Əsas Səhifə > Ölkə, Manşet > Əlahiddə Ümumqoşun Ordusu iş adamının texnikalarına əl qoyub?

Əlahiddə Ümumqoşun Ordusu iş adamının texnikalarına əl qoyub?


10-03-2023, 10:56
Əlahiddə Ümumqoşun Ordusu iş adamının texnikalarına əl qoyub?
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu mənim texnikalarıma qanunsuz olaraq əl qoyub və geri qaytarmaq istəmir.

Ovqat.com-a bu barədə “Aztrans Car” MMC-nin təsisçisi Rabil Şahmarov məlumat verib.

İş adamının iddiasına görə, 02 mart 2020-ci ildə “A-Construction LTD” MMC şirkəti ilə icarə müqaviləsi bağlayıb, özlərinə məxsus bəzi texnikaları onların istifadəsinə verib. Bağlanan müqaviləyə əsasən, “A-Construction LTD” MMC şirkətinin Naxçıvandakı N saylı hərbi hissədə işləri tamamlandıqdan sonra texnikalar geri qaytarılmalı idi. İşlər 2022-ci ilin sentyabr ayında bitib. Daha doğrusu, eşitdiyimizə görə, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb. Görünür, Nazirlər Kabineti bu obyektdə hansısa qanunsuzluqlardan şübhələnib və bu şübhələri araşdırmaq qərarına gəlib. Beləcə, Əlahiddə Ordunun tikinti işləri müvəqqəti təxirə salınıb.

Maraqlıdır ki, Nazirlər Kabinetinin bu qərarından sonra icraçı şirkət özünəməxsus bütün texnikaları həmin obyektdən çıxarıb. Əlahiddə Ümumqoşun Ordusunun rəhbərliyi yalnız icarəyəverən şirkətin texnikalarının çıxarılmasına icazə vermir. Səbəbini isə icraçı şirkətin hansısa öhdəlik borcunu yerinə yetirməməsi ilə əlaqələndirir. Halbuki, texnikanın sahibi olan şirkətin Əlahiddə Ümumqoşun Ordusu ilə hər hansı müqaviləsi yoxdur və həmin obyektdə hər hansı iş aparmayıb. Şirkət sadəcə texnikalarını bir başqa şirkətə icarəyə verib və məntiqlə işin tamamlanıb-tamamlanmaması onun məsuliyyətinə daxil deyil.

İş adamının bizə təqdim etdiyi sənədlər də bu iddiaları təsdiqləyir. İcraçı şirkətlə icarəyəverən arasında hətta texnikaların təhvil-təsliminə dair akt da imzalanıb. Bu sənəddən belə aydın olur ki, texnikalar rəsmi şəkildə öz sahibinə qaytarılıb. Reallıqda isə həmin texnikalar Əlahiddə ordunun N saylı hissəsində “ağzı günə”, sahibini gözləyir.

Rabil Şahmarov Əlahiddə Ümumqoşun Ordusunun heç bir qanunla və məntiqlə izahı mümkün olmayan bu “atamanlığını” ordunun qərargan rəisi general-mayor Fazil Ağalarovun icraçı şirkətin sahibi ilə qaranlıq əlaqələri ilə izah edir. Onun fikrincə, icraçı şirkətin sahibi ilə Fazil Ağalarov yaxın dostdurlar. Fazil paşa da məhz bu səbəbdən “Aztrans Car” MMC-in texnikalarına öz dostunun nəfinə əl qoymağa çalışır. Hətta iddialara inansaq, A-“Construction LTD” MMC şirkətinin həqiqi sahibi əslində Fazil Ağalarovun özüdür. Fazil paşa bir növ başqasının texnikasını mənimsəyib öz təsərrüfatına qatmaq istəyir.

Doğrusu, iş adamının iddialarına inanmadıq. Axı, icrədar ilə icarəyəverən şirkət arasında hansısa bir problem varsa, bunun Əlahiddə Ümumqoşun Ordusuna nə dəxli var? Ordu niyə özünə nüfuz gətirməyən belə xırda məsələlərə müdaxilə etməlidir? Bunun üçün Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlar var və iş adamları arasında çıxan mübahisələrə ancaq bu orqanlar aydınlıq gətirə bilər. Ölkəmiz ibtidai icma quruluşundan quldarlığa keçid mərhələsində deyil ki, bugünkü ordunu təmsil edən ovçular istədiyi mülkü ələ keçirib öz təsərrüfatlarını genişləndirə bilə.

