınlar, yəni məktəb binasını iki hissəyə bölsünlər, işə də başlayıblar. Planlaşdırıblar ki, dərslər iki növbədə binanın salamat qalan hissəsində keçirilsin. Əslində, heç oranı da salamat saymaq olmaz. Sabah bir hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq?”

Məktəbin qapı-pəncərələri də sınıq-salxaqdır. İstilik sistemi yoxdur, sovetlərin vaxtında sinif otaqları daş kömür sobası ilə qızırdı. Müstəqillikdən sonra odun ümidinə qalıb, onu da həmişə vermirlər, kənd sakinləri özləri həyət-bacadan ağac qırıb məktəbə aparır ki, uşaqları sinifdə soyuqdan donmasın, xəstələnməsin.

Bir övladı məktəbdə təhsil alan Azər Hacıyev bu il uşaqların dərsə gedib-getməyəcəyindən xəbərsiz olduğunu deyir:

“Hərə bir söz danışır, deyirlər, guya yenə dərslər onlayn olacaq, ancaq necə? Bizdə internet var, bir gün işləyəndə, beş gün işləmir, çoxunda heç o da yoxdur, belə şəraitdə o dərsi necə keçəcəklər?Növbəti dərs ili çatıb, hələ qərar yoxdu, bəziləri deyir, vaqon gətirəcəklər, dərslər də orda keçiriləcək”.

Sakinlərin sözlərinə görə, icra başçısı sarıdan da heç vaxt bəxtləri gətirməyib. Ancaq sonuncu başçı Elmir Bağırov – gənc kadr, siyasi elmlər üzrə fəlsəfə doktoru, olmayan Bayraq meydanının, sonra da Bulvar İdarəsinin aparat rəhbəri və başqa bir çox vəzifələrdə çalışan, kənd təsərrüfatına heç bir bağlılığı olmayan adam, bütün sələflərinin ölüsünə-dirisinə rəhmət oxutdurur. “Hansı günahın sahibiyik ki, bizi belə cəzalandırırlar?” – deyə sakinlərdən biri soruşur. “Görünür, niyə gəldiyini, gətirildiyini özü də bilmir. Adam kabinetdən çıxmır, rayonun problemləri vecinə deyil, nəyimizə gərəkdir belə “savadlı” kadr? Neçə ildir susuzluqdan əziyyət çəkirik, əksər kəndlərin məktəbi bizimkinin günündədi, təhsil yoxdur, ali məktəbə qəbulda rayonun göstəriciləri aşağıdır. Gənc başçı da heç nə olmamış kimi oturur kabinetdə…”

P.S.Kənd sakinlərinin şikayəti əsasında Azadkənd məktəbi ilə bağlı Təhsil Nazirliyinə, rayon İcra Hakimiyyətinə elektron qaydada sorğu yollamışam. Nazir Emin Əmrullayevin “Facebook” hesabına yazmışam. Orda nazirin əvəzinə cavab yazıblar: “Hörmətli Rovshan Hacibeyli, Qeyd etdiyiniz müraciəti platformasında qeydiyyatdan keçərək şəxsi kabinet vasitəsi ilə Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərməyiniz tövsiyə olunur”.

Yaxşı, saytınıza baxmırsız, başa düşdük, elə “Facebook” da bir platformadır və naziriniz buradan istifadə edir, heç olmasa bura qoyulan müraciətləri nazirə çatdırın. Özünüz saytda elektron müraciət üçün ünvan qoymusuz ([email protected]), mən də məktubu həmin ünvana yollamışam, üstəlik, qabaqcadan da təşəkkür etmişəm…

Mən sizin cavabınızı nə qədər desəniz, gözləyərəm, sadəcə, növbəti dərs ili çatıb, uşaqlar gözləmir…

Tutaq ki məktəblər açıldı... şagirdlər məktəb deyib, HARA GETSİNLƏR?
Tutaq ki məktəblər açıldı... şagirdlər məktəb deyib, HARA GETSİNLƏR?
Tutaq ki məktəblər açıldı... şagirdlər məktəb deyib, HARA GETSİNLƏR?
Tutaq ki məktəblər açıldı... şagirdlər məktəb deyib, HARA GETSİNLƏR?



Meydan TV



Geri qayıt