Əsas Səhifə > Ölkə, Manşet > Cənub bölgəsində meşələrin məhvi və ekokorrupsiya: yeni faktlar üzə çıxdı

Cənub bölgəsində meşələrin məhvi və ekokorrupsiya: yeni faktlar üzə çıxdı


20-09-2021, 10:51
Cənub bölgəsində meşələrin məhvi və ekokorrupsiya: yeni faktlar üzə çıxdı
Cənub bölgəsində meşələr kütləvi şəkildə məhv edilir, “Qırmızı kitab"a daxil edilən ağaclar kəsilir, meşə fonduna aid torpaqlar iri maşınlarla daşınaraq satılır. Təkcə təbiətə deyil, dövlət büdcəsinə də küllü miqdarda zərər vurulur. Bu barədə virtualaz.org-a a ekoloq-fəal Cavid Qara məlumat verib. O, bildirib ki, meşələrin məhvinə dair foto və video görüntülər, şikayətlər var, faktlar aidiyyatı qurumlara da təqdim edilib.

Məsələn, belə faktlardan birinə əsasən Masallı Regional Meşə İdarəsi 2016-2019-cu illərdə əkilmiş 141 hektar “meşə əkini”ni batmış elan edib. C.Qaranın sözlərinə görə, həmin ərazidə ağac əkini üçün dövlət büdcəsindən vəsait ayrılmışdı.

Yüz minlərlə manat xərcləyib meşə saldılar, “batdı”...

“Ağaclara qulluqdan tutmuş suvarılmasına qədər büdcə pulları xərclənmişdi. Amma indi məlum olur ki, 141 hektar ərazi batmış elan edilib. Guya ki, ağaclar əkilib, ancaq bitməyib”,- ekoloq-fəal deyib.

C.Qara qeyd edib ki, faktlar bununla yekunlaşmır. 138 hektar ərazidə əkin batsa da saxtakarlığa yol verilib örtülü meşə adı ilə rəsmiləşdirilib: “Yüz minlərlə manat büdcə vəsaiti israf edilib. 2016-cı ildə 138 hektar ərazidə ağac əkilib. Göstərilir ki, əkin uğurlu olub, meşə ərazisinə təhvil verilib. Deyilən əraziyə gedib baxdıq, heç nə yoxdur, boşluqdur. 279 hektar ərazinin hər hektarına təxminən min manat hesablayaq, bəlli olur ki, dövlət büdcəsindən kifayət qədər böyük məbləğlər silinib”.

C.Qara qeyd edib ki, bu faktları Masallı Regional Meşə İdarəsinin öz əməkdaşı ortaya çıxarıb və ictimaiyyətləşdirib: “Kadastr mütəxəssisi Kərəm Ağayev bu faktları ictimaiyyətləşdirdiyi üçün işdən çıxarılıb və onun işdən çıxarılma ilə bağlı əmrini də vermirlər. Kərəm Ağayev deyir ki, onu saxta sənədləri imzalamağı tapşırıblar. O isə sənədləri imzalamaqdan qorxub. Bununla bağlı məlumat verəndən sonra işdən qovulub”.

Qiymətli ağac növləri məhv edilir, mebel-taxta sexləri işləyir

C.Qara iddia edir ki, son bir neçə il ərzində yüzlərlə ağac odun tədarükü adı ilə kəsilib. Yerli sakinlər tör-töküntü yığır, materiallar isə mebel, taxta sexlərinə verilir. Masallı rayonunun təkcə Xocavar kendində onlarla taxta sexi fəaliyyətdədir və onların materialları haradan əldə etdiyini araşdırmaqla deyilənləri sübut edə bilərlər.

"Qırmızı Kitab"a salınmış ağacları bax belə xaincəsinə məhv edirlər

Ekoloq-fəal Masallıda, eləcə də əksər rayonda meşələrdən torpaqların daşınaraq satıldığına dair əlində foto və video görüntülərin də olduğunu söyləyir. Onun sözlərinə görə, Masallıdan təqdim edilmiş videolarda meşə fondu torpaqlarının traktorlarla qazıldığı, maşınlarıla daşındığı görünür. Meşələrdən götürülmüş torpaqlar əsasən Bakı bağlarına daşınır. Həmçinin rayonlarda kərpic sexlərinə aparılır.