Qısası, generala böhtan atıldığını fikirləşib faktı dəqiqləşdirmək üçün Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi Fazil Ağalarovun özünə zəng etdik. Fazil paşa adımızı eşidən kimi, səsinin tonunu dəyişdirdi. Bizə xatırlatdı ki, o, mətbuat katibi deyil və belə suallara cavab vermir. Biz də onunla razılaşdıq və müfaviq qurumun mətbuat xidmətinin telefonunu axtarmağa başladıq. Qısa müddətdən sonra Fazil paşanın Nizami adlı köməkçisi bizə zəng etdi. Maraqlandığımız mövzunun hərbi sirr olduğunu (?!) bildirdi və belə mövzuları işıqlandırmamağı məsləhət gördü. Doğrusu, hansısa şirkətin texnikasının mənimsənilməsi faktının hərbi sirrə nə dəxli olduğunu anlamasaq da, üstünü vurmadıq. Bu vurdumduymaqlıq, təbii ki, bizim Ordumuza və onun generalitetinə olan sayğımızdan irəli gəlirdi. Biz də bu cür qanunsuz fəaliyyətlərin ictimailəşdirilməsinin Ordumuzun nüfuzuna xələl gətirdiyini düşündüyümüzdən əslində bu yazını qələmə almaq istəmirdik. Məqsədimiz bir şikayətçinin probleminin həll olunması, anlaşılmazlıqların “sülh şəraitində” çözülməsi idi. Və bir də təbii ki, ordu generalının belə cılız məsələlərdə adının hallanmasının qarşısını almaq, iş adamına verilmiş yanlış informasiyanı üzə çıxarmaq idi.

“Yaxşı, tutalım, mən “hərbi sirr” olduğunu nəzərə alıb bu barədə heç nə yazmadım. Bəs, iş adamının pozulmuş hüquqları, mənimsənilmiş texnikaları necə olacaq?”, sualımıza qarşı tərəfdən konstruktiv təklif gəldi: “Heydər bəy, siz Naxçıvanı düşünən adamsınız. Sizə şikayət edən şirkətin bizim qarşımızda öhdəlik borcu var. Bizimlə iş adamının arasında vasitəçi olun, şirkət öz öhdəliyini yerinə yetirsin”.

Sözün düzü, bu cür məsələlərdə vasitəçilik etmək mənim boyumu aşsa da, Ordu generallarımızın nüfuzu və Naxçıvanın müdafiəsi naminə təkliflə razılaşdım. Əlahiddə Ordu rəhbərliyinin bu təklifini iş adamına çatdırdım. Daha sonra isə eşitdim ki, Fazil paşanın bir başqa köməkçisi iş adamına zəng edib məsələni mətbuata daşıdığına görə ona iradını bildirib. Deyib ki, “ağzından horra tökülən” jurnalistə niyə müraciət edibsən? Zəhmət çək, Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəflinin hüzurlarına buyur, problemini ona çatdır.

Açığını deyim, Ordu generalına bu qədər sayğıma rəğmən, Fazil paşanın sözçüsünün barəmdə işlətdiyi kəlmələri eşidəndə ürəyim bulansa da, ona haqq verdim. İnsafən, haqsız deyildi. Prezident, Fuad Nəcəflini boş yerə oraya göndərməyib ki. Hər halda Fuad müəllimin Azər Zeynalovu yanına alıb “xan”dan qalan korrupsioner komandanın üzvləri ilə tanış olmaqdan daha ümdə vəzifələri var. Amma nə yazıq ki, Azər Zeynalov kimi adamlar onun ətrafında keçilməz sədlər quraraq həqiqətləri görmək imkanı vermirlər. Biz də alternativ həqiqləri Fuad müəllimə çatdırmaq üçün əlimizi mürəkkəbə bulaşdırıb bu kiçik giriş yazısını qələmə aldıq. İnşallah, mövzu ilə əlaqədar Naxçıvandan gələn xəbərləri təqib edəcək və təfsilatı ilə oxucularımıza çatdıracağıq.

Heydər Oğuz,
Oqvat.com

Geri qayıt