Əsas Səhifə > Ölkə, Manşet > AMEA-da elmi-tədqiqat işlərini şübhəli şirkətlər həyata keçirir
AMEA-da elmi-tədqiqat işlərini şübhəli şirkətlər həyata keçirir11-11-2022, 10:56 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. DİA.AZ-ın qeydinə görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 43 min 500 manat olan tender müsabiqəsinin qalibi “Alfa 99 Corp” MMC (VÖEN- 1505786351) olub. “Alfa 99 Corp” MMC AMEA-nın sifarişi əsasında Elmi-tədqiqat işləri üzrə tədqiqatlar aparacaq. Nizamnamə kapitalı 10 manat olan “Alfa 99 Corp” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Ülvi Şahin oğludur. “Alfa 99 Corp” MMC bu ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Yaxın tarixdə qeydiyyata alınmasına baxmayaraq MMC təkcə son 10 gün ərzində 4 tenderin qalibi olmağı bacarıb. Diqqət çəkən məqamlardan biri də odur ki, “Alfa 99 Corp” MMC-nin qanuni təmsilçisi Cəfərov Ülvi Şahin oğlu eyni tarixdə, eyni ünvanda qeydiyyatdan keçən daha 4 MMC-nin - "ORLONDO 22 CORP", "AZ LAND LT", "GREEN DREAM LT" və "CFR 22 CORP" MMC-lərin qanuni təmsilçisidir. Adları qeyd olunan şirkətlər də qeydiyyata alındıqdan qısa müddət sonra çoxsaylı tender müsabiqələrinin qalibi olub. Məlumdur ki, bu ilin əvvəlində yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil. "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində də malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. Onu da xatırladaq ki, Cəfərov Ülvi Şahin oğlunun rəhbərlik etdiyi şirkətlərlə bağlı bir sıra başqa şübhəli məqamlar da var. Bu MMC-lərin qeydiyyatda olduğu hüquqi ünvanda - Ağa Nemətulla, ev 56, m. 105/135-də bu günə kimi çoxsaylı şirkətlər qeydiyyata alınıb və onlar da çoxsaylı tenderlərdə qalib olublar. Geri qayıt |