Həmsöhbətimiz deyir ki, Cəlilabad rayonu, Cəlilabad meşəbəylində (8,9 saylı dolay) və Göytəpə meşəbəyində (10a saylı dolay) olublar. Həmin dolayların çox az hissəsinə baxış keçirdiklərinə baxmayaraq kəsilmiş və zədələnmiş çoxsaylı ağac aşkar ediblər. Ağacların kifayət qədər böyük hissəsi "Qırmızı kitab"a salınmış növlər - Azat, Dəmirağac, Şabalıdyarpaq Palıd ağaclarıdır. Ən çox kəsilən ağaclar Azat və Palıd ağaclarıdır.

“İri diametrli, "Qırmızı kitab" növü olan Azat, Dəmirağac, Şabalıdyarpaq palıd ağacı da daxil olmaqla 225 qeyri-qanuni kəsilmiş ağac qeydə almışıq. Bəzi ağaclar isə qəsdən zədələnib və qurumağa tərk edilib. Gözləyirlər ki, qurusun və rahatlıqla kəsilsin”.

İddialara görə, ağaclar mebel sexlərinə satılır. Hansı ki, həmin ağacların yaşı 100 ilə yaxındır.

Astarada da 200-dək ağacı zədələyiblər

Astaranın Burzubənd kənd məktəbinin müəllimi Ramil Aslanov isə virtualaz.org-a bildirib ki, onun evi meşə ərazisinin yaxınlığında yerləşir. Deyir ki, meşədəki ağacları kəsib, yerində feyxoa bağı salmağa çalışırlar. Kənd sakinləri illərdir bunun qarşısını almaq üçün mübarizə aparırlar: “Lənkəran Regional Meşə İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə təzyiqlə üzləşmişik. 5 ildir ağaclar kənd sakinlərinin təkidi ilə kəsilməkdən qorunur. Ağacları deşirlər, dibinə mazut tökürlər, halqavari şəkildə kəsirlər ki, gələcəkdə qurusun. Əsasən “Qırmızı kitab"a daxil edilmiş şabalıdyarpaq palıd ağaclarıdır. 200-dən çox ağac zədələnib. Feyxoa bağları niyə məhz 250-dən çox ağacın olduğu ərazidə salınmalıdır? Bunu meşə fondunun əməkdaşları bizə izah edə bilmirlər. Kəndin boş əraziləri var, sovetlər dönəmində də feyxoa bağları boş ərazilərdə salınıb.

İcra Hakimiyyətində nə deyirlər?

Cəlilabad rayon İcra Hakimiyyətindən deyiblər ki, ağacların kəsilməsi ilə bağlı şikayətlərə Masallı Regional Meşə İdarəsi cavab verə bilər: “Ərazi Cəlilabada aid olsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət edilir və şikayətlər də onlar tərəfindən araşdırılır”,-icra hakimiyyətinin özünü təqdim etmək istəməyən əməkdaşı bildirib.

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai -siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova isə deyib ki, ağacların kəsilməsi və meşə fondu torpaqlarının daşınaraq satılması ilə bağlı araşdırma aparılıb. Lakin araşdırmanın nəticələrini yalnız rəsmi müraciət və ya məktubla deyə bilər. Qafarova müraciətə neçə gün sonra cavab veriləcəyini deməyib.

Astaranın Burzubənd kəndinin daxil olduğu Kijebe qəsəbə nümayəndəsi Ziya Rəfiyev isə Burzubənd kəndində ağacların qurumasına səbəb ola biləcək hərəkətlərə yol verilməsi faktı ilə qarşılaşmadığını deyib. Onun sözlərinə görə, kənd sakinləri belə bir fakt aşkarlayıbsa, mətbuata deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir: “Şəxsən mənə müraciət daxil olmayıb, ağacların zədələnməsi ilə bağlı məlumatlı deyiləm”.

