Əsas Səhifə > Ölkə, Manşet > Fazil Məmmədovun müavini sahibkara necə problem yaradır...
Fazil Məmmədovun müavini sahibkara necə problem yaradır...7-01-2014, 10:52 |
DİA.AZ: - Şirvan şəhər sakini, 3-cü qrup əmək əlili, «Şirvan» kiçik müəssisəsinin direktoru Dəmirov Qurbanxan Abdulhəsən oğlu özbaşınalıqlardan giley-güzar edir. DİA.AZ bildirir ki, 20 ildən çoxdur yanacaq sektorunda əhaliyə xidmət göstərdiyini bildirən Qurbanxan müəllim «SOCAR Petroleum» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Toğrul Seyidov tərəfindən haqsızlığa məruz qaldığını deyir: «Uzun illərdir ki, yanacaq sektorunda fəaliyyət göstərirəm. Rəhmətlik Heydər Əliyevin vaxtında böyük müəssisə yaratdım. Şirvan şəhərində müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsinin rəhbəriyəm. Bu ilin oktyabr ayında ƏDV sub-uçot hesabı haqqında Vergilər Nazirliyinə iki dəfə müraciət etmişəm. Hər iki müraciətə vergilər nazirinin müavini cənab Sahir Məmmədxanov bir qədər qapalı, yəni ətraflı olmayan şəkildə cavab məktublarını yazıb mənim ünvanıma göndərdi. Bu cavablar məni əsla qane etmir. Hər iki cavab məktubunun surətini həmin müraciətlərimlə birlikdə «Socar Petroleum»a ünvanladım. Qurumun rəhbəri Toğrul Seyidovun diqqətini bu məsələyə yönəltmək istədim. Sub hesabımda 8 min manat vəsait var. Həmin pulla yeni yanacaq məhsulları alıb satışa çıxarmaq istəyirəm. QSC ilə müqaviləm var. Bu müqavilə əsasında cəmiyyətdən dizel, benzin və digər neft məhsulları alıram. Şirvan şəhərində fəaliyyət göstərən «Retro-İnşaat» MMC ilə müqavilə bağlayaraq aldığım yanacağın bir qismini onlara satıram. Həmin MMC malın dəyərini hesabıma sub hesabına ƏDV ilə birgə köçürür. Hesabıma yığılan məbləğdən QSC-nin hesabına növbəti dəfə dizel və benzin almaqdan ötrü pul köçürmək istəyirəm, lakin pulu qəbul etmirlər. Səbəbini soruşduqda isə deyirlər ki, Vergilər Nazirliyinin xüsusi tapşırığı var ki, dizel və benzin yanacağının alınması zamanı sub hesab deyil, yalnız hesabdan pul qəbul edin». Sahibkar deyir ki, heç bir qanunda belə şey yazılmayıb: «Mən bir şeyi anlamıram, bütün sahibkarlıq fəaliyyətim yalnız yanacaq alqı-satqısı üzərində qurulubsa və mən əsasən benzin, dizel alıb-satıramsa, niyə görə sub hesabıma yığılan puldan istifadə edə bilmərəm? Axı bunu etmək qanuna zidd hal kimi qiymətləndirilmir. Vergilər nazirinin müavini cənab Sahir Məmmədxanov müraciətimə cavab göndərdi. Həmin cavabı faks vasitəsilə QSC-nin maliyyə məsələləri üzrə müavini Təvəkkül Heydərova ünvanladım. Və onun qəbulunda oldum. O isə məktubda 4-cü abzasdakı cümlənin açıq və ətraflı şəkildə yazılmadığını bəhanə edərək sub-uçot hesabımdan pulun mal alınmasından ötrü qəbul edilməyəcəyini bildirdi. İndi siz mənə deyin, suni şəkildə dolaşdırılmış vəziyyətdən necə çıxım? Axı necə olur ki, neft məhsullarının, yəni mazut, maşın yağları, maye qaz, propan və sair kimi məhsulların alınmasından ötrü sub hesabdan, depozitdən pul köçürə bilərəm, amma benzin və dizel aldıqda bunu etmək mümkün deyil. Bunun bir rəsmi açıqlaması varmı? Bunu qadağan edən qanun varmı? Bakı-Şirvan arasında qalmışam. Hara müraciət edirəmsə, şikayətimə baxılmır. Tək ümid yerim cənab İlham Əliyevdir. Qəzet vasitəsilə prezidentimizə müraciət edib kömək istəyirəm. Rəhmətlik Heydər Əliyev sağlığında mənə çox şərait yaratmışdı. İnanıram ki, onun layiqli davamçısı olan İlham Əliyev sahibkarlıq fəaliyyətimə olunan müdaxilə ilə bağlı aidiyyəti şəxslərin cəzalanması üçün tədbir görəcək». Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |