Əsas Səhifə > Ölkə, Manşet > Ağstafada gənclərin YARATDIĞI PROBLEM...

Ağstafada gənclərin YARATDIĞI PROBLEM...


29-01-2022, 11:43
Ağstafada gənclərin YARATDIĞI PROBLEM...
Sadiq oxucularımız xatırlayarlar, keçən ilin noyabr ayının 5-də qəzetimizin “Deryaz.az” veb-saytında “Ağstafa təhsilində “ya Mədət” deməyənlərin günü qaradır” sərlövhəli məqalə dərc olunmuşdu. Ağstafa Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Mədət Zeynalovun öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə redaksiyamıza daxil olmuş ilginc məlumatlar əsasında hazırlanan həmin məqalədə bildirilirdi ki, şöbə müdiri məktəblərdə korrupsiyaya rəvac verib: vəzifələri, dərs bölgüsünü, dərs saatlarını alver predmetinə çevirib, qohumbazlıq siyasəti yürüdür. Yağlı vədlər verdiyi müəllimləri öyrədib onun şərtlərinə boyun əyməyən məktəb direktorlarının üstünə saldırır, davamlı şikayətlər yazdırır, nəhayət, “ipə-sapa yatmayan” şəxsin vəzifədən kənarlaşdırılmasına nail olur. “Dəryaz” qəzetinin redaksiyasna verilən informasiyada həmçinin qeyd olunurdu ki, Mədət Zeynalov 5 oktyabr – Müəllimlər Günü münasibətilə rayonun təhsil işçilərini təbrik etmə kampaniyasına humanitar liseydə işləyən həyat yoldaşından başlayıb və onun “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması üçün təqdimat yazıb. Amma bu hədiyyə yerli tərəqqipərvər pedaqoji işçiləri narazı salıb. Çünki hədsiz imtiyazlara malik həmin xanımla müqayisədə fəxri ad və mükafatlara daha çox layiq olan təhsil işçiləri də vardır ki, gözləri önündə baş verən bu haqsızlıqla barışmaq məcburiyyətində qalıb mənəvi iztirab keçirirlər. Hərçənd, hiss edirlər ki, məsələyə biganə qalsalar, bu gedişlə Zeynalov öz arvadını gələn il “əməkdar müəllimlər” siyahısına da saldıracaq.

Həmçinin vurğulanırdı ki, Mədət Zeynalov öz katibəsi Afaq Mustafayevanın əri Bayram Mustafayevə 8000 manat rüşvət müqabilində Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsini satıb. BDU-nun Sosial xidmətlər fakültəsinin məzunu Fəridə Mahmudovadan 5000 manat alıb, Ağstafa şəhər 2 saylı orta məktəbə psixoloq vəzifəsinə işə götürüb.

Göründüyü kimi, bütün bu məlumatların fonunda Ağstafa məktəblərindən birinin direktorunun müəllimdən rüşvət istəməsi bir anlama gəlir: Direktor da aldığından RTŞ müdirinə ötürəcək, o da yəqin ki, öz növbəsində rayon rəhbərliyi ilə hesablaşacaq.

Xatırlatmağa dəyər ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ilə təhsil müdiri daşıdıqları vəzifə üçün kifayət qədər gəncdirlər, həmyaşıddırlar. Hər ikisi 2020-ci ildə vəzifədə irəli çəkiliblər, əlbət ki, sözləri tutur. Sonda yada salmağa dəyər ki, S.Orucov adı kağız üzərində olan, faktiki 2015-ci ildən binasız qalan Poylu kənd 2 saylı körpələr evi-uşaq bağçasına müdir vəzifəsinə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsələhətçisi Mehdiyeva Aysel Azad qızını təyin edəndə qınağa tuş gəlmiş, sözügedən təyinat sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı. Belə ki, Poylu kənd sakinlərinin iddiasına görə, icra başçısı olmayan bağçaya müdir təyin etmiş, başqa sözlə, həmin vəzifəni satmışdı.

Mövzunu davam etdirəcəyik

Deryaz.az

Geri qayıt