Nazirlikdə bəzi faktları təsdiq edirlər və deyirlər ki...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, son günlər Cəlilabad meşəbəyliyi ərazisində çoxlu sayda ağacların qırılması ilə bağlı məlumatlar, fısdıq ağacının işlik material kimi kəsilməsini əks etdirən görüntülər yayılıb. Daxil olmuş materiallarla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən 4 nəfərdən ibarət yoxlama qrupu yaradılıb və əraziyə ezam edilib.

Tezliklə balta bu ağacı da haqlayacaq...

“İndi odun tədarükü vaxtıdır. Qazlaşmamış ərazilərin, Müdafiə Nazirliyinin hərbi hissələrinin, sərhəd qoşunlarının, ucqar ərazilərdə olan təhsil müəssisələrinin yanacaqla təhcizatı üçün odun tədarük olunur. Yoxlama qrupuna tapşırıq verildi ki, detallı şəkildə ərazilər təhlil edilsin və həmin ərazilərdə hansı ağaclar qanunsuz kəsilibsə araşdırılsın. Çünki qarışıq vəziyyət ola bilər. Hansı ərazidə damğalanmış və qeydiyyata alınmış şəkildə ağacların kəsildiyi müəyyən edilməsi tapşırılıb”, -xidmət rəisi deyib.

H.Əlizadənin sözlərinə görə, Cəlilabad ərazisində böyük bir əraziyə baxış keçirilib, 225 ağac deyil, cəmi 10 ağacın kəsildiyi bəlli olub.

“8 ağacın qabığı soyulub…”

Xidmət rəisi Astara rayonunun Burzubənd kəndində ağacların quruması üçün mismarla deşilməsi və feyxoa bağının salınması ittihamını da cavablandırıb: “Meşə mütəxəssisləri əraziyə baxış keçiriblər. Yaxınlıqda cəmi 8 palıd ağacının qabığının soyudulması və gələcəkdə qurumasına xidmət edəcək mənfi hala yol verilməsi faktı aşkarlanıb. Həmin şəxs meşə idarəsi tərəfindən müəyyən edilib, cərimələnib və onunla bağlı sənədlər hüquq-mühafizə orqanına təqdim ediləcək”.

Bu cinayəti necə izah etmək olar?

H.Əlizadə deyib ki, Masallı ərazisində meşə əkinlərinin batması məsələsi isə ciddi araşdırma tələb edir.

“Məsələn, bu ilin meşə əkinləri ilə bağlı araşdırma aparılıb və cəmi 2 hektar ərazinin batması müəyyən edilib. Amma əvvəlki illərdə meşə əkinlərinin batması ilə bağlı araşdırma aparılmalıdır. Çünki bu elə bir prosesdir ki, əkin əkilir və müxtəlif amillərdən - iqlim, suvarma və digər məsələlərdən asılı olaraq əkində ya pozitiv inkişaf, yaxud əks hal baş verir, bunlar ciddi araşdırmalıdır”, -H.Əlizadə bildirib.

Onun sözlərinə görə, çox təəssüf ki, əvvəlki illərdə meşə əkinlərinin məhv olunması, bəzi ərazilərdə hətta kütləvi məhv olması faktları acı reallıqdır. Bununla bağlı bir sıra meşə idarələrinin rəhbərləri çox ciddi cəzalandırılıb və bu hala yol verən müdirlərin əksəriyyəti tutduğu vəzifədən azad edilib. Həmçinin Masallı Regional Meşə İdarəsinin, ümumiyyətlə, cənub bölgəsində bu hallara rast gəlindiyi üçün müdirlər, rəhbər işçilər tutduqları vəzifələrindən azad ediliblər. Amma daha dəqiqməlumatlar verilməsi üçün bu məsələnin də araşdırılmasına ehtiyac var.

virtualaz.org

Geri qayıt