Əsas Səhifə > Ölkə, Manşet > Vasif Talıbovu NİYƏ HƏBS EDƏ BİLMƏDİLƏR...
Vasif Talıbovu NİYƏ HƏBS EDƏ BİLMƏDİLƏR...2-02-2023, 10:56 |
Naxçıvanda Vasif Talıbovun kadrlarının həbsləri davam etdirilir. İranla münasibətlərin gərginləşməsi səbəbindən Naxçıvan mövzusu ictimai və mətbu diqqətdən bir qədər kənarda qalsa da, ölkənin hüquq-mühafizə orqanları öz təmizlik işlərini davam etdirirlər. Belə ki, ən son olaraq, Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov 31 yanvar tarixində həbs edilib. APA-nın əldə etdiyi xəbərə görə, general-mayor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib. Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbayel Rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və Tofiq Həsənov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Beləliklə, Talıbovlar klanının zəiflədilməsi və bu klana aid yüksək rütbəli məmurların həbsi davam etdirilir. Bir müddətdir mediada Naxçıvanın keçmiş daxili işlər naziri general-leytenant Fazil Ələkbərovun həbs olunması ilə bağlı da xəbərlər yayılıb. Onun əvvəlcə Naxçıvanda baş verən qanunsuzluqlar səbəbindən istintaqa cəlb olunduğu, daha sonra isə həbs olunduğu qeyd edilib. Manset.az dəfələrlə Fazil Ələkbərova zəng etsə də, o, telefona cavab verməyib. Daha sonra Manset.az onun bacısı oğlu və ən yaxın adamı sayılan, Naxçıvan MR Şahbuz Rayon Polis şöbəsinin keçmiş rəisi Elnur İsmayılovla əlaqə saxlayıb. O, açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib. “Elə bir məlumat yoxdur. İstintaqa dəvət olunmuşdu, həbs olunmayıb. Mən bu məsələlərə qarışmaq istəmirəm. Onu deyə bilərəm ki, Fazil müəllim evində oturub”. Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudasıdır. F. Ələkbərov eyni zamanda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla da qudadır. Proses daha kimləri əhatə edəcək və DTX Vasif Talıbovun özünü də qandallayacaqmı? DİA.AZ-ın məlumatına görə, bu barədə Naxçıvandakı prosesləri dəqiqliyi ilə bilən ekspert, TNS.az saytının rəhbəri Tural Səfərov “Yeni Müsavat”a deyib ki, general-mayor Tofiq Həsənovun həbsi onun üçün gözlənilməz olmayıb: “Penitensiar Xidmət muxtar respublikada ən çox korrupsiyalaşmış orqan, Tofiq Həsənov da Naxçıvanın ən rüşvətxor məmurlarından biri idi. Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun və onun oğlu Seymur Talıbovun bütün qanunsuz göstərişlərini icra edən Tofiq Həsənov həm də qəddarlığı ilə seçilirdi. O, muxtar respublikadakı cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara dəhşətli işgəncələr verdirib. Vasif Talıbovu tənqid etdiyinə görə qanunsuz şəkildə həbs olunanlara Tofiq Həsənov şəxsən özü işgəncə verib. Bu general muxtar respublikadakı cəzaçəkmə müəssisələrini Vasif Talıbovun şəxsi həbsxanasına çevirmişdi. Tofiq Həsənovun tapşırığı ilə Naxçvanın Böyükdüz kəndi yaxınlığındakı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar xidmət rəisinin həbsxanadan kilometrlərlə aralıda yerləşən plantasiyalarında işlədilib. Tofiq Həsənovun cəzaçəkmə müəssisəsinin yaxınlığında yaratdığı tikinti materialları istehsalı sahəsində də işçi qüvvəsi kimi məhkumlardan istifadə edilib. Beləliklə, o, bütün bu qanunsuz işlər sayəsində Vasif Talıbovun oğlu Seymur Talıbova milyonlar qazandırıb, özü də bundan faydalanıb”. Tural Səfərov deyib ki, Naxçıvan Muxtar Respublikası Pentitensiar Xidmətində işə qəbul edilən 1 nəfər də tapmaq mümkün deyil ki, desin, mən rüşvət vermədən işə götürülmüşəm: “Görünür, müvafiq dövlət orqanları onun qanunsuz əməllərini ifşa edib və Tofiq Həsənov həbs olunub. Mən hesab edirəm ki, Naxçvanda araşdırmalar dərinləşdirildikcə həbslərin sayı da artacaq. O ki qaldı bütün bu işlərin başında dayanan Vasif Talıbova, gəlin açıq danışaq. Vasif Talıbov kimi qaranlıq əlaqələrə malik, milyardlarla dollar pulu olan bir adamın həbs edilməsi də asan məsələ deyil. Necə ki, bu sərvət ondadır, onu müdafiə edən, həbsinə mane olan qüvvələr tapılacaq. Bu sərvəti o, könüllü şəkildə xalqa qaytarmalıdır ki, bunu da yəqin etməz. Bilirik ki, Vasif Talıbovun övladları indiyədək qanunsuz işlərlə məşğul olub, korrupsiya ilə məşğul olan məmurlar göstərişləri onlardan alıblar. Onların həbs edilməsi üçün ciddi əsaslar var. Fikrimcə, hakimiyyət siyasi iradə nümayiş etdirib, Azərbaycan qanunlarına uyğun Vasif Talıbovun övladlarını həbs etsə, o, Azərbaycan dövlətindən və xalqından oğurlayaraq yığdığı sərvəti könüllü şəkildə qaytaracaq. Onun sərvəti kifayət qədər böyük vəsaitdir və həmin vəsaitlə Naxçıvanı bir neçə il dotasiyasız saxlamaq, Qarabağın işğaldan azad edilmiş bir neçə rayonunu qurmaq mümkündür. Bütün oxlar Vasif Talıbovu göstərir. Bizdə olan məlumata görə, həbs edilənlər onun və oğlanlarının adlarını çəkirlər. Hesab edirəm ki, gec-tez Vasif Talıbovun həbsi qaçılmaz olacaq. Naxçıvan hadisələrinin, Vasif Talıbovun istefasının siyasi tərəflərini də nəzərə alsaq, onun həbsinin reallaşacağına ehtimallar artır. Dövlətimiz ədalətli qərar qəbul etməli, Naxçıvana 27 il dağ çəkən, Azərbaycan dövlətinə çox ciddi zərbələr vuran Vasif Talıbov cəzalandırılmalıdır”. Geri qayıt |