Əsas Səhifə > Ölkə, Manşet > Astara sakinləri ÇARƏSİZ DURUMDA
Astara sakinləri ÇARƏSİZ DURUMDA16-03-2022, 12:45 |
Son günlər intensiv yağan yağış Astara şəhərində fəsadlar törədib. Şəhərin Nizami adına küçəsində evləri su basıb. Həmin ərazi Xəzər dənizinin kənarında yerləşir. Dəniz səviyyəsindən aşağıdır, ən çökək yer hesab olunur. DİA.AZ-ın məlumatına görə, evini su basan Əbülfəz Həsənov deyir: "Neçə gündür ki, yağış yağır. Suyun axıb getməsi üçün yol yoxdur. Bura çökək olduğu üçün şəhərin bütün suları bura axır. Bu istiqamətdə yüzə yaxın ev var. Yoldaşım və mən əlilik. Ayaqyolumuz, hamam həyətdədir. Hər dəfə həyətə düşəndə uzunboğaz çəkmə geyməli oluruq. Belə iş olarmı?!". Onun evinin altına su dolub. Həyətinin bir hissəsində göl əmələ gəlib. Ə.Həsənovun sözlərinə görə, həyətin səviyyəsini qaldırmaq üçün hər il ora torpaq gətirib səpir: "Boğazımızdan kəsib buraya 50 maşın torpaq tökmüşəm. Hər maşına 50 manat pul vermişəm. Amma su çəkilmir, çünki suyun yolunu kəsiblər". Yaxınlıqdan İrana asfalt yol çəkilib. Yolun dənizə tərəf hissəsində restoranlar, istirahət yerləri, park tikilib. Yolun əks tərəfində hündürmərtəbəli evlər və mehmanxanalar ucalır. Oranı Dubaya da oxşadırlar. Yerli sakinlərin deməsinə görə, bu tikintiləri apararkən heç kim su və çirkab sularının axdığı xətləri fikirləşməyib. Şəhər sakini Vüqar Əliyev orada ekoloji fəlakətin olduğunu deyir: "Evin içi sudur. Qrunt suları ilə çirkab suları qarışıb. Üfunət iyi basır ətrafı. Nəmişlikdən xəstəlik tapırıq. Evlərin hamısında çat var. Evdə yata bilmirik, yorğan nəm olur. Astara şəhərinin mərkəzinə yaxınıq...". Onun əlavə etməsinə görə, kimin pulu var, istədiyini edir: "Şəhərin dənizkənarı hissəsində torpaqların qiyməti qat-qat bahadır. Biz qalmışıq ortada. Onlar torpağı qaldırıblar, biz qaldıra bilmirik. Kasıb adamlarıq". Vüqar Əliyevin anası Tarifə Əliyeva: "Heç vaxt bu vəziyyətə düşməmişik. Arada belə vəziyyət yaranmışdı sovet dövründə. Gəldilər, kanal çəkdilər... Buradan İranla sərhəddə yerləşən Astaraçaya kanal da gedirdi, onu doldurub park etdilər. Hər tərəfi su tutur, evlərimiz adaya oxşayır. Allahın bizə yazığı gəlir ki, sel gəlmir". Astara şəhərin digər sakini Novruz Paşayev isə deyir ki, bəzi binalar kanalın üstündə tikilib. Onun vurğulamasına görə, xətlər dağıdılanda onların ərazisi su altında qalır: "Bu problemi yerli icra orqanına, bələdiyyəyə çatdırmışıq. Prezidentdən tutmuş, aşağı məmurlara qədər rəsmi müraciət etmişik. Sanki gücsüzdürlər. Yağış bir az səngiyib, bəzi yerlərdən su çəkilib. Astara şəhərində kanalizasiya yoxdur, çirkab suları da bura axır. Fəlakətdir. Həyətdə əkin mümkün deyil. İki ildir torpaq əkilmir. Bələdiyyə, şəhər icra nümayəndəsi dəfələrlə gəlib baxıblar". Novruz Paşayevin qonşusu Gülər Nəhmətova söhbətə qoşulur: "Həyətdə əkdiyim meyvə ağacları bu suyun altında qalıb məhv olur. Prokurorluğa, polisə getmişəm. Nəticə yoxdur. Bir qalır məhkəmə. Bayramı yola verəndən sonra məhkəməyə müraciət edəcəyik". Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov da sözügedən ərazidə problemin olduğunu deyir: "Arxitektor, şəhər icra nümayəndəsi, mən özüm də həmin ərazidə olmuşuq. Orada altı ailədir. Fransada yaşayan birinin də orada evi var. Ana kanalı təmizləmək üçün texnika gətirdik. Kanal fərdi həyətlərin arasından keçir. Suyu çəkmək üçün oraya borular da gətirildi. Sakinlər icazə vermədilər, qoymadılar həyətlərinə girməyə. Amma Əbülfəz Həsənovun həyətindən suyu çəkmək üçün iş görüləcək. Yağış imkan vermədi. Bir sahibkar orada obyekt tikib, onu bəhanə edirlər". Müavinin vurğulamasına görə, tikintiyə icazəni Dövlət Şəhərsalma və Arxitektora Komitəsi verir: "Bütün sənədləşmələr orada gedir. O sənədlər əsasında da başçı sərəncam verir. Onlar sənədləri birbaşa reyestrə otuzdururlar. Obyekti tikəndə sənədi bizə verirlər ki, müəyyən edilmiş yerdə obyekt tikiləcək. Sahibkardır, şəxsi həyətidir, icazəsi var, obyekt tikib". A.Mahmudov Astara şəhərində kanalizasiyanın çəkilməsi barəsində isə bunları bildirdi: "Bizdə içməli su xətti çəkildi, qalıb kanalizasiya. Layihə hazırdır. Vəsait ayrılan kimi kanalizasiya xəttinin çəkilişinə başlayacaqlar. Rayon icra hakimiyyəti başçısının diqqətindədir. Yenidən müvafiq orqanlara müraciət olunacaq. Bu işdə maraqlıyıq. Rayonda çoxmənzilli yaşayış binalarının sayı artır. Bu işlərlə "Azərsu" ASC məşğul olur". Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektora Komitəsi və "Azərsu" ASC ilə danışmaq mümkün olmayıb. Astara şəhəri Azərbaycanın şərqə açılan qapısı hesab olunur. Bir çox beynəlxalq layihələr bu ərazidə həyata keçirilir. Şəhərin 20 minə yaxın sakini var. Geri qayıt |