Əsas Səhifə > Ölkə, Manşet > Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ...

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ...


16-05-2022, 10:18
Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ...
Şəkinin Qoxmuq kəndi ümumilikdə kifayət qədər su ilə təmin olunsa da, hazırda kəndin 60-a yaxın təsərrüfatı susuz qalıb. Səbəb isə 2 il əvvəl çəkilən Qoxmuq-Babaratma yoluna asfalt çəkilməsi zamanı su ötürücü borunun çıxarılması, inşaat işlərindən sonra isə yerinə qoyulmamasıdır. dia-az.life-ın məlumatına görə, kənd sakini Nüsrət Cabbarov Sputnik Azərbaycan-a bildirib ki, sözügedən borunun çıxarılması 37 hektar taxıl əkinini, eləcə də tütün və tərəvəz sahələrini susuz qoyub.
"Su kanalımız var və 1000 hektar sahəni suvarmaq gücünə malikdir. Lakin yol çəkiləndə su borusunu çıxararaq kənara qoydular. Sonra da borunu yerinə qaytarmadan yolu asfaltladılar. O qədər su ola, torpağı sulaya bilməyəsən?!", - deyə N.Cabbarov qeyd edib.

Digər kənd sakini Şamil Davudov da deyir ki, suyun olmaması məhsuldarlığı yarıbayarı azaldıb. Onun sözlərinə görə, hər il bəzi kəndlilərin əkin üçün çəkdikləri 500-600 manata yaxın xərc havaya sovrulur.
"Əvvəllər 40 sentnerə qədər məhsul əldə edilən taxıl sahəsindən su olmaması səbəbindən indi heç 20 sentner də götürmək olmur. Tütünçülər, tərəvəzçilər isə su olmadığından sözügedən ərazidə, ən məhsuldar torpaqlarında da əkin əkə bilmirlər. Ötən il mənim sahəmə kombayn girmədi, bu il də problem həll edilməsə, yenə eyni vəziyyət yaranacaq", - deyə Ş.Davudov gileylənib.

Məsələ ilə bağlı Qoxmuq kənd bələdiyyəsindən Sputnik Azərbaycana-a bildirildi ki, sözügedən ərazidə su borusunun olmaması taxılçılıqda məhsuldarlığın aşağı düşməsi ilə yanaşı, tütünçülüyə və tərəvəzçiliyə ciddi mənfi təsir göstərir. Bələdiyyə üzvü Hikmət Cavadov deyir ki, problemin həlli üçün isə əlaqədar təşkilatların icazəsi lazımdır.
"Sözügedən yol 3-4 metr enində adi kənd yoludur. Asfalt örtüyünə dəymədən borunu yerinə qoymağa texnikamız yoxdur. Əgər icazə versələr, səliqə ilə asfaltı kəsərək sonradan bərpa edərik".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə sorğumuza bildirildi ki, kənd sakinləri məsələ ilə bağlı rəsmi qaydada quruma müraciət etməlidirlər. Qurumun əməkdaşları yerində əraziyə baxış keçirdikdən sonra sakinlərin problemi həll edilər.

Geri qayıt