Əsas Səhifə > Ölkə, Manşet > Gənc başçının rayondan XƏBƏRİ VARMI?

Gənc başçının rayondan XƏBƏRİ VARMI?


26-11-2021, 10:11
Gənc başçının rayondan XƏBƏRİ VARMI?
“Dövlətdən iş istəyirəm, demirəm gətirib mənə ev tiksin, demirəm gətirib cibimə pul qoysun, iş versin ki, balalarım acından ölməsin. Dövlətindən iş tələb etmək hər vətəndaşın haqqıdır. İstəyirəm ki, dövlət bu haqqımı tanısın”.

Qəmər Cahangirova Saatlının Mollaəziz kəndində yaşayır. Üç azyaşlı övladı var. Həyat yoldaşı günəmuzd fəhləliklə məşğul olur. Ancaq aylıq qazancı 200 manatı ötmür. Dövlətin ailəyə sosial cəhətdən heç bir dəstəyi yoxdur. Qəmər xanım 3 ildir rayondakı Məşğulluq Mərkəzinə ayaq döyür ki, bəlkə münasib iş tapa, ailənin yülünün bir qulpundan da o yapışa… Ancaq deməsinə görə, Məşğulluq Mərkəzində hər dəfə ona rayondakı minlərlə insanın iş axtarışında olduğunu dedikdə, ümidini bir az da itirir:

“Açıq şəkildə deyirlər ki, kimə iş tapıldı, sən qaldın? Vallah, artıq o Məşğulluq İdarəsində oturanları da bezdirmişəm. 3 ildir mənim kimi Məşğulluq Mərkəzinə gəlib-gedən nə qədər eyni insanları görürəm… Onlar da illərdir iş tapa bilmirlər. Eyni dərd, eyni məqsəd bizi Məşğulluq Mərkəzində birləşdirib, dostlaşdırıb”.

Şikayətçi deyir ki, Saatlıda iş yoxdur, insanlar acından qırılır, tibbi yardım ala bilmirlər:

“Xəstələnirik, evdə ağrımızı çəkib, ölüb gedirik. Heç kimin pulu yoxdur ki, gedib əməliyyat olunsun, müalicə alsın. Bir də görürsən deyirlər, filankəs öldü. Niyə? Çünki xəstə düşmüşdü, müalicə almağa pulu olmadı, canı çıxdı. Belə yaşayış olar? İnsan yaşayışıdırmı, bu? Dövlət niyə bizə sahib çıxmır?”

“Əlimizdən heç nə gəlmir”

Qəmər Cahangirovanın üç azyaşlı övladı var, üçü də xəstədir. Birininsə beyinlə əlaqəli problemi var və Qəmər xanım deyir, uşaq müalicə almadıqca durumu ağırlaşır:

“Yenə apardım həkimə, sağ olsun, vəziyyətimizi bildiyinə görə resepti pulsuz yazdı, ancaq o reseptdəki dərmanları almağa, uşağı müalicə etdirməyə imkan yoxdur. Uşaq baş ağrılarından səhərədək çığırır, əlimizdən ağlaya-ağlaya seyr etməkdən başqa heç nə gəlmir. Həyat yoldaşım xəstə canıyla günəmuzd fəhləlik edir, özünü öldürsə də, qazancı 200 manatı ötmür, o pulla kommunal borc ödəyək, qarnımızı doyduraq, dərmanımızı alaq, ya nə edək, bilmirik…”

“Şəraitsizlikdən xəstəlik tapıblar”

Ailənin yaşadığı və onsuz da qəzalı, şəraitsiz vəziyyətdə olan tikilidə bir müddət əvvəl yanğın baş verib, tikilinin bir hissəsi yanıb, ancaq ailə tikilinin elə bu vəziyyətində onun digər hissəsində yaşamağa davam edir:

“Evimiz çox soyuqdur, şəraitdizdir. Uşaqlar elə bu şəraitsizlikdən hərəsi bir xəstəlik tapdı. Vətəndaşın əlində normal maaşlı işi olsa, bunları niyə dilə gətirsin axı? Özümüz qazanıb, özümüz problemlərimizi həll edərik. Bu boyda dövlət mənə 3 ildir bir süpürgəçi işi verib demir ki, ay vətəndaş, get, işlə,başını saxla, düş yaxamdan… Nə uşaq pulu verir, nə ünvanlı sosial yardım. Olanı da əlimizdən alır, belə hökumət olar?

16 saylı Saatlı Regional Məşğulluq İdarəsindən Meydan TV-yə bildirilib ki, Qəmər Cahangirovaya Özünəməşğulluq Proqramlarına qoşulmaq təklif oluna bilərdi. Ancaq vətəndaşın bu Proqrama qoşulması üçün kriteriyalara cavab verməməsi bunu da mümkünsüz edib.

Rəsmi statistikaya görə isə ötən il yeni iqtisadi münasibətlər şəraitinidə əhalinin iqtisadi fəallığı artıb, fəaliyyət sahələri genişlənib. “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq rayonlarda yeni iş yerləri açılıb, yüzlərlə insan işlə təmin olunub.

Geri qayıt