Əsas Səhifə > Ölkə, Manşet > “Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbərliyi işçinin haqqını necə yeyir?
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbərliyi işçinin haqqını necə yeyir?16-01-2014, 11:58 |
DİA.AZ: - Redaksiyamıza Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlunun şikayəti daxil olub. DİA.AZ olaraq şikayətçi düşən vətəndaşın problemini diqqətinizə təqdim edirik: “Hörmətli redaksiya! Bildirirəm ki, mən 1990-cı ildə Gədəbəy rayonunda yerləşən “Azəravtoyol” İstehsalat Birliyinin 5 nömrəli Körpü tikinti sahəsində sürücü işləyirdim. 17 avqust 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı və 12 avqust 1992-ci il tarixli 0855296 nömrəli yol vərəqi ilə 95-93 dövlət qeydiyyat nişanlı “KAMAZ” markalı avtomobillə xüsusi hərbi təyinatlı yük gətirmək üçün Ağdam şəhərinə göndərilmişdim. Ağdamdan qayıdarkən idarə etdiyim avtomobil qəzaya uğradı, nəticədə, ayağımdan ağır xəsarət aldım. Sol bud sümüyünün aşağı üçdə birinin qapalı sınığı və sağ diz çanağının sınığı diaqnozu ilə dörd ay Şəmkir Mərkəzi Rayon Xəstəxanasında müalicə olundum. Orada tam sağalmadığım üçün Şəmkir rayonunun Kür qəsəbəsindəki xəstəxanaya köçürüldüm. İki ay burada müalicə olunduqdan sonra evə buraxıldım. Həkimlərin rəyinə görə, sağlamlığımın 60 faizini itirmişdim. “Azəravtoyol” İstehsalat Birliyinin 5 nömrəli Körpü tikinti sahəsinin rəhbərliyi tərəfindən mənə bədbəxt hadisə aktı verildi. 1993-cü ilin aprel ayından 1996-cı ilin dekabr ayına kimi əmək xəsarəti və əmək qabiliyyətimin müvəqqəti itirilməsinə görə orta əmək haqqının 60 faizi məbləğində aylıq ödənc hesablandı və ödənildi. “Azəryolservis” ASC-nin 07 yanvar 1997- ci il tarixli 33 nömrəli əmri ilə mənim əmək münasibətində olduğum və əmək xəsarəti ilə əlaqədar aylıq ödənc aldığım Gədabəy rayon 5 saylı Körpü tikinti sahəsi 01 yanvar 1997-ci il tarixdən Gəncə şəhər 2 saylı Körpü tikinti idarəsinə birləşdirildi. Həmin tarixdən etibarən mənə əmək xəsarəti ilə əlaqədar aylıq ödənclər ödənilmədi. Belə ki, “Gəncə Körpü Tikinti-2” ASC rəhbərliyi aylıq və birdəfəlik ödəncləri müxtəlif bəhanələrlə ödəməkdən imtina etdi. Mən “Gəncə Körpü Tikinti-2” ASC-yə qarşı istehsalatla bağlı əmək xəsarəti nəticəsində əmək qabiliyyətimin itirilməsi ilə əlaqədar aylıq və birdəfəlik ödənişlərin xeyrinə tutulması tələbi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etdim. Hakim Emin Əliyevin icraatında olan mülki işin məhkəməsi 8 ay çəkdi. Uzun süründürməçilikdən sonra iddiam rədd edildi. Həmin qanunsuz qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdim. Eyni zamanda “Gəncə Körpü Tikinti-2” ASC mənə qarşı istehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi tələbi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verdi. Bu səbəbdən də hakim Rəhman Muradov qərara aldı ki, “iş üzrə icraat Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan “Gəncə Körpü Tikinti-2” ASC-nin Məmmədov Məhərrəm Kərim oğluna qarşı istehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi tələbinə dair işin həll edilməsinə qədər dayandırılsın”. Hörmətli redaksiya! Xahiş edirəm, tapdanmış hüquqlarımın bərpa olumasında mənə kömək edəsiniz”. Geri qayıt |