Əsas Səhifə > Ölkə, Manşet > «Ziya Məmmədov canımı da alsın, dincəlsin»

«Ziya Məmmədov canımı da alsın, dincəlsin»


17-01-2014, 12:11
«Ziya Məmmədov canımı da alsın, dincəlsin»
DİA.AZ: - Dünən məlum oldu ki, Mərkəzi Bank tərəfindən digər banklara kreditlərin ayrılması ilə bağlı məhdudiyyət tətbiq olunub. Belə ki, yeni qərara əsasən banklar iş yerindən arayış təqdim olunmadan kimsəyə kredit ayırmayacaq. Bunun səbəbit olaraq isə son illərdə banklarla kredit götürən vətəndaşlar arasında problemlərin sayının artması, vəziyyətin vətəndaş etirazları ilə müşaiyət olunması göstərilir.

Bu xəbərdən sonra DİA.AZ-a müraciət edən Bakı şəhər sakini adının çəkilməməsi xahişi ilə maraqlı bir təklifdə bulunub: «Əslində adımın çəkilməməsinin səbəbi hazırda başıma oyunlar açan «Bank of Azerbaijan»ın gücü ilə bağlıdır. Bu bankın arxasında dayanan nəqliyyat naziri Ziya Məmmədov bu gün istədiyini edir. Mən isə imkansız bir adamam və nazirin bankının başıma açdığı oyunlar qarşısında belə aciz qalıramsa, o zaman daha da irəli gedəcəyim təqdirdə, çox pis nəticələrin ola biləcəyini təxmin edirəm. Odur ki, sizdən adımın çəkilməməsini xahiş edirəm».

Bakı sakini bildirir ki, «Bank of Azerbaijan»dan illər əvvəl kredit götürərək maşın alıb: «Təsəvvür edin, həmin kreditə götürülən vəsaiti ödəsəm də, aradakı faizləri özlərinin absurd dəbbələri ilə o qədər şişirtdilər ki, nəhayətdə maşınım əlimdən çıxdı. Maşınımı bankla ədliyyə nazirliyinin fırıldaqçı hərrac maxinatorları dərhal satdılar. Və özü də ucuz qiymətə.

İndi elə bir vəziyyət yetişdiriblər ki, şişirtmə faizləri ilə mənim bu gün banka bankdan götürdüyüm həcmdə borcum YARANIB. Bu rəsmən biabırçılıqdır. Həm maşınımı alıblar, həm maşınım üçün götürdüyüm kreditə görə ödədiyim pullar qeybə çəkilib, həm də maşını alarkən ödədiyim ilkin ödəniş də batıb. Və banka ilk gündən götürdüyüm kreditin həcmi qədərində, yəni 5000 manat həcmində borc yazıblar. Halbuki həmin krediti götürərkən əlimə yazılan pulun yalnız 4000 manatı verilmişdi. 1000 manat da şapka».

Vətəndaş bildirir ki, «Bank of Baku»ya iki il durmadan 27 faizlə kredit borcu ödəyib: «İndi iş məhkəmədədir yenə də. Məhkəmə icraçıları iki gündən bir hədələyir. Gəlib canımı alsınlar. Axırda mən də Zaur Həsənov kimi özümü yandıracam. Qoy Ziya Məmmədov sevinsin. Əgər yollardan, nazirlikdən oğurladığı pullar ona azlıq edirsə, mənim canımı da alsın, dincəlsin».

Vətəndaş bildirir ki, Mərkəzi Bank bu gün kreditlərlə bağlı banklara məhdudiyyət qoymaqdansa, kredit faizlərini aşağı salma yolunda addım atsaydı, daha yaxşı iş görmüş olardı: «Bu barədə Milli Məclisdə də fikirlər səsləndi. Amma üstünə getmədilər. Çünki alınmayacaqdı da. Ona görə ki, bütün bankların arxasında bir məmur dayanır. Və onlar imkan verməz ki, kreditin faizləri aşağı salınsın.

Bunda heç Mərkəzi Bank da maraqlı görünmür. Halbuki iş yerindən arayış tələbinin əvəzinə, faizlərin aşağı salınması tələbi qoyulsaydı, problemlər dərhal aradan qalxardı. Çünki realda bu gün vətəndaşların banklara borcu yoxdur. Vətəndaşlar ancaq bankların şişirtmə faizlərinin əlində aciz qalıblar».

DİA.AZ-dan qeyd: Qarşı tərəfi də dinləməyə hazırıq. Və əgər adıçəkilən bank problemin həllinə maraq göstərərsə, vətəndaşın kimliyi barədə məlumatları diqqətlərinə təqdim edə bilərik.

Geri qayıt