Əsas Səhifə > Ölkə, Manşet > 2 il qabaq açılışı olan evin GİZLİ BÖLGÜSÜ

2 il qabaq açılışı olan evin GİZLİ BÖLGÜSÜ


25-12-2021, 12:10
2 il qabaq açılışı olan evin GİZLİ BÖLGÜSÜ
DİA.AZ: - "24 dekabr tarixində ən çox sevinənlərin Qarabağ qaziləri və şəhid ailələrinin olmaları , yəqin, heç kimə gizlin olmaz. Prezidentin öz ad günündə savaş adamlarını, təqaüd artımı, mənzil, avtomobil açarları ilə təbrik etməsi ənənə halını alıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu il özəlliklə yubiley ilidir, dövlət başçısının 60 yaşı tamam olur. Bir neçə gün öncə dövlət başçısı bir sıra kateqoriyadan olan insanların Prezident təqaüdünün artırılmasını qərara alıb, nədənsə, Qarabağ qazilərinin və şəhid ailələrinin Prezident təqaüdlərinin artırılması hələ də gerçəkləşməyib. Yəqin “sosial deputat” , məmur ordusu savaş adamlarının noyabrdan artan qiymətlərə “dözümlü” olacaqlarını “saqqaldan kəsilib bığa yapışdırılan”, yəni “Əmək pensiyaları haqqında”qanunun 19-cu maddəsi ilə doğrulanan əlavələrin kəsilməsi hesabına 1 il qabaqkı təqaüd artımı ilə əsaslandırıblar. 2 il qabaqkı qazi və şəhid ailələrinə tikilən evin bölgüsünün qanunsuzluğuna isə hələ də hüquqi qiymət verilməyib.

Bakı şəhəri , Nizami rayonu, Çobanzadə küçəsində tikilib 2019-cu ilin 24 dekabrında açılışı olan 96 mənzilli yaşayış evindən danışırıq. Düz 2 il qabaq Prezident evin açılışını edib və cəmi beş nəfərə mənzil orderlərini təqdim edib. Qalan 91 nəfərin adı bu günə qədər gizlin saxlanılır. Nə baş prokuror və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsi, nə Hesablama Palatası , nə polis, məhkəmə, Ombudsman mənzilləri gizlin bölən ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin bölücülük, ayrı-seçkilik “xidməti”nə hüquq qiyməti verə bilir. Baş prokurorluğun 161 qaynar xəttinə 2 il qabaqkı zəngin “bəxtinə” 2 il sonra Ombudsmanın işə qarışması sonucunda “gün doğub” və idarənin müstəntiqi Rəşad Məmmədov 09.09.2021-ci ildə 9 ildir növbədə gözləyən, 6 ildir məhkəmə qərarının növbədənkənar mənzillə təminatına hüquq verən 1-ci dərəcəli Qarabağ qazisinin izahatını alıb və. .. hələ də qərarını vermir. Bu yol heç Ombudsman da qərarın alınmasında maraqlı görünmür, 105 gün keçib, hələ də müstəntiqin qərarından soraq yoxdur. Yəqin, bir iki il də çəkər . Hər halda, gedişat belə fikirləşməyə əsas verir. Amma 2 il öncənin bugünkü gününə kimi hər şey qaydasında gedirdi, Milli Məclisin müavini özü zəng edib nazirlə danışmış, nazir də DSMF sədrinə məhkəmə qərarını icra etməyi tapşırmışdı. 17 oktyabr 2019-cu ildə DSMF-dən zəng edən Rövizə Behbudova çağırıb Qarabağ qazisinin Çobanzadə küçəsində tikilən evdən ailə tərkibinə uyğun mənzillə təmin olunmaq barədə ərizəsini almışdı. Fondun sədri Qarabağ qazisini şəxsən qəbul edib, 2 elmi işçisi, üç əlili olan on nəfərlik qazi ailəsinə həmin evdən mənzil ayrılmasına söz və göstəriş vermişdi. Amma sən saydığını say, qanunvericilik hakimiyyətinə, dövlətin adından çıxarılan 20.06.2016 tarixli məhkəmə qərarına, Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamına (sərəncamla 2018-ci ilə kimi mənzil yiyəsi olmaq doğrulanıb ) , ƏƏSM nazirinə, DSMF sədrinə arxalan , gör fondun sosial proqramlar şöbəsinin müdiri, evbölən, daha doğrusu, evyıxan Vüqar Behbudov rüşvəti qanundan , Konstitusiyadan, məhkəmədən, Prezidentdən, nazirdən necə üstün sayır! İndiyədək bu rüşvət, korrupsiya “sayğısına” hüquq qiyməti verilməyib. ƏƏSMN-in müavini Anar Kərimov Hesablama Palatasının sorğusuna cavab olaraq “Nizami rayonunda tikilən evin həmin rayondan mənzil növbəsində olanlar arasında bölüşdürülməsini” bildirib və hələ də bu qanunsuzluğu araşdıran yoxdur ki, mənzillər regional prinsiplə, hansısa məmurun rüşvət qərarı ilə yox, qanunla bölünməlidir. Bəyəm dövlətin adından çıxarılan məhkəmə qərarı , 1-ci dərəcəli əlillərin mənzillə növbədənkənar təminatı hüququ Vüqar Behbudovun mənzil siyahısından aşağıdadır? Düz 2 ildir Vüqar Behbudovun mənzilləri rüşvətlə gizlin bölməsi qərarının dövlətin adından çıxarılan məhkəmə qərarından üstün ola bilməzliyindən şikayətlər sonuc vermir. Əksinə, Vüqar Behbudov özbaşınalığını Qarabağ qazisinin müalicə hüququna qadağa qoymaqla sürdürür. Tənqidə görə təqibi isə Konstitusiya qadağan edir. Medianın inkişafı Agentliyi də qazi-jurnalistin tənqidə görə təqib olunmasına “ona aidiyyatı olmaması” adı ilə hüquq qiyməti verməkdən imtina edir.

2 gün öncə Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimovun elektron qaydada məktubu ilə nə demək istədiyi də bəlli olmur :” … Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli qərarının icra olunmaması ilə bağlı bildiririk ki, Nizami rayonu, Çobanzadə küçəsində tikilən evdən məhkəmə qərarının icrası məqsədilə mənzil tələbiniz yalnız həmin rayonun əlillərinə mənzil ayrılması səbəbilə mümkün olmayıb (?-M.B.) və hal -hazırda Xocasən və s. yerlərdə qazi və şəhid ailələrinə mənzillər təklif edilir” . İldə bir – iki dəfə təkrar olunan bu “baş-ayaq”, “ayaq-baş” cavabdan, bəlkə korrupsiyaya qarşı mübarizə baş idarəsinin müstəntiqi nəsə başa düşər, bu “Xocasən təklifi”ndən hələ ki, Qarabağ qazisinə edilməyib. Bəlkə, Vüqar Behbudov, Rövizə Behbudova, Əminə Seyidzadə, Zaur İbrahimov … mənzilləri yuxuda təklif edirlər? Qarabağ qazilərinin rüşvət məmurlarının “yuxularına girmək hüququ” var bəyəm?"

